Şahbuz rayonu Naxçıvan Muxtar Respublikasının tərkibində olan yeddi rayondan biridir. Rayonun sahəsi 918 kv.km, əhalisinin sayı isə 21.800 nəfərdir. Rayonun inzibati mərkəzi Şahbuz şəhəridir. Şahbuz Naxçıvan Muxtar Respublikasının şimalında Zəngəzur və Dərələyəz dağlarının arasında yerləşir. Şimaldan Ermənistan ilə həmsərhəddir. Şahbuz rayonu dağlıq ərazidə yerləşir. Coğrafiyadan eşitdiyimiz Biçənək dağ aşırımı da Şahbuz rayonundan keçir. Rayon eyni zamanda öz mineral suları ilə məşhurdur. Badamlı mineral suyu məhz Şahbuz rayonunun ərazisindədir. Şahbuz rayonunda kükürd və torf yataqları var. Rayonun ərazisindən şimaldan cənuba doğru Naxçivan çayı axır. Rayonun ərazisində 2 göl var-Qanlıgöl və Batabat gölü.
Şahbuz rayonu öz təbiətinə görə Naxçıvan Muxtar Respublikasının digər rayonlarından fərqlənir. Rayonun dağlarında sıx meşə massivləri var. Bunlardan Batabat meşələrini misal göstərmək olar. Batabat eyni zamanda turizm və istirahət zonası kimi yerli əhalidən başqa, turistlərin də diqqətini çəkir. Hər il Batabatı görmək üçün oraya çoxlu yerli və xarici turistlər gəlir. Burada turistlərin istirahət etməsi üçün əlverişli şərait yaradılıb.
Rayonun Biçənək, Nurs, Badamlı, Qarababa, Kükü, Külüs, Keçili, Türkeş, Qışlaq, Şada, Mahmudoba, Kolanı, Vayxır kəndləri ən sıx məskunlaşmış kəndləri arasındadır.
Azərbaycanın digər rayonları kimi Şahbuz rayonu da günü-gündən inkişaf etməkdədir. Şahbuz rayonu son zamanlar abadlıq və quruculuq meydanına çevrilmişdir. Rayonun ərazisində demək olar ki, köhnə müəssisə, təşkilat, məktəb binası qalmayıb. Rayonun ən ucqar kəndlərində belə müasir tələblərə cavab verən məktəb binaları, idarə və müəssisələr tikilib, istifadəyə verilib.
Əziz Qadin.Net xanımları, diqqətinizə çatdırım ki, Azərbaycan ədəbiyyatını öz gözəl şeirləri ilə bəzəyən şairimiz Məmməd Araz məhz Şahbuz rayonunun Nurs kəndindəndir.
Şahbuz rayon icra hakimiyyətinin binası
Badamlı kəndinin uzaqdan görüntüsü
Batabatdan bir görüntü
Batabat göllərindən fərqli görüntülər
Batabat yaylağı
Şahbuz rayonuna giriş
Şahbuz Dövlət təbiət qoruğu
Şahbuz şəhər orta məktəbi.