Qadin.NET / “İskəndər” Elif Şafak

“İskəndər” Elif Şafak

“İskəndər” Elif Şafak

“Aşk” kitabı ilə sevimli yazıçılarım siyahısına düşən Elif xanımın bu gün 2-ci kitabını, "İskender"-i oxuyub bitirdim. Bitirməsinə bitirdim, amma əsərin sonluğu məni təəccübləndirdi. Adətən bir kitabı oxuyarkən bir müddət sonra sonluğu ilə bağlı özlüyümdə fərziyələr yürüdürəm, amma bu əsərdə sonluq heç də fərziyələrim ilə üst-üstə düşmədi.

Əsərin əsas qəhrəmanı adından göründüyü kimi İskəndər adlı yeniyetmə olsa da, əslində bu əsərdə o qədər çox qəhrəmanlar var ki…

Türkiyənin kürd kəndlərindən birində daim oğlan uşağı dünyaya gətirmək arzusu ilə yanıb tutuşan Naze adlı bir qadının 6 qızdan sonra yenə də Cəmilə və Pembe adlı əkiz qızları olur. Naze neçə illər sonra oğlan uşağına hamilə qalarkən isə öz canını fəda vermək bahasına olsa da, uşağı dünyaya gətirmək istəyir, lakin həm özü, həm də illərdir arzusunda olduğu oğlan uşağı həyatda qalmırlar. Arzusunu da özü ilə bərabər həyatdan aparır…

Nazenin ölümündən sonra 8 qız anasız qalır və ataları 2-ci dəfə ailə qursa belə, onlara analığı Hediyye adlı böyük qız edir, lakin onun da analığı uzun sürmür. O da türklərin diliylə desək, töre qanunlarının qurbanına çevrilir.

Cemile ve Pembe həm bir-birilərinə çox bağlı əkizlər, həm də eyni zamanda bir o qədər də bir-birindən uzaqdırlar. Bu uzaqlıq həm onların dünyaya, sevgiyə dair baxışlarında, həm də arzularında, xəyallarında özünü göstərir. Cemile heç vaxt ailə qurmur, həyatıyla barışır, özünü kiçik kürd kəndindəki insanlara həsr edir. Daim rəngarəng xəyallar quran Pembe isə istədiyi kimi o kənddən qurtulub Adem Toprak adlı bir şəhərli ilə ailə quraraq öncə İstanbulda, sonra isə Londonda yaşamağa başlayır. Onun üç uşağı dünyaya gəlir:

İskender-dünyanı idarə etməyə çalışan bir xarakterli yeniyetmə oğlan, Esma-dünyanı dəyişdirəcəyinə inanan, bir az xəyalpərəst, bir az feminist düşüncəli bir qız, Yunus-dünyanı olduğu kimi qəbul edən, hər şeyi olduğu kimi yaşamağa üstünlük verən bir uşaq.

Bu ailənin xoşbəxtliyi uzun sürmür, hərçənd ki, heç vaxt xoşbəxt olmamışdılar. Çünki Pembe ve Adem heç vaxt biri bir-birini sevməmişdi və ailədəki bu sevgisizliyin nəticəsində isə bir çox insan taleləri uçuruma getdi. Adem ailəsini başqa qadın üçün tərk edərək illərdir Pembede tapmadığı sevgini onda tapmağa çalışır, amma yanılır ve bunun nəticəsi ona çox baha başa gəlir.

Pembe isə həyat yoldaşının onu tərk etməsinə baxmayaraq həyatına həmişə olduğu kimi davam edir, ta ki, Londonda Ellas adlı aşbaz bir kişi ilə tanış olana qədər… Bu tanışlıq ailənin böyük oğlu türklərin dili ilə desək, “maço” xarakterli İskenderin uzun illər həbsxanada yatmasına səbəb olur.

Əsərdə Toprak ailəsini ailə dramı ön planda olsa da, fonda bir çox ailə dramları yer alıb və onlar hamısı zəncirvari gəlib Toprak ailəsində kəsişir. Əsəri oxuduqca düşünürdüm ki, sanki buradakı bütün bədbəxt insanlar bir-birilə rastlaşır. Pembe-Ellas, Adem-Roksana, İskender-Kate, Yunus-Tobiko qarşılaşması insanda elə təəsürat yaradır ki, sanki insanları ortaq dərdləri, ortaq bədbəxtlikləri qarşılaşdırır və biləşdirir.

“İskəndər” Elif Şafak

Ümumiyyətlə,  əsəri oxuduqdan sonra özüm üçün 3 nəticə çıxardım:

1) Məktəbdə və universitetdə oxuduğum illər ərzində daim müəllimlərimdən eşitdiyim, kitablardan oxuduğum bir fikir var: “İnsanın şəxsiyyət kimi formalaşmasında 3 amil əsasdır-ailə, gen və mühit." Bu əsəri oxuduqdan sonra isə əmin oldum ki, bu amillərdən biri çatışmadıqda mütləq həmin insan həyatda yarımçıq qalır. Bunu isə Adem, İskender obrazlarının timsalında çox aydın şəkildə görmək olur.

2) Həyatda sevgi ve anlayış çox önəmlidir. Vacib deyil Leyli-Məcnun, Fərhad-Şirin olasan. Əsas odur, ürəyində o hiss olsun. İnsanları sevə biləsən, ailə qurarkən isə mütləq lazımdır. Bu hisslər olmadıqda isə həmin cütlük ya ömürlərinin sonunadək işgəncə çəkərək yaşamalı olurlar, ya da ki başqa yerdə sevgi axtarışına çıxaraq yalnışlara yol verib bir çox insanların həyatını bədbəxt edirlər.

3) Cəmiyyət dediyimiz məfhum əslində çox qəddardır insanlara qarşı və biz insanlar nə qədər ki, öz qanunlarımızla deyil, cəmiyyətin qanunları ilə yaşayacayıq, ömür boyu da bədbəxt olacayıq!

Elif xanımdan oxuduğum bu ikinci kitab həm yazı üslubu, həm də mövzu baxımından “Aşk” kitabından çox fərqli idi və bu fərqlilik mənim daha çox xoşuma gəldi. Çünki adətən yazarların əsərləri eyni üslubda, eyni mövzu ətrafında gedərsə, oxucular da bir neçə kitabdan sonra yazıçının əsərlərinə qarşı maraq olmaz. Amma “Aşk”-da olduğu kimi bu əsərin də kökündə sevgi, dostluq, anlayış, insanlıq kimi məfhumlar dayanırdı.
Yazıçı qərb və şərq mədəniyyətini, adət-ənənəsini çox ustalıqla müqayisə edib. Hər ikisinin üstün və çatışmayan cəhətlərini oxuculara aydın şəkildə çatdırıb. Biz oxuculara isə bu fərqi görərək hər ikisinin yalnız üstün cəhətlərini götürüb yararlanmaq qalır.

Hər kəsə həyatda nə olursa olsun, cəmiyyətin deyil, öz qaydaları ilə yaşaya bilmə cəsarəti diləyərək xoş mütaliələr…

Tərlan Rüstəmova 

27 oktyabr 2014
GO BACK