Qadin.NET / Azərbaycan tarixindən yüz şəxsiyyət-88

Azərbaycan tarixindən yüz şəxsiyyət-88

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-88

 

Səməd Vurğun

(1906-1956)

Səməd Yusif oğlu Vəkilov 1906-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. İlk təhsilini kənddə aldıqdan sonra 1918-ci ildə Qazax müəllimlər seminariyasına daxil olmuşdur. 1924-cü ildə seminariyanı bitirən Səməd əvvəlcə Qazax, sonra Quba, daha sonra isə Gəncədə müəllimlik etmişdir. Elə bu dövrdə o, ilk şeirlərini yazmağa başlamışdır. "Vurğun" təxəllüsü ilə yazdığı ilk şeirlərində küskünlüklə yanaşı, təbiətə hədsiz aludəçilik, vurğunluq vardı. Məhəbbət lirikası S.Vurğun yaradıcılığının bu dövrü üçün daha xarakterik idi. O, 1924-cü ildən etibarən ilk şeirlərini dərc etdirməyə başlayır. Səməd Vurğunun ilk şeirləri xalq tərəfindən rəğbətlə qarşılansa da, onun bu şeirləri yalnız 1957-ci ildə toplanaraq ayrıca kitab şəklində dərc olunmuşdur. Həmin kitab "Çiçək" adlanır.

Çox keçmir ki, Səməd Vurğun yaradıcılığında ictimai, siyasi mövzulara da yer ayırır. Səməd Vurğun artıq 1927-ci ildə "Hazır olunuz" və "Oktyabr", 1928- ci ildə "Andım", "İrəli", "İngilis", 1929-cu ildə "Uzaqlara doğru", 1930-cu ildə "Raport", 1931-ci ildə "Ölən şeirlərim" kimi ictimaiyyətin diqqətini cəlb edən şeirlər yazmışdır. Bu dövrdə təhsilini davam etdirən şair 1929-1931-ci illərdə II Moskva Dövlət Universitetində, sonra isə 1931 - 1933-cü illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun aspiranturasında oxumuşdur.

1930-1934-cü illərdə çap olunmuş "Şairin andı" (1930), "Fənər" (1932), "Könül dəftəri" (1934) kitablarında toplanmış şeirlər şairin yeni həyat quruculuğuna səmimi-qəlbdən inanmasını, onun bədii təfəkkürünün ictimai-siyasi hadisələrə kökləndiyini göstərir.

1934-cü ildə Səməd Vurğun Azərbaycan Sovet Yazıçılar İttifaqının məsul katibi vəzifəsinə seçilir və bu vəzifədə 1937-ci ilədək fəaliyyət göstərir. Şairin həyatında bu illər ən ağır dövrlərdən biri idi. Siyasi rəhbərlik ədəbiyyat işçilərinə təzyiq göstərməyi, "partiya və hökumətə" lazım olan əsərlər yazmağı tələb edir, incəqəlbli şair isə insanları sındırmağı bacarmır və istəmirdi. Stalinin repressiya

maşını işə düşdükcə şarin gözləri önündə neçə-neçə şair və yazıçı dostu həbs edilir və  birdəfəlik yoxa çıxırdı. Daxili iztirablar keçirən şair üzdə bunu göstərmir, əvvəlki kimi ictimai-siyasi şeirlər yazırdı. Onun 1934-cü ildə yazdığı "Ölüm kürsüsü" adlı poeması bolqar kommunisti G.Dimitrov üzərində Almaniyada keçirilmiş məhkəməyə və onun şərlənməsinə həsr olunsa da, əslində Səməd Vurğunun gözləri önündə baş verən hadisələri əks etdirirdi. Faşizmin məğlubiyyətinə inamını bildirən şair sanki bütün repressiv quruluşların,  o

cümlədən də sovet quruluşunun məhvə məhkum olduğunu qabaqcadan xəbər verirdi.

