Qadin.NET / Azərbaycan tarixindən yüz şəxsiyyət-55

Azərbaycan tarixindən yüz şəxsiyyət-55

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-55

 

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

Üzeyir Hacıbəyli

(1885-1948)

Üzeyir bəy Hacıbəyli (Hacıbəyov) 1885-ci ildə Azərbaycanın ayrılmaz hissəsi Qarabağın Şuşa qəzasının Ağcabədi kəndində anadan olmuşdur. Atası Əbdülhüseyn kənd mirzəsi işləsə də, oğluna yaxşı təhsil vermək istəmiş və ailəsi ilə birlikdə Şuşa şəhərinə köçmüşdür. Burada Üzeyir rus-Azərbaycan məktəbinə daxil olmuş və ilk musiqi dərslərini də elə burada almışdır. Belə ki, dayısı Ağalar Əliverdibəyov xalq musiqimizin mahir bilicisi kimi tanınırdı. Şuşada Üzeyir ilk dəfə özünü musiqidə sınayır.

Əbdürrəhimbəy Haqverdiyev xor təşkil edibmiş və həmin xorda Cabbar Qaryağdı oğlunun başçılığı ilə hazırlanan müxtəlif musiqi nömrələrində Üzeyir də iştirak edir.

1899-cu ildə Qori müəllimlər seminariyasına daxil olan Üzeyir bəy burada qabaqcıl dünya mədəniyyəti, rus və Qərbi Avropa klassik musiqisi ilə yaxından tanış olur, skripka və baritonda çalmağı öyrənir. Öz təşəbbüsü ilə o bir neçə xalq mahnısını da nota köçürür.

1904-cü ildə seminariyanı bitirən Üzeyir bəy Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilir.

1905-ci ildə isə Bakıya köçür və əvvəlcə Bibiheybətdə, sonra isə Bakıda "Səadət" məktəbində dərs deyir. Maraqlıdır ki, həyatda öz yolunu axtaran Üzeyir bəy 1907-ci ildə "Hesab məsələləri" və "Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti"-ni hazırlayıb nəşrə vermişdir.

Bədii yaradıcılığına publisistika ilə başlayan Üzeyir bəy "İttihad", "Həyat", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni iqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ü", "Filankəs" və s. təxəllüsləri ilə məqalələr dərc etdirmişdir. Onun dövrün ictimai-siyasi, sosial, mədəni-maarif məsələlərinə həsr edilmiş məqalə, felyeton, hekayə və satirik miniatürləri xalq arasında olduqca populyar olmuşdur. Üzeyir bəy həmin vaxt N.V.Qoqolun "Şinel" povestini də Azərbaycan dilinə çevirmişdir.

1908-1912-ci illərdə opera və musiqi komediyaları yazmış Üzeyir bəy öz musiqi savadını artırmaq üçün Moskvaya gedir, filarmoniya cəmiyyətinin musiqi kurslarında oxuyur, 1914-cü ildə Peterburq konservatoriyasına daxil olur. Lakin I Dünya müharibəsinin getdikcə qızışması və bundan doğan maddi çətinliklər üzündən o, təhsilini yarımçıq buraxıb Bakıya qayıtmalı olur. 1916-cı ildə Üzeyir bəy və qardaşı Zülfüqar "Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi" adlı  teatr truppası yaradırlar. Truppa dram, komediya, opera və operettalar hazırlayıb həftədə üç dəfə tamaşaya qoyur.

Üzeyir bəy Hacıbəylinin Azərbaycan musiqisinə verdiyi töhfələr əvəzsizdir. 1908-ci il yanvarın 12-də Bakıda H.Z.Tağıyevin teatr binasında onun "Leyli və Məcnun" operası səslənmişdir. O zaman bu təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk opera idi. Bu əsərlə Üzeyir bəy Şərq aləmində opera sənətinin əsasını qoydu.

"Leyli və Məcnun" muğam əsasında yazılmış opera idi. Eyni ənənəni Üzeyir bəy "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşidbanu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) muğam operalarında davam etdirir. Əsərlərin librettoları üçün Məhəmməd Füzulinin "Leyli və Məcnun" poeması, xalq dastanları, rəvayətlər və Firdovsinin "Şahnamə" poeması seçilmişdir. 

 

Üzeyir bəy Hacıbəylinin Azərbaycan dramaturgiyasındakı rolu incəsənət tariximizdə xüsusi yer tutur. O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Komediyaların həm mətnini, həm də musiqisini o özü yazmışdır. Onun "Ər və arvad" (1910), "O olmasın, bu olsun" (1911), "Arşın mal alan" (1913) musiqili komediyaları dünya dramaturgiyasının inciləri hesab olunur. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını ürəkdən alqışlayan Üzeyir bəy teatr truppasının tamaşalarından yığılan pulları Azərbaycanın müstəqilliyi və istiqlaliyyəti uğrunda şəhid olanların ailələrinə paylayırdı.

