Qadin.NET / A.Kristi "Mavi kuzənin sirri" - 2

A.Kristi "Mavi kuzənin sirri" - 2

 

A.Kristi "Mavi kuzənin sirri" - 2

 

Səkkizə iyirmi beş dəqiqə işləyib. Uzaqdan qadın səsinin əks-sədası gəlib ona çatdı. Sözləri ayırd eləmək çətin idi, ancaq Cek qəti əmin oldu ki, bu onun əvvəl eşitdiyi həmin səsdir, özü də səs yenə həmin yerdən, hardansa kottecin yaxınlığından gəlir. Bu Ceki bir az sakitləşdirdi. Doğrudan, kimsə onunla zarafat da edə bilərdi. Ola bilsin ki, onunla zarafat edən elə qızın özüdür. O, qamətini düzəltdi və çantasından qolf çubuğunu çıxartdı.

Kottecə getməzdən əvvəl bir az qolf oynamaq istədi. Qız həmişəki kimi bağçada idi; o, başını qaldırıb Cekə baxdı. Cek papağını çıxarıb, onunla salamlaşdıqda, qız utana-utana salamı aldı. Bu gün qız həmişəkindən daha gözəl görünürdü.

Cek sevincək dedi:

- Gözəl havadır, elə deyilmi?

Amma söhbətə çeynənmiş sözlərlə başladığı üçün özünə acığı tutdu.

- Bəli, hava doğurdan da, çox gözəldir.

- Yəqin ki, güllər üçün məhz belə hava yaxşıdır?

- Təəssüf ki, yox! Mənim güllərimə yağış lazımdır. Bir baxın, hamısı saralıb-solub.

Qız ona işarə etdi ki, yaxına gəlsin. Cek bağçanı düzənlikdən ayıran alçaq çəpərə yaxınlaşdı və içəri boylandı:

- Güllər qaydasındadır, solmayıb,- dedi.

Qızın baxışından hiss edilirdi ki, Cekə yazığı gəlir. O dedi:

- Belə günəşli havada gərək gülləri tez-tez sulayasan. Günəş hər şeyə həyat verir, insanın səhhəti üçün də çox xeyirlidir... Görürəm ki, cənab bu gün özünü əla hiss edir.

Hiss olunurdu ki, qız ona ürək-dirək verir. Bu, Ceki hövsələdən çıxarırdı. O öz-özünə: “ Lənət şeytana,- dedi,- bu qız mənə təskinlik verir, nədir?”

Cek əsəbi halda:

- Mən tamamilə sağlamam.

- Lap yaxşı,- deyə qız tez onu sakitləşdirdi.

Cek qızın ona inanmadığını sezib bərk əsəbləşdi. O, bir az da qolf oynayıb səhər yeməyi üçün evə qayıtdı. Artıq bir neçə dəfə idi ki, nahar zamanı qonşu stolun arxasında əyləşən ortayaşlı kişinin onu diqqətlə müşahidə etdiyini sezmişdi.

Üzündən cəsur və iradəli adam olması duyulurdu. Azca qara saqqalı vardı. Sərbəst və ağır davranışı onun ziyalı olduğunu göstərirdi. Cek bircə onu bilirdi ki, kişinin adı Lavinqtondur, deyilənə görə, guya məşhur həkimdir. Əgər Cek Harli Stritdə olsaydı, bəlkə də onu tanıyardı. Hər halda, o, Lavinqton haqda heç nə bilmirdi.

Bu səhər isə Lavinqton Cekə xüsusi bir maraqla baxırdı. Cek təşvişə düşdü. Bəlkə, onun ürəyindən keçənlər üzündən bilinir? Bəlkə də bu adam bir mütəxəssiz kimi onun beynində nəsə bir çaşqınlıq olduğunu hiss edib?

Ceki soyuq tər basdı. Doğrudanmı o, dəli olur? Onu qara basır, yoxsa kimsə onu aldadır? Qəfildən başına bir fikir girdi: bax, indiyədək səs gələndə o tək olurdu. Güman edək ki, onunla birlikdə kimsə var. Onda üç şeydən biri baş verməlidir. Ya səs eşidilməyəcək, ya da səsi onların hər ikisi də eşidəcək. Yaxud səsi ancaq o özü eşidəcək.

Həmin axşam Cek planını həyata keçirməyə başladı. Lavinqton məhz ona lazım olan adam idi. Onlar söhbətə çox asanca başladılar. Sən demə, Lavinqtonun özü də onunla söhbət eləmək üçün fürsət axtarırmış. Deməli, Cek onu çox maraqlandırır. Onlar söhbət zamanı səhər yeməyindən əvvəl bir qədər qolf oynamağı qərara aldılar. Görüşü ertəsi günün səhərinə təyin etdilər.

Saat yeddi tamam olmamış oyuna başladılar. Sakit, buludsuz, sərin, gözəl bir hava idi. Həkim Cekdən yaxşı oynayırdı. Ceki yalnız nəyin baş verəcəyi maraqlandırırdı. Tez- tez gözucu saatına baxırdı. Onlar yeddinci nişangaha çatanda artıq saat səkkizə iyirmi dəqiqə işləyirdi. Kottec bu nişangahın tuşunda idi. Qız adəti üzrə yenə bağçada idi. Onlar çəpərin yanından ötüb gedəndə, qız onlara məhəl qoymadı. Çəmənlikdə iki top vardı, nişangaha yaxın olan Cekin, bir qədər aralıdakı isə həkimin idi.

