Qadin.NET / Zövqün fizikası-"Aydınlanma səyahəti"

Zövqün fizikası-"Aydınlanma səyahəti"

Zövqün fizikası-"Aydınlanma səyahəti"

Məlum olduğu kimi, bugünlərdə Ceylan Mumoğlunun "Aydınlanma səyahəti" kitabı işıq üzü görüb. Kitabdakı ön sözü oxucularımıza təqdim edirik.
Kitablar həmişə hansısa gözləntini qarşılamalıdır. Hələ bu, elmi ədəbiyyat və ya müxtəlif elmlərdən tərtib olunmuş məqsədli xronikadırsa, onda oxucu təfəkküründən ən azı bir addım öndə olmalıdır. Əsasən, publisistikanın XXI əsr araşdırmaçılıq ənənəsi indi ədəbiyyata da sirayət etməkdədir. Bu gün dünyada müxtəlif mövzulu araşdırma kitablarının milyonlarca oxucusu var. Bədii ədəbiyyat həvəskarı olmayanların bu tip kitablara bəslədiyi maraq anlaşılandır. Əgər məqsəd şəxsiyyətin formalaşmasına yönəlibsə, bura müxtəlif istisnaları yerləşdirmək olar. Əsas odur ki, mövzunun oxucu üzərindəki təsir gücü aktual olsun.
Ortada bir mətn varsa, mütləq oxucusuna yetişməlidir. Bu, reseptdənkənar istənilən hissin də qatılaraq bişirildiyi dadlı yeməyin süfrəyə gətirilməsi və onun eyni qayğı və ağız dadıyla yeyilməsinə bənzəyir. Hər kəs yaxşı bişirə bilmədiyi kimi, hər kəs də yaxşı yeyə bilmir. Bu tərsmütənasibliyə heç kəs zəmanət verə bilməz, çünki diqqətlə baxsaq, ortada yalnız aşpaz, yemək və yeyən yox, daha onlarca predmet və münasibət var. Bütün bunların ideal zəncirvari quruluşu bir gizli və təməl prinsipə - zövqə xidmət etməlidir. Bəli, bu prosesin qalibi məhz ən böyük zövqü alandır.
Nədənsə mənə elə gəlir ki, hər oxucu mətnə həmişə daxil ola, daha doğrusu, doğmalaşa bilmir. Bunun bütün mümkün səbəbi heç də mətnə və ya ümumilikdə ədəbiyyata fayda gətirmir. Lakin prosesdə daha bir iştirakçı var ki, mətnin düzgün “yoğrulmasına” aldığı zövqün də dadını qatmağa cavabdehdir: bu redaktordur. O, təkcə oxucu deyil, eyni zamanda, nəyi necə oxuyacağını təyin etməyə haqq sahibidir. 

Redaktorun “ən yaxşı oxucu” olmasının məsuliyyəti yalnız texniki savadıyla məhdudlaşmır, ondan daha bir bacarıq tələb olunur – mətnin ruhuna kifayət qədər yaxın düşmək. Mənim düşüncəmə görə, “ən yaxşı redaktor” mətnin ruhu ilə görüşə bilən insandır.

Zövqün fizikası-"Aydınlanma səyahəti"

