Uşaqlığını Əlcəzairdə keçirən Albert Kamyu (Albert Camus) 1913–cü ildə Mondovi qəsəbəsində anadan olmuşdur. Olduqca keşməkeşli uşaqlığı olmuşdur (Vərəm xəstəliyi, atasını ölümü, siyasi işlərə baş qoşması, təhsilinin yarımçıq qalması və s). Nihilizmin absurd anlayışının əsasını qoymasa da, onun inkişafı və yayılmasında olduqca böyük rol oynamışdır. Marksizim–Leninizmə olduqca böyük həvəs göstərmiş və futbolla məşğul olaraq qapıçılıq etmişdir. Dünyada Redyard Kiplinqdən sonra Nobel mükafatını alan ən gənc yazıçıdır.
Kamyu deyincə ədəbiyyat sahəsində ilk ağlagələn onun 1942-ci ildə nəşr olunan “Yad” əsəridir. Mövzusu çox sadədir. Əhvalatdakı hər şey çox qısa zamanda baş verir. Əlcəzairdə təsadüf nəticəsində bir ərəbi öldürən orta təbəqədən olan bir fransız özünü addım-addım ölümə aparan müddəti laqeyd şəkildə izləyir. Roman boyu başqalarının adı xatırlandığı halda əsərin baş qəhrəmanının adını belə öyrənə bilmirik.
Yad... Kimdir yad? Bizim kimi olmayanlar? Bizim kimi düşünməyənlər? Bizim kimi geyinib, yeyib içməyənlər? Oxşar xüsusiyyətlər hər zaman insanları birləşdirir, nəticədə, qruplar yaranır. Cəmiyyət də belədir. Cəmiyyətin başında duranlar isə standartdan fərqlənənləri uzaqlaşdırmaq istəyirlər. İnsanların oxşar xüsusiyyətlərinin çox vaciblik təşkil edən dünyada yaşayırıq.
Povest cəmiyyətdə yaşaya-yaşaya o cəmiyyətə yadlaşmış birisinin həyatını təsvir edir. Həyatının bütün məqamlarıyla bizə yad insanın hansı hisslər keçirdiyini göstərməyə çalışır. Bir insanda insanlığın bütün xüsusiyyətləri var. Sadəcə nisbətləri müxtəlifdir. Olur ki, insan bəzən özünü çox tənha hiss edir. Çox şeyə məna verə bilmir (Şəxsən məndə bu hallar tez-tez olur). Olur ki, insan özünü çox fərqli hiss edir, bir-birinə oxşayan standart insanlara və onların həyat tərzlərinə gülür. Olur ki, insan bəzən çox peşmançılıq hissi keçirdir, kaş ki, geriyə qayıdıb daha başqa cür yaşaya bilsəydim, deyir. Olur ki, insan yaşadığı cəmiyyətin, dünyanın ədalətini, dəyərlərini, azadlığını, inancını “sorğulayır ”. Olur ki...
Əsərin baş qəhrəmanı həyata məna verə bilməyən, sevməklə sevməməyi, ölümlə yaşamağı bir birinə bərabər tutan birisidir (çox güman ki, bu, onun özüdür–şəxsi fikrimdir). Az dostu olan, sevgilisinə səni sevirəm deməyi bacarmayan (bunu mənasız görən), anasının ölümünə kədərlənməyən, hər şeyə öyrəşmək olar fikrini öz həyat fəlsəfəsi edən və bu dünyanın bizə təqdim edə biləcəyi şəffaflıq və mənanın olmadığını müdafiə edən bir insanla qarşı-qarşıyayıq. Bu insan ətrafına, hisslərə, gözləntilərə və ən əsası öz-özünə özgələşmişdir, yadlaşmışdır. Absurd fəlsəfəsi ona hökmranlıq edir. Dostu Raymonda qarşı təhlükə törədən və Raymondun keçmiş məşuqəsinin qardaşı olan bir ərəbi öldürməklə Cənab Mersonun (bu onun soyadıdır) məhkəməsi başlayır.
Burada biz iki məhkəmə görürük. Bir tərəfdə olduqca stereotipli cəmiyyətin onun üçün qəti əhəmiyyəti olmayan dəyərləri ona qarşı istifadə edərək onun mühakimə edən məhkəmə. Digər tərəfdə isə Mersonun öz–özünə qarşı olan (tam olaraq məhkəmə deməzdim), sanki bəzi şeyləri başa düşmək mənasını ifadə edən oyanış. Sanki ölmədən öncə ölür Cənab Merso. Hər şeyi bir daha xatırlayır və başqa cür düşünə və yanaşa biləcəyini qəbul edir (əslində ikisinin arasında qalır). Buna baxmayaraq artıq gecdir. Çünki onun üçün artıq edam qərarı verilib.
Povestin digər maraqlı hissəsi onun dəfələrlə keşişdən imtina etməsi və sonra onunla olan söhbətidir.
Verilmək istənən mesaj: Həyatın avtomatlaşmış təkdüzən mühitində robotlaşmış insan ölümü rahatlıqla qəbul edir. Əsas olan mənadır, amma nə yazıçının özü, nə də əsərin qəhrəmanı bunu tapa bilmir. İnsanoğlu bunu min illərdir axtarır. Bu əzabdan qurtulmaq üçün, məncə, biz Allaha sığınmalı və ona inanmalıyıq. Ətrafımızdakı gözəllikləri görmək, sevdiklərimizin sevgisini başa düşmək heç də hamıya nəsib olmur.
Bir neçə saatda oxuya biləcəyiniz amma bir neçə gün düşünəcəyiniz bir kitab.
İbrahim Niftiyev