Qadin.NET / Azərbaycan tarixindən yüz şəxsiyyət-14

Azərbaycan tarixindən yüz şəxsiyyət-14

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-14

 

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

Nizami Gəncəvi

(1141- 1209) 

İlyas Yusif oğlu 1141-ci ildə Azərbaycanın qədim Gəncə şəhərində anadan olmuşdur. Adi bir sənətçi olan atası oğlunun təhsil almasını istəmiş və onu əvvəlcə məktəbdə, sonra isə mədrəsədə oxutmaq üçün əlindən gələni əsirgəməmişdir. Mədrəsədə verilən biliklərdən başqa İlyas şəxsi mütaliə sayəsində orta əsrlərdə məlum olan bir çox elmi biliklərə yiyələnmişdir. O xüsusən Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatını, ərəb, fars və yunan dillərini, qədim yunan tarixini və fəlsəfəsini, hind fəlsəfəsini, astronomiyanı öyrənmiş, tibb və həndəsə elmlərinə bələd olmuşdur. İslamın əsas ehkamlarını ən dərin incəliklərinə qədər öyrənən İlyas gənc olsa da, Gəncədə böyük hörmət qazanmışdır.

İlyas Yusif oğlu yaradıcılığa Nizami Gəncəvi təxəllüsü ilə lirik şair kimi başlamışdır. Onun yaratdığı ilk əsər 20 min beytdən ibarət sanballı bir divan (şeirlər toplusu) olmuşdur ki, bizə qədər ordakı şeirlərin çox cuzi bir hissəsi gəlib çatmışdır. Əlimizdə olan şeirlərdə lirik məqamlarla yanaşı, Nizaminin mütərəqqi ictimai-fəlsəfi fikirlərinə də rast gəlmək olar.

N.Gəncəviyə böyük hörmətlə yanaşan Azərbaycan Eldənizlər dövlətinin hökmdarı Qızıl Arslan onunla Gəncə yaxınlığında görüşmüş, dövləti ədalətli idarə etmək barədə dəyərli məsləhətlərinə qulaq asmışdır. Qızıl Arslan şairə Həmdünyan adlı bir kənd bağışlamışdır. Bununla belə, Nizami saray şairi olmaqdan qətiyyətlə imtina etmişdir. O, 1169-cu ildə qıpçaq qızı Afaqla evlənmiş, 1174-cü ildə oğlu

Məhəmməd anadan olmuşdur.

Nizami Gəncəvinin 1177-ci ildə bitirdiyi "Sirlər xəzinəsi" adlı ilk poeması ona böyük şöhrət qazandırmışdır. Bu əsər Yaxın Şərqdə didaktik-fəlsəfi şerin ən yaxşı nümunəsidir. Əsərdə şair insanları ədalət, düzlük, mərdlik, xeyirxahlıq, təvazökarlıq və dostluğa çağırmış, "şəhərləri xaraba", "kəndli xırmanlarını dənsiz" qoyan zülmkar hökmdarları kəskin tənqid etmişdir. Orijinal kompozisiyaya malik bu əsərin 20 məqaləsi arasında sıx ideya vəhdəti vardır. "Sirlər xəzinəsi"-də ilk dəfə ədalətli hökmdar ideyasını irəli sürən şair sonrakı poemalarında onu daha da genişləndirmişdir.

1180-ci ildə Nizami Gəncəvi "Xosrov və Şirin" poemasını bitirmiş və onu Azərbaycan Eldənizlər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Məhəbbət mövzusunda qələmə aldığı bu lirik-epik poema ilə Nizami Yaxın Şərq ədəbiyyatında mənzum roman janrının əsasını qoymuş, yeni ədəbi məktəb yaratmışdır.

Nizami Gəncəvi 1188-ci ildə Şərqdə ilk dəfə ərəb nağılı əsasında "Leyli və Məcnun" poemasını yazmış və onu şirvanşah I Axsitana göndərmişdir. Azad məhəbbətdən bəhs edən bu faciəvi poemada şair məhəbbəti fəlsəfi mənada şərh edərək nəcib məhəbbət konsepsiyası yaratmış, onu insan azadlığı, vicdan azadlığı və mənəvi təkamül problemləri ilə bağlamışdır. Qəhrəmanlarının daxili dünyasını açan şair onların keçirdiyi iztirabları məharətlə göstərmişdir.

Nizami Gəncəvi 1196-cı ildə "Yeddi gözəl" əsərini yazmış və onu Marağa hakimi Əlaəddin Körpə Arslana göndərmişdir. Yarım fantastik əsər olan bu poema quruluşu ilə digər poemalardan fərqlənir. Yaxın Şərq ədəbiyyatında bu səpkidə ilk dəfə qələmə alınmış "Yeddi gözəl" poeması təkcə Şərq ədəbiyyatına deyil, elə Qərb ədəbiyyatına da təsir göstərmişdir.