Oxuyacağınız bu kitabın redaktə mərhələsində heç dəxli olmayan şəraitdə “Mörfi qanunları” ilə mücadilə edirdim. Həyati təcrübəmdən bilirəm ki, nə vaxt bu qanunların burulğanına düşürəmsə, deməli, qarşıda mükafatlanacağım böyük zövq məni gözləyir. Nə qədər qəribə olsa da, bu nəticəni heç nə dəyişə bilmir, bunun təyini riski elə “Mörfi qanunları”nın mistik həllindən çox da fərqlənmir.
 Gözləntimin riyazi ekvivalentini təklif etməli olsam, bu “2x2” yox, daha çox “1x1” kimi alınar; vahidlərlə oynayıb vahid nəticəyə yetişmək. Ona görə də redaktə prosesindəki hallarım sizə ənənəvi görünməyə bilər. Bəzən fikirlər burulğanı arasında tamaşaçıya çevrilib bir-birini izləyən hissi, riyazi, fəlsəfi və psixoloji çəkişmələri qarşılamalı olurdum. Bəzən fəlsəfə bölməsinin tarixi qəhrəmanları məni onlarla ilk görüşlərimə, əsasən, tələbəlik dövrümün xatirələrinə aparırdı. Bəzən mürəkkəb cümlələr arasında sabit dayanmış bir sadə cümlə qarşısında dəqiqələrcə durub düşünürdüm. Sanki, həmin mürəkkəb cümlələr öz ağır yüklərini o sadə cümlədən qabaqkı boşluq işarəsində yerə qoyub estafeti sadə həqiqətə verirdilər. “Hər şeyə yenidən başlamaq mümkündür”.

Zövqün fizikası-"Aydınlanma səyahəti"

Tom Tikverin “Qaç, Lola, “qaç” filmində təklif edilən finalları incələyərək yeni başlanğıclarda hadisənin bütün predmetlərinə ayrı cür yanaşmaq ideyası təkcə mimesis problemi deyil, həm də həyati təcrübələrə əsaslanır. Həyatımızda təkrarlanan oxşar hadisələr bizi ötən fabulalara baxmağa sövq edir. Onları nə qədər diqqətlə izləsək, arxamızca bir o qədər az yanlışlıqlar buraxarıq. Qeyd etdiyim cümlənin ən iddialı və mübahisəli cəhəti sonuncu kəlməsindədir; mümkündür. Həqiqətən də bu, həmişə mümkün olurmu? Hər şeyə yenidən başlaya bilməyin mümkünlük riskini nə təyin edir? Və ya bütün finallar öz başlanğıcına tabedirmi?
Baxın, bunlar məlum cümlə qarşısında beynimdən axıb keçən yüzlərcə fikirlər panoramasından tilovuma düşənlər idi. Buna daha sadə və ya əksinə, daha mürəkkəb yanaşa bilərdim, lakin sizcə, görünən dağa bələdçi lazımdırmı?

Ən effektiv motivasiya insana doğma gələn, dünyagörüşünə uyğun olub təsir edən fikirlərdir. Heç bir yazıçının missiyasının “motivasiya anbarı” olduğunu hesab etmirəm. Mənim gözləntim fikirlərdəndir; o, ya beynim və həyatım üçün inqilabi olmalıdır, ya da heç nə. Dünənki inqilabımın bugünkü təsiri sabaha keçməyə bilər, amma əminəm ki, sabah məni yeni inqilab gözləyir. Bu əmniyyətim, həm də o fikirlərlə görüşəcəyimə vəsilədir və bu, hamı üçün keçərlidir. “Ümid” adlandırdığımız da elə bundan ibarətdir.
Mətnin ruhunun, hətta, durğu işarələrində görünməsi metafizik anlayışdır. Bəs bunu hiss edən hansı fizikanın ətrafındadır? Burda mən sadə söz birləşməsiylə kifayətlənərdim: zövqün fizikası. Yalnız mətndəki bütün hərf və durğu işarələrini sökdüyümüz zaman zövqün fizikasını tərtib etməyə nail olarıq, lap mandala kimi. Ümidvaram, yanılmamışam və bu kitabdan aldığım zövqü məlum prosesə itirdiyim zamana dəyişmərəm.
Bu kitab barəsində heç bir proqnozum yoxdur, gümanım bunadır ki, bu mətn öz-özünü doğurmaq gücündədir. Lakin zəruri bir qeydim var: bu kitab kimin üçünsə Trumanın şousunda onlarca saxtalıq arasındakı bir həqiqi həyat təsiri yarada bilər. Odur ki, “Sabahınız xeyir, gecəniz xeyrə qalsın!”.

Xoş mütaliələr!

Səbuhi Şahmursoy

2 avqust 2016
GO BACK