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-88

 

Şairin 1935-ci ildə çap edilən "Azərbaycan" şeri, "26-lar" və "Talıstan" poemaları, 1937-ci ildə işıq üzü görən "On iki dekabr" şeri və "Bəsti" poeması, 1938-ci ildə ictimaiyyətə təqdim olunan "Mavzoley" şeri sosialist quruculuğunun lirik-romantik tərənnümü kimi qəbul edilirdi.

Eyni zamanda, Səməd Vurğun romantik qəhrəmanlıq dramı janrına üz tutur. Bu janr tarixi xalq qəhrəmanlarını vəsf etməklə yanaşı, xalqın qəhrəmanlıq keçmişindən söz açmağa imkan yaradırdı. Milli xüsusiyyətlərin qabardılması ilə bağlı hər bir şeyin təqib olunduğu bir dövrdə tarixi qəhrəmanlar barəsində yazmaq hünər və ustalıq tələb edirdi. Öz əsərləri ilə xalqın qürur hissini oyatmağa çalışan şair həm də elə yazmalı idi ki, onu pantürkizm və digər "cinayətlərdə" günahlandırmasınlar. Belə şəraitdə Səməd Vurğun 1937-ci ildə “Vaqif”, 1939-cu ildə "Xanlar", 1941-ci ildə "Fərhad və Şirin" poemalarını yazır. Bu əsərlərdə o, qəhrəmanları vəsf etməklə bərabər, xalqın həyatını təsvir edir, onun mübarizəsini, mənəvi qüdrətini göstərirdi. Mənzum faciə səpkisində yazılmış bu tarixi dramlarda mütərəqqi şəxslərin azadlıq və istiqlaliyyət, insan səadəti uğrunda mübarizəsi geniş bədii-fəlsəfi ümumiləşdirmələrlə təsvir olunmuşdur. Xalq və qəhrəmanların vəhdətdə təsviri-Səməd Vurğunun tarixi qəhrəmanlıq dramlarının mühüm cəhətlərindəndir. Poemalarına görə şair 1941-ci ildə SSRİ Dövlət mükafatına layiq görülür.

1941-ci ildə faşist Almaniyası SSRİ-yə hücum edəndə SSRİ-nin tərkibində olan Azərbaycanın minlərlə oğul və qızları faşizmlə mübarizəyə yollanır. Azərbaycanlılar həm arxa, həm də ön cəbhədə hünər göstərirdilər. Onlara mənəvi dəstək olmaq üçün Azərbaycan mədəniyyət xadimləri əllərindən gələni əsirgəmirdilər. Onların səylərini birləşdirmək və istiqamətləndirmək Azərbaycan Sovet Yazıçılar İttifaqına həvalə olunmuşdu. Bu qurumun üzərinə düşən vəzifələri böyük məsuliyyətlə olduqca işgüzar və vətənpərvər sənətkar yerinə yetirə bilərdi. Odur ki, Səməd Vurğun ittifaqa sədr təyin olunur. Faktik olaraq müharibə illərində bütün Azərbaycan mədəniyyətinin inkişaf istiqamətlərinin müəyyən edilməsi və onların həyata keçirilməsi ilk növbədə görkəmli şairimizin adı ilə bağlıdır. Yüzlərcə konsert briqadaları təşkil edilərək cəbhələrə göndərilirdi. Onlar ön xətdə dayanan hissələrdə, hospitallarda, cəbhə üçün işləyən müəssisələrdə mədəni tədbirlərlə çıxış edirdilər.

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-88

 

Səməd Vurğun sovet qoşunlarının İrana yeridilməsindən istifadə edərək Azərbaycanın o dövrkü rəhbəri Mir Cəfər Bağırovun tapşırığı ilə Cənubi Azərbaycanda təbliğat işlərini təşkil edir, milli oyanışa, milli tarix və mədəniyyətə qayıdışa can atırdı. Parçalanmış Azərbaycanın birləşməsini ürəkdən arzulayan şair Cənubi Azərbaycanda milli dildə məktəb və qəzetlərin açılmasında, Təbriz Universitetinin yaradılmasında, milli ədəbiyyat və incəsənətin formalaşmasında Arazdan cənubda yaşayan azərbaycanlılara əlindən gələn köməkliyi göstərmişdir.

