Qadin.NET / Jojo Moyes “Sevgilimdən son məktub"

Jojo Moyes “Sevgilimdən son məktub"

Jojo Moyes  “Sevgilimdən son məktub"

Jojo Moyes “Səndən öncə mən” romanı ilə oxuculara yaxşı tanışdır. İlk romanı ilə hər kəsi özünə heyran buraxan Joje Moyes indi də “Sevgilimdən son məktub" kitabıyla yenidən oxucularının qarşısına romantik eşq hekayəsi ilə gəlir.

Romanın quruluşu da çoxmaraqlıdır. Bir tərəfdə 1960-cı illərdə yaşanan bir hekayə: zəngin bir həyat yaşayan və həyatında istədiyi hər şeyə sahib olan bir qadın və bu qadının həyatı bir gün heç gözləmədiyi halda tərəddüdlərlə dolur, o, ya hər şeyi atıb aşiq olduğu kişiyə qoşulub getməli ya da bu zəngin həyatın içində sevgisiz bir ömür yaşamalıdır, digər tərəfdə isə 2003-cü ildə baş verən bir hekayə ilə qarşılaşır oxucu. Evli bir kişi ilə sevgi macərası yaşayan bir qadın təsadüfən tapdığı məktublarla həyatına bir daha nəzər salır. Bu məktublar 1960-cı illərdən qalan yadigarlardır. İki qadının yolu, bax, beləcə kəsişir. Roman romantik sevgi əhvalatları sevənlər üçün göydəndüşmə bir əsərdir.

1960-cı illərdə Jennifer Stirling və Laurence Stirlingin gözəl evlilikləri vardır. Onlar həddindən artıq zəngindirlər və lüks həyat yaşayırlar. Amma Laurence hər zaman arvadını başqalarının yanında alçaldır, onu təhqir edir. Bu vəziyyət Jenniferi çox narahat edirdi.

Bir gün qəzet müxbiri olan Anthony O’Hare Laurencedən müsahibə almaq üçün onlara gəlir. Qonaq olduğu şam yeməyində Jenniferlə tanış olur. Xoş olmayan ilk təəssürata baxmayaraq onlar bir-birlərinə aşiq olurlar. Mütəmadi olaraq məktublaşırlar. Anthony Jenniferi ərindən boşanmağa israr edir. Amma Jennifer ətrafının nə fikirləşəcəyinə çox önəm verdiyi üçün bu riskə getmir. Anthonyə  Nyu-Yorkda iş təklifi gəlir və o, Jenniyə bunun birlikdə həyata başlamaları üçün yeganə şans olduğunu deyir. Jenni bu məktubu alandan sonra onunla getmək qərarı verir və evdən çıxır. Çöldə yağan güclü yağış öz sözünü deyir, Jenni taksi tapa bilmir, Antoninin dostunun maşınına minir və tələsik vağzala yola düşürlər. Filip çox sərxoş olduğundan dəhşətli qəza edir, özü ölür, Jenni isə ağır yaralanır. Antoni isə vağzalda son ana qədər Jennini gözləyib gəlməyəcəyini düşündüyü üçün Nyu-Yorka gedir.

Jojo Moyes  “Sevgilimdən son məktub"

Laurence Jenninin çantasından məktub tapır, arvadının əgər qəzaya düşməsəydi, başqası ilə qaçacağını öyrənir. Həftələrlə xəstəxanada qalan arvadının üzünə heç nəyi vurmur. Bəs Jenni? Jenni isə heç nə xatırlamır, o qəzadan sonra yaddaşını itirib. Evinə gələndən sonra əri, ailəsi, dostları ona çox yad gəlir. Jenni bunun səbəbini bilmir və bu barədə fikirləşmək artıq ona əzab verir. Bir gün bir kitabın arasında Antoninin ona yazdığı məktubu tapır, amma bu məktubun kim tərəfindən yazıldığını bilmir, evi ələk-vələk edib digər məktubları da tapır. Jenninin beynində sanki günəş doğur, bir tərəfdən sevinir ki, belə güclü məhəbbətlə sevib sevilib. Digər tərəfdən sevdiyinin kim olması, aqibətlərinin nə olması sualına cavab tapa bilmədikcə dəliyə dönür. Artıq ərinə qarşı da qəzəblidir, mübahisələrinin birində Laurence onun sevgi macərasını bildiyini söyləyir və aşiqinin həmin qəzada öldüyünü deyir. Təbii ki, Jenni özünü günahkar bilir və vicdan əzabı çəkir.  

