Qadin.NET / Əminə Pakrəvan "Abbas Mirzə və Azərbaycan"

Əminə Pakrəvan "Abbas Mirzə və Azərbaycan"

Annotasiya

"Abbas Mirzə və Azərbaycan" adlı bu kitab görkəmli Azərbaycan sərkərdəsi, Qacarlı şahzadə Abbas Mirzənin həyatı  və mübarizəsi haqqındadır. XIX əsrin əvvəllərində İran-Rus müharibələrinin nəticəsi olaraq Azərbaycanın ikiyə parçalanması, Gülüstan sülh müqaviləsinə gətirən hadisələr elmi qaynaqlara əsaslanaraq geniş şəkildə bu monoqrafiyada öz əksini tapıb. Günümüzün bir çox suallarına cavab verən bu qiymətli  əsər Azərbaycan dilində ilk dəfədir nəşr olunur. Kitabın geniş oxucu kütləsinin marağına səbəb olacağı şübhəsizdir.

Önsöz

Belə maraqlı kitabı dilimizə tərcümə edib günümüzdə kitab mağazalarında, kitab satılan yerlərdə görünməsini təmin edən Güntay Gəncalpa təşəkkür edirəm. Güntay bəyin iki kitabını ("Yağız qarışqalar və Səfəvilər") oxumuşam və "Abbas Mirzə və Azərbaycan" kitabıyla da ilk çevirisini oxumuş oldum. Güntay bəy “qaranlıqları aydınlatma” missiyasını yerinə yetirməyə davam etməkdədir.

Kitabın dili (yazılış üslubu)

Kitabın dili elədir ki, qısa müddət ərzində rahat və sıxılmadan oxuyub bitirmək olur. Doğrudur, oxucu bir çox şəxslərin adlarını yorucu və yadda qalan olmadığını görəcək. Bəzilərini orta məktəbdən tanıyır, bəzilərini yeni öyrənib, yadda saxladım. Bəziləri isə belə bir əhəmiyyət kəsb etmədiyindən onların üzərində diqqətimi toplamadım. Kitabın formatı, tarixi faktlar və roman üslubundadır.

Kitabla əlaqədar suallar

Kitabın yazılmasında məqsəd nədir? Kitab nə dərəcədə obyektivdir? Nə dərəcədə əhəmiyyətlidir? Nə dərəcədə faydalıdır? Oxuyarkən nələrə diqqət etməliyik? Yazar məqsədinə çatmışmıdır?

Kitabın tərcüməsini edən Güntay müəllimin də dediyi kimi, kitabın məqsədi, fars şovinistlərinin görkəmli Azərbaycan şəxsiyyətlərini, tarixini, öz tarixləri kimi qələmə vermək cəhdinə cavabdır. Elə bu zaman ikinci suala da cavab vermək zərurəti yaranır (Kitab nə dərəcədə obyektivdir?). Əsərin obyektivliyi onun istinad etdiyi qaynaqlara görə ölçülür. Əlbəttə, mən tarixçi deyiləm, amma araşdırmalarım göstərdi ki, istinad olunan qaynaqlar ən tanınmış və güvənilir qaynaqlardır.

Əsər yazılarkən Cahangir Mirzə, “Tarix-e no (Yeni tarix)”, Tehran, 1327 Hicri Qəməri, Nəfisi (Səid), “Tarix-e siyasi və ectemaiye İran” (İranın siyasi və ictimai tarixi), Tehran, 1335 Şəmsi, Watson (Robert grant), A History of Persia, London, 1866., Malcolm (Sir John), History of Persia, London, 1829., Brosset (Marie-Felicite), Histoire de la Georgie, Paris, 1849., Ker Porter (Sir Robert), Travels in Georgia, Persia. Etc. London, 1821. və s. kimi çox məşhur və güvənli qaynaqlardan istifadə edilmişdir. Belə ki, bu kitabların müəllifləri həmin dövrdə bilavasitə hadisələrin içlərində olmuş və müşahidələrini qələmə almışlar. Qaynaqların etibarlılığını nəzərə alaraq əsərin əhəmiyyəti və faydasına aid də fikir söyləmək mümkündür.

Kitabı oxuyarkən biz bu günün mənzərəsinin necə əmələ gəldiyini addım-addım görürük. Gülüstan və Türkmənçay müqavilələri və Abbas Mirzə şəxsiyyətinin mübarizəsi, Rusiya və Qacarların münasibətindən əmələ gələn müasir Azərbaycan coğrafiyası yaxşı təsvir edilib. Əlbəttə, müqavilələrin xırdalıqlarının çatdırılması məqsəd deyildi, ona görə də diqqət Abbas Mirzə və onun bu proseslərdəki iştirakıdır. 

Eyni zamanda biz Azərbaycanın Abbas Mirzə üçün necə bir əhəmiyyət kəsb etdiyini və onun bölgə insanlarının rifahı üçün nələr etdiyini görürük. 

Yazıçı məqsədinə çatmışmıdır? Yazıçı xarici və yerli qaynaqların Abbas Mirzə şəxsiyyətiylə əlaqədar verdiyi məlumatları bir az zənginləşdirərək bizə çatdırmışdır. Məncə, yazıçı məqsədinə çatmış və beləcə də, bizlərə də bir çox vacib məlumatları vermişdir.

İbrahim Niftiyev 

23 iyun 2015
GO BACK