Nizami Gəncəvi 1203-cü ildə tamamladığı "İsgəndərnamə" əsərində bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini bir növ yekunlaşdırmışdı. Yaradıcılığının zirvəsi sayılan bu poema 2 hissədən ibarətdir. "Şərəfnamə" adlanan birinci hissədə Makedoniyalı İsgəndərin müharibələrindən bəhs olunur. İkinci "İqbalnamə" hissəsində isə daha çox ictimai-siyasi, fəlsəfi məsələlərdən danışılır. Əsərdə şair ideal, xoşbəxt bir dövlət quruluşu, milli və dini ayrılıqlara fərq qoymayan, bəşəriyyətə səadət gətirəcək adil bir hökmdar obrazı yaradır. Nizami Gəncəvi orta əsrlərin qaranlıqlarından gələcəyə müraciət edir, insanlığa səadət və xoşbəxtlik, dinclik və əmin-amanlıq gətirən bir quruluş arzulayır və ideal hökmdarın belə bir quruluş yarada biləcəyini düşünürdü. Əsərdə ilk dəfə olaraq utopik cəmiyyət təsvir edilmişdir. Şairin xəyali ölkəsində insanlar firavan həyat sürür, halal zəhmətləri ilə yaşayırlar, hamının da hüquqları bərabərdir. Bu ölkədə sürülər çobansız, evlər qıfılsız, bağlar gözətçisizdir. Şair əsərdə müxtəlif dövrlərin və ölkələrin məşhur

filosoflarının (Aristotel, Platon, Sokrat və b.) iştirak etdiyi fəlsəfi məclislərdən söhbət açdığı zaman, əslində, dünya, həyat və kainat haqqında öz görüşlərini şərh etmişdir. Əgər əvvəlki əsərlərdə Nizami Gəncəvi zalımın pis yoldan dönüb rəhmli hökmdar olacağına inanırdısa, bu əsərində o, ölkəni ya adil hökmdarın, ya da qədim yunan demokratiyasına bənzər qurumun (xalq yığıncağı və onun seçdiyi şəxslər) idarə etməsinin tərəfdaşı kimi çıxış edir.

Nizaminin utopik cəmiyyətində xüsusi mülkiyyət, qeyri-bərabərlik, zülm, ictimai mübarizə, cinayət, ehtiyac və dərd yoxdur. Buna nail olmaq üçün cəmiyyətdə birlik, bərabərlik, səmimilik, doğruçuluq, qarşılıqlı ehtiram və yardım hökm sürməlidir. Şairin utopiyası sonralar bir çox Şərq humanistlərinin ictimai-siyasi görüşlərinə təsir göstərmişdir.

 

Azərbaycan tarixindən yüz şəxsiyyət-14

 

Nizami Gəncəvi dövrünün bütün əsas elmlərinə, o cümlədən astronomiya, tibb, hərb sənəti, fəlsəfə, tarix, coğrafıya və başqa elmlərə aid maraqlı fikirlər söyləmişdr. İlk dəfə o bildirmişdir ki, Ay qaradır və öz işığına malik deyil. Nizaminin pedaqogika haqqında söylədiyi mühakimələri ibrətamizdir. Onun pedaqoji fikirlərində mənəvi-əxlaqi tərbiyə məsələləri mühüm yer tutur. O, əməyi insanın mənəvi saflığının əsas amili kimi yüksək qiymətləndirir, təlimə inad və müstəqillik tələb edən əmək kimi baxırdı. Nizami tərbiyədə nümunənin əhəmiyyətini, bu sahədə müəllimin böyük rolunu xüsusilə qeyd etmişdir.

Dövrünün görkəmli mütəfəkkiri olan  Nizami Gəncəvi dünyanın Allah tərəfindən yaradılmasına inanır, bununla belə, maddi dünyanın dərk edilməsi üçün elmin inkişaf etdirilməsini vacib sayırdı.

Nizami Gəncəvi ümumbəşəri şair olmaqla yanaşı böyük vətənpərvər idi. O, bütün əsərlərində təsvir etdiyi hadisələri Azərbaycanla əlaqələndirməyə, vətəninin qüdrətli günlərini tərənnüm etməyə çalışmışdır. Onun yaradıcılığında vətənə məhəbbət doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir. Şair vətən tarixində olan qəhrəmanları hətta ideal saydığı qəhrəmanlara qarşı qoymuş, onların daha üstün olduğunu göstərməyə çalışmışdır. Nizami yaradıcılığında Azərbaycan şifahi xalq ədəbiyyatından-dastan, əfsanə, nağıl və atalar sözlərindən bol-bol və məharətlə bəhrələnmişdir. Onun poemalarında olan süjetlər isə öz növbəsində Azərbaycan folkloruna əhəmiyyətli təsir göstərmişdir.

Nizami Gəncəvinin yaradıcılığı hələ sağlığında Azərbaycan, eləcə də bütün Yaxın Şərq ədəbiyyatı və elmi fikri üçün nümunə olmuş, məhəbbətlə izlənilmişdir. Şairin mövzularında əsər yazmaq, onun "Xəmsə"-sinə cavab vermək əsrlər boyu Şərq poeziyasında ənənəvi şairlik imtahanı sayılmışdır. XIII əsrdən başlayaraq onun poemalarına 40-dan çox nəzirə yazılmışdr. Əmir Xosrov Dəhləvi, Ə.Cami, Ə.Nəvai kimi böyük sənətkarlar Nizamini ustad adlandırmışlar. Şairin yaradıcılığı Qərbi Avropa ədəbiyyatına da təsir göstərmişdir. Görkəmli tədqiqatçı Y.E.Bertels sübut etmişdir ki, Nizaminin poemaları ilə Avropanın cəngavərlik romanları arasında müəyyən bənzərlik mövcuddur. C.Bokkaççonun "Ameto", K.Qostinin "Turandot", A.R.Lesajın "Çin şahzadə xanımı", Volterin "Zadiq, yaxud tale" və başqa əsərlər Nizaminin poemalarının süjetləri əsasında qurulmuşdur. Nizaminin yaradıcılığı Şərq incəsənətinin, xüsusilə miniatür sənətinin inkişafında mühüm rol oynamışdır.

Nizami Gəncəvinin əsərləri bu gün də maraqla oxunur, insanları düşündürməkdə davam edir.

4 aprel 2015
GO BACK