 

A.Kristi "Mavi kuzənin sirri" - 2

 

Lavinqton:

- Güman edirəm ki, zərbəm sərrast olacaq,- dedi.

O, aşağı əyildi və topun gedəcəyi yeri gözəyarı ölçməyə çalışdı. Cek gözlərini saatından ayırmayaraq, hərəkətsiz dayanmışdı. Səkkizə düz iyirmi beş dəqiqə işləyirdi. Top sürətlə diyirlənib, deşikli nişangahın lap qırağında dayandı və içəri düşdü.

- Yaxşı zərbə idi,- Cek dedi.

Səsi özünə yad və xırıltılı gəldi. O, qol saatını biləyindən qoluna çəkdi və rahat nəfəs aldı. Heç bir şey baş vermədi. Tilsim qırılmışdı.

Cek:

- Etiraz etmirsinizsə, bircə dəqiqə oyuna ara verək,- dedi. – Mən qəlyan çəkmək istəyirəm.

Səkkizinci nişangahın yanında onlar oyunlarına bir qədər ara verdilər. Cek azca titrəyən barmaqları ilə qəlyanını doldurdu və çəkməyə başladı. Elə bil çiyinlərindən ağır bir yük götürülmüşdü.

Cek qarşısındakı mənzərəyə heyranlıqla baxa-baxa dilləndi:

- İlahi, necə də gözəl havadır... Davam edin, Lavinqton, sizin növbənizdir.

Həkim topa zərbə endirən zaman bağırtı yenidən eşidildi. Qulaqbatırıcı və əzablı qadın səsi:

- Öldürürlər, kömək edin! Öldürürlər!

Qəlyan Cekin titrəyən əlindən düşdü. O, səs gələn tərəfə çöndü, lakin həkimlə qolf oynamağının səbəbi yadına düşəndə gözlərini

ona zillədi və nəfəsini qısıb oyun yoldaşının hər bir hərəkətinə göz qoymağa başladı. Lavinqton isə topun keçdiyi yola baxırdı.

Başını aşağı dikdiyindən gözləri görünmürdü.

- Lap azca qalmışdı. Mən sizin işinizi yüngülləşdirdim.

O, heç nə eşitməmişdi. Dünya Cekin başına hərləndi. O, səndələyərək bir-iki addım atdı. Özünə gələndə gördü ki, otların üstündə uzanıb. Lavinqton ona tərəf əyilib:

- Belə, sakit olun, sakit olun, - dedi.

- Mənə nə olub?

- Ürəyiniz getmişdi, cavan oğlan. Mənə elə gəlir ki, siz bunu qəsdən eləməmisiniz.

- Aman Allah, - deyə Cek dərindən ah çəkdi.

- Sizə nə olub? Şüurunuzda nəsə var?

- Mən indi hər şeyi sizə danışaram, amma əvvəlcə sizdən bir şey soruşmaq istəyirəm.

Həkim qəlyanını yandırdı və torpaq qalağının üstündə yerini rahatladı:

- Hə, nə istəyirsiniz, soruşun,- dedi.

- Son bir-iki gündə siz mənə çox diqqət yetirirdiniz. Deyə bilərsinizmi, niyə?

Lavinqtonun gözləri azca parıldadı:

- Çox yersiz sualdır, - dedi. Belə bir məsəl var. “Pişik də krala baxa bilər.”

- Məni başınızdan etməyə çalışmayın. Mən tamamilə ciddi soruşuram. Niyə? Çünki bunu soruşmağa əlimdə əsasım var.

Lavinqtonun üzü ciddiləşdi:

- Mən sizə tamam dürüst cavab verəcəyəm. Sizdə daxili gərginlikdən əziyyət çəkən adamın nişanələrini görmüşdüm. Məni maraqlandıran da bu gərginliyin səbəbi idi.

- Mən dəli oluram,- deyə Cek öz halına acıya-acıya bildirdi.

Sonra Cek dramatik tərzdə öz sözünə ara verdi. Ancaq onun bu vəziyyəti Lavinqtonda heç bir maraq oyatmadı. Cek bunu gözləmirdi, ona görə də o, yenidən təkrar etdi:

- Sizə deyirəm ki, mən dəli oluram.

- Çox qəribədir. Doğurdan da, çox qəribə və maraqlıdır,- deyə Lavinqton astadan dilləndi.

Cek əsəbləşdi:

- Güman edirəm ki, bu sizin üçün sadəcə olaraq maraqlıdır. Həkimlərin hamısı daşürəklidir.

- Dostum, bu mənasız söhbəti boşlayın. Əvvəla, elmi dərəcəmin olmasına baxmayaraq mən həkimlik etmirəm. Əslinə qalsa, mən

heç can həkimi də deyiləm.

Cek ona sərt nəzərlə baxdı:

- Onda siz psixiatrsınız?

- Bəli, demək olar ki,... Amma, daha dəqiq desək, mən özümü ruh həkimi sayıram.

- Oh!

- Sizin istehzanızı anlayıram, lakin biz cismimizdən ayrı mövcud ola bilən bir şeyi nə cürsə adlandırmalıyıq. Bilirsinizmi, cavan oğlan, sizin cisminizlə ruhunuz vəhdət təşkil etməlidir. Xeyr, bu heç də ruhanilərin uydurması deyil.

Ardı var...

18 iyul 2015
GO BACK