Xalq Cümhuriyyətinin Dövlət himninin müəllifi məhz Üzeyir bəydir. Hərtərəfli istedadını milli dövlətçiliyin yaradılıb inkişaf etdirilməsinə sərf edən Üzeyir bəy 1918-1920-ci illərdə çox qızğın və hərtərəfli fəaliyyət də göstərir. O, hökumətin rəsmi orqanı olan "Azərbaycan" qəzeti ilə sıx əməkdaşlıq edir, məqalə və felyetonlar dərc etdirirdi.

Qəzetin ilk redaktoru əvvəllər onun kiçik qardaşı Ceyhun bəy, 1919-cu il yanvarın 16-dan başlayaraq isə o özü olmuşdur (1920-ci il aprelin 27-dək). Müstəqilliyimizin möhkəmləndirilməsini qəzetin ideya istiqaməti seçən Üzeyir  bəy  Azərbaycan tarixinə, siyasi vəziyyətinə, iqtisadiyyatına, maarif və mədəniyyətinə həsr olunmuş məqalələrə geniş yer verir, özü də bu istiqamətdə 100-dən çox məqalə yazıb çap etdirir. "Partiyalarımıza", "Andranik məsələsi", "Lənkəran  faciəsi", "Fitnələr qarşısında", "Naxçıvan və Qarabağ", "İçimizdəki denikinlər", "Ermənistan və Azərbaycan müsibəti" adlı məqalələri onu uzaqgörən siyasətçi, əqidəli publisist kimi xarakterizə edir.

1920-ci ildə Azərbaycan işğal ediləndən sonra böyük sarsıntı keçirən Üzeyir bəy çox götür-qoydan sonra ölkədə qalmağı qərara alır. Onun fikrincə, incəsənətin mənası xalqa xidmətdədir və o da öz musiqisi ilə xalqına xidmətə üstünlük verir. Üzeyir bəy Hacıbəyli Azərbaycanda musiqi təhsil sisteminin yaradılması, milli  musiqimizin  əsaslarının işlənib-hazırlanması istiqamətində aparılan işlərə başçılıq etməyə başlayır. 1921-ci ildə Üzeyir bəy Azərbaycan Dövlət Türk Musiqi Məktəbini açır, 1926-cı ildə bu məktəb Azərbaycan Dövlət Konservatoriyası ilə birləşdirilir. 1930-1940-cı illərdə çoxsəsli Azərbaycan xoru, Azərbaycan Dövlət Filarmoniyası, notlu xalq çalğı alətləri orkestri də onun səyi ilə yaradılmışdır. Müslüm  Maqomayevlə birlikdə Üzeyir bəy "Azərbaycan türk nəğmələri" adlı məcmuə nəşr etdirmişdir. Musiqidən dərs deməklə bərabər Üzeyir bəy dirijorluq etmiş, musiqi fantaziyaları, ansambl pyesləri, kantata, kütləvi mahnılar üçün musiqi yazmışdır.

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-55

 

Ü.Hacıbəylinin 1937-ci ildə Azərbaycan Opera və Balet Teatrında ilk tamaşası qoyulan "Koroğlu" operası dünya musiqi xəzinəsinə dahiyanə bir əsər kimi daxil olmuşdur. Aşıq musiqisini klassik opera janrında səsləndirən Hacıbəyli bununla da 30-cu illərdə milli musiqi alətləri-saza, tara və kamançaya qarşı kompaniya aparan bəzi siyasi rəhbərlərə layiqli cavab vermiş olur.

O, bəstələdiyi musiqi əsərlərində bu musiqi alətləri üçün partiyalar yazırdı. 1939-1948-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının direktoru olan Hacıbəyli bu dövrdə həm də Azərbaycan Bəstəkarlar İttifaqının sədri olmuşdur.

Üzeyir bəy 1941-1945-ci illər müharibəsində marşlar, vətənpərvər ruhlu mahnılar, həmçinin, "Cəngi" pyesini, "Vətən və cəbhə" kantatasını bəstələmişdir. Onun "Sənsiz" və "Sevgili canan" romansları bu janrda yazılan on kamil əsərlərdəndir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən Üzeyir bəyə Azərbaycan SSR-in Dövlət himnini bəstələməyi tapşırmışdılar.

Onun "Arşın mal alan" və "O olmasın, bu olsun" əsərləri bir çox dünya dillərinə tərcümə olunmuş, ekranlaşdırılmış, dünyanın on məşhur teatrlarının səhnələrində tamaşaya qoyulmuşdur.

Ü.Hacıbəylinin 1945-ci ildə yazdığı "Azərbaycan xalq musiqisinin əsasları" monoqrafiyası çox zəngin Azərbaycan musiqi xəzinəsinin açarıdır.

Üzeyir bəy istedadlı bəstəkarlar, musiqişünaslar, ifaçılar nəsli yetişdirmişdir. Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Soltan Hacıbəyov və neçə-neçə mahir musiqiçilərimiz Üzeyir bəyin tələbələri olmuşlar.

Üzeyir bəy Hacıbəyli 1948-ci ildə Bakı şəhərində vəfat etmiş və Fəxri xiyabanda dəfn edilmişdir.

26 sentyabr 2015
GO BACK