Təşkilati işlərlə bərabər, şair yaradıcılığını da davam etdirir. Onun "Vətən keşiyində", "Ananın öyüdü", "Moskva", "Şəfqət bacısı", "Qəhrəmanın hünəri", "Qızxanımın hünəri",  "Səadət uğrunda", "Ukrayna partizanlarına", "Mənə  belə söyləyirlər" kimi şeirləri qələbəyə inam ruhu ilə aşılanmışdı. 1944-cü ildə yazdığı "Bakının dastanı" poeması xalqımızın arxa cəbhədəki fədakar əməyinin qələbənin qazanılmasındakı rolundan söz açırdı.

Bu dövrdə şair müharibəyə nifrət bildirən fəlsəfi səpkili şeirlər də yazmışdır.  Onların  arasında  "Bütün  xalqlar,  qəbilələr  od  içindən  çıxacaqdır", "Həyat fəlsəfəsi", "Yanğın, ürək, gələcəyin toy bayramı", "Göyərçin", "Dörd söz" kimi şeirlər həyatın ölüm üzərində, xeyirin şər üzərində, həqiqətin yalan üzərində qələbəsinə həsr edilmişdir. Keçmişə qürurla yanaşaraq gələcəyə ümidlə baxmağı tövsiyə edən şair ümumbəşəri kateqoriyaların hər bir xalqa şamil edilməsinin vacibliyini bildirir, hər bir xalqın öz müqəddəratını müəyyən etmək hüququnu təbii sayırdı. 1945-ci ildə yazdığı "İnsan" mənzum romantik-fəlsəfi dramı bəşəriyyətə müharibələrin necə böyük ziyan vurduğunu göstərirdi.

Fədakar əməyinə görə 1942-ci ildə dövlət mükafatına, 1943-cü ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülən şair A.S.Puşkinin "Yevgeni Onegin", Ş.Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", Nizami   Gəncəvinin   "Leyli   və   Məcnun"   poemalarını,   həmçinin   M.Qorki, T.Şevçenko, Xaqani, Cambul kimi klassiklərin əsərlərini Azərbaycan dilinə çevirmişdir.

Səməd Vurğun Azərbaycan, rus, SSRİ xalqları və dünya ədəbiyyatı klassikləri haqqında, bədii yaradıcılıq, ictimai-siyasi və mədəniyyət məsələlərinə həsr olunmuş elmi, ədəbi-tənqidi və publisistik məqalələr yazmağa başlayır. Onun 1954-cü ildə sovet yazıçılarının II qurultayında etdiyi "Sovet poeziyası haqqında" məruzəsi böyük maraqla qarşılanır. Elmi fəaliyyətinə görə fəxri elmlər doktoru adına layiq görülən şairə 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki adı verilir.

Müharibədən sonra şairin yazdığı "Zəncinin arzuları" (1948), "Muğan", "Köhnə dostlar" (1949), "Leninin kitabı" (1950), "Aygün" (1951), "Zamanın bayraqdarı" (1952 - 1953) poemaları, "Avropa xatirələri" (1950) şeirlər silsiləsi, "Şair, nə tez qocaldın sən!" (1953), "Mən tələsmirəm" (1954), "Gödəkçə" (1955) şeirlərində sülh,  milli-azadlıq, demokratiya uğrunda  mübarizə, gələcəyə nikbin baxış, insanın zəka və kamalının qələbəsinə dərin inam səslənir. Onun son əsəri hələ 1931-ci ildə qələmə aldığı "Komsomol poeması" (1931-1956) olur.

1954-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti seçilən şair bir çox ictimai təşkilatların üzvü idi.

Səməd Vurğun 1956-cı ildə Bakıda vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.

6 dekabr 2015
GO BACK