Qadin.NET / Milli Qəhrəman Namiq Allahverdiyev

Milli Qəhrəman Namiq Allahverdiyev

Milli Qəhrəman Namiq Allahverdiyev

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə.

Bu yüksəkliyə ucalan insanlar ölmürlər. Əksinə, ölümləri ilə əbədilik qazanırlar. Xalq şairi Bəxtiyar Vahabzadə şəhidləri belə vəsf etmişdir:
Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər!
Üç rəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi şəhidlər.
Milli Qəhrəman Namiq Allahverdiyev
İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç zaman unudulmur. Həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir. Azadlığı, müstəqilliyi, babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalq xoşbəxt xalqdır. Bu mənada Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var. Azərbaycanın müstəqilliyi, torpaqlarımızın toxunulmazlığı uğrunda canlarını fəda etmiş şəhidləri müqəddəs bir amal birləşdirirdi: "Biz gəldi-gedərik, təki Vətən yaşasın!"
Milli Qəhrəman Namiq Allahverdiyev

Namiq Müslüm oğlu Allahverdiyev (1967-1992) Beyləqan rayonunda anadan olmuşdur. Şəhər 1 nömrəli orta məktəbini bitirdikdən sonra əmək fəaliyyətinə başlamışdır. 1985-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Moskva ətrafında başa vurduqdan sonra ata yurdu Beyləqana qayıdıb.

1990-cı ildə Xalq Cəbhəsinin xətti ilə könüllü surətdə torpaqlarımızı yağılardan qorumaq üçün Qubadlı rayonunun Əmiquluuşağı kəndinin müdafiəsinə yollanıb. Döyüş yolu Laçın, Qubadlı rayonlarından və Xocavəndin Tuğ kəndindən keçib. 31 avqust 1991-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsinə daxil olub.
Respublikamızın Ermənistanla sərhəd bölgələrində, Dağlıq Qarabağda, onun ətrafındakı Cəbrayıl, Füzuli, Goranboy, Ağdam, Xocalı, Qazax, Laçın və Tərtər rayonlarında azğın düşmənə qarşı qəhrəmanlıqla vuruşub. 
1992-ci il iyunun 2-də polis serjantı Namiq Allahverdiyevin vuruşduğu dəstə Tərtər rayonuna yola düşür. Az müddət içində Şıxarx (keçmiş Marquşevan), Həsənqaya, Birinci Çaylı, İkinci çaylı kəndləri düşmənlərdən azad edilir. Bu uğurlu qələbələr düşmənlərimizi daha da azğınlaşdırır. Düşmən Tərtərdə Cəmilli adlanan təpəyə hücuma hazırlaşırdı. Namiqgilin dəstəsi düşməni qabaqlamaq üçün iyulun 9-da, səhərin ala-toranında həmin zirvəyə yola düşür. Onlar zirvəyə qalxan zaman güclü partlayış baş verir. Namiqin qara gözlərinə qatı zülmət çökür. O, Vətən torpağı uğrunda gedən döyüşdə qəhrəmanlıqla həlak olur.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Allahverdiyev Namiq Müslüm oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir. Beyləqan rayonundakı 1 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.

Namiq Allahverdiyev subay idi.
27 fevral 2014
GO BACK