Bu vəziyyət dörd il çəkir. Buna baxmayaraq həyat davam edir və Jenni artıq anadır. 1964-cü ildə Antoni və Jenni bir ziyafətdə təkrar qarşılaşırlar. Yaddaşını itirməyinə baxmayaraq Antonini görən kimi tanıyır. Başına gələnləri ona danışır, onlar təkrar görüşürlər, Antoni Jennidən yeni eyni şeyi istəyir, ərindən boşansın və onunla gəlsin. Jenni üçün bu mümkünsüzdür, çünki artıq bir qızı var və Laurence uşağı ona heç bir halda verməyəcək. Antoninin artıq əsəbləri davam gətirmir, içkiyə qurşanır, o zaman döyüş meydanı olan Afrikaya gedir.

Laurencenin özü isə katibəsi ilə eşq macərası yaşayır, peşman olub katibəni işdən çıxardır. Bundan qəzəblənən katibə Jenniylə görüşüb ərinin bütün gizli işlərini sənədlər şəklində ona verir. Artıq Jenninin əlində ərini həbsxanaya salmaq üçün ciddi dəlillər var. O, bundan istifadə edir, ərini şantaj edib boşanmağı, qızının himayəsini özünə almağı tələb kimi onun qarşısına qoyur. Laurencenin razı qalmaqdan başqa çarəsi yoxdur.

Jenni sevincəkhalda qızı ilə birlikdə evdən ayrılır. Antoninin qaldığı otelə gedir, əbədi birləşmək üçün. amma Antoni artıq yoxdur. Qadın onu tapmaq ümidi ilə hətta Afrikaya belə gedir, lakin onu bir daha görmür. Hər halda yaxın 40 il müddətdə.

Bəs nə baş verib? Antoni niyə bir anda yoxa çıxıb? Antoninin ilk evliliyindən olan oğlu Filip anasının xəstə olduğunu öyrənib atasına müraciət edir. Antoni oğlunun anasının son günlərində ona dəstək verir. Artıq onun öhdəsində bir uşaq var və Antoni həyata daha məsuliyyətlə yanaşmalıdır. Amma artıq müxbirlik də etmir, "Nation" qəzetinin arxivində işə başlayır, bütün vaxtını oğluna həsr edir. Laurence də xərçəngdən ölür, Jenni qızı ilə birlikdə tək qalır. Onlar bir-birindən xəbərsiz Londonda yaşayırlar.

Jojo Moyes  “Sevgilimdən son məktub"

2003-cü il, romanın digər qadın qəhrəmanı Ellienin evli olan Jon ilə əlaqəsi var. Jon yazıçıdır, Ellie də "Nation" qəzetində müxbirdir və onunla müsahibə alarkən tanış olub. Ellie bu münasibət haqqında çox fikirləşir, ümid edir ki, Jon arvadından ayrılıb onunla evlənəcək. Jonun isə belə bir niyəti yoxdur. Ellie təsadüfən Jenninin Antoniyə göndərdiyi məktubları və digər kağızları tapır, çox təsirlənir və bu hekayəni araşdırmağa qərar verir.

Uzun araşdırmalardan sonra Jenniyə aid olan poçt nömrəsini tapır, ona məktub qoyur, cavabın belə tez gəlməsi onu heyrətləndirir. Axı Jenni hər gün Antonidən məktub alacağı ümidi ilə poçt qutusunu yoxlayır.  Ellie Jenni ilə görüşür, Jenni ona bütün hekayəsini danışır.

Digər tərəfdən Ellienin Jona yazdığı mesajları Jonun arvadı görür, Ellie ilə görüşür. Bu qarşılaşmadan sonra Ellie Jondan ayrılmağa qərar verir. Onsuz da Jonun onunla heç bir gələcək düşünmədiyini də başa düşüb.

Ellie axtarışları nəticəsində Antoninin onun öz işlədiyi qəzetin arxivində çalışdığını öyrənir, ona Jennidən bəhs edir, Jenni ilə Antoni bir neçə dəfə məktublaşırlar. Nəhayət, görüşməyə qərar verirlər. Qırx il keçməsinə baxmayaraq onlar hələ də bir-birlərini möhkəm sevirlər və bir daha ayrılmamağa qərar verirlər.

Ellie isə bu araşdırmalar vaxtı ona dəstək olan iş yoldaşı ilə özünə bir şans vermək qərarına gəlir. 

 Yüklə 

9 dekabr 2014
GO BACK