Qadin.NET / Səbirli olanlar üçün...

Səbirli olanlar üçün...

 

Səbirli olanlar üçün...



 

"Sizə bu gün son 8 illik ədəbiyyat təcrübəm və müşahidələrimdən bəhs edəcəm.Düzdür, 8 il ədəbiyyat adlı bir sonsuzluqda bir damladır. Xüsusilə, Selincer kimi dahi “Çovdarlıqda ucurumdan qoruyan”ı 9 ilə yazıbsa... Lakin zamanın əvvəlki keyfiyyətinin qalmadığını hər birimiz bilirik. Bizim nəsil hər şeyi sürətli istehlak edir. Əgər Ceyn Ostinin Emması yazdığı məktuba 1 ay səbirlə cavab gözləyirdisə, bu günün Emması o zaman ərzində həm aşiq ola bilir, həm ayrılır, həm də eşq əzabı çəkə bilir. Ona görə bu günün 8 ilini əminliklə keçmişin 20 ilinə bərabər olduğunu söyləyə bilərik. Bu anda mən qətiyyən bu 8 ili qabartmaq fikrində deyiləm. Sadəcə olaraq gənc yazarla, orta yaşlı yazarın arasında dayanan bir yazıçının fikirlərini sizinlə bölüşmək istəyirəm. Mühazirəyə hazırlaşan zaman nə deyəcəyimi uzun-uzadı düşündüm. Axı hər zaman fikirlərimi bədii mətnlə dilə gətirmiş adamam. O anda barmağımı dişlədim. Dadi- bidad, biz yazarlar mətnlərin arxasına sığınmış adamlarıq. Biz öz etirazlarımızı bu şəkildə dilə gətiririk. Yəni, ədəbiyyat qəbul edilmiş insanlar tərəfindən deyilən nəhəng yalandır. Amma bu yalan özündə realığı ehtiva etdiyinə görə insanları cəzb edir. İnsan niyə özü üçün bunları uydurub? Musiqini, nəsri, şeiri, incəsənəti? Çünki insan bu ağır həyatını bu şəkildə yüngülləşdırmək və gözəlləşdirmək istəyib. Qobustanda qaya rəsimlərini cizən insandan tutmuş, bu gün adi cızma-qara edən yazarın bir əbədilık istəyindən daha çox zövq almaq yüklənir. Missouri-St Louis universitetinin professorlarından biri olan Jozef Karoll bildirir ki, hekayə danışmaq və dinləmək bizə başqaları haqqında bilgi verir və empati duyğumuzu inkişaf etdirir. Yəni ədəbiyyatın bu funkisiyasını da danmaq olmaz.

 

Azərbaycan kimi periferik məkanlarda yazar kütlənin istəklərindən daha çox, sistemin dediklərinə yüklənir. Buna sübut olaraq Sovet dövründə yazılan əsərləri, sifarişləri göstərə bilərik. Lakin ədəbiyyatın bu qarışıq dövründə biz fəqli yanaşmaları da görə bilirik. Hərçənd bu yanaşmalar bəzilərinin həyatı hesabına başa gəldi, amma yenə ədəbiyyat tarixinə düşə bildi. Bunu “Oxu tar, oxu tar! Səni kim unudar?” deyənə qarşılıq olaraq sistemin diktəsi ilə “Oxuma tar, oxuma tar! Səni sevmir porletar!” kimi də görə bilərik. Lakin bizim bu andakı fokuslandığımız məsələ nəsr olduğuna görə poeziyadan- nəhəng Caviddən, Vurğundan yan otərək, Məmməd Səid Ordubadidən, Mehdi Hüseyndən və İsmayıl Şıxlı, İsi Məlikzadə kimi nəhənglərdən danışmalıyıq. Mühazirəyə ad seçərkən “Nəsrin 4 Mövsümü” adı üzərində dayandıq. Niyə 4 mövsüm? Bir anlıq xəyalıma “Azərbaycan nəsrinin baharı hardan başlayır?” sualı gəldi Torpağin bağrını yaran lalə torpağa əziyyət verdiyini düşünməz. Biz sanki 60-ci illər nəsri ilə baharı yaşayırıq. Elçin, Anar, Əkrəm Əylisli, İsi Məlikzadə. Əsas bu 3 nəfərin adını çəkə biləcəm. Çünki onların əsərləri ilə böyümüşəm.Elə İsi Məlikzadənin “Dədə Palıdı” və “Quyu” nu oxuyanda ürəyimdə bir yara qövr etdi. Düşündüm ki, görəsən mən nə vaxtsa İsi Məlikzadə kimi yaza bilərəm? Ya da Elçinin “Ölüm Hökmü”... Bu gün ürək ağrısı ilə düşünürəm ki, görəsən Elçinin, İsi Məlikzadənin əsərləri dünya ədəbiyyatına çıxarılsaydı... Bu hələ də mənim üçün sual olaraq qalır... Elə bu fikirlədə bu yaxınlarda yazar Həmid PiriyevPiriyevin Paulo Koelyo ilə Orxan Fikrətoğlunu müqayisə edən yazısını oxudum. Düzdür, bəzi nüanslarla razı deyiləm. Xüsusilə Orxanı Paulodan daha qüvvətli yazar hesab edirəm.

 

Lakin bir məsələyə xüsusi diqqət çəkmək istəyirəm ki, bizim ədəbiyyatımızda poeziya daha ötkəm sözə malik olub. Axtarış versək yenə qarşımıza nəsr nümayəndələrindən daha çox nəzm nümayəndələri çıxar. Qəribə burasındadır ki, bu qədər nəzm rəqabətində və sözlərin və hisslərin bu qədər tərənnüm olunmasına rəğmən yenə şairlərdə yeni söz demək cəsarəti tapılır. Bunun səbəbi isə genetik yaddaşımızda yatır. Əgər ədəbiyyat tariximizə nəzər salsaq Don Kixot yazılanda bizdə dastanlar yaradılırdı. Buna qətiyyən etirazım yoxdur. Əslində dünya ədəbiyyatında elə bu milli koloritlə çıxış etsək? Nəzmlı nəsrin görüşdüyü bir mətnlə- dastançılıqla?....

 

Ümumiyyətlə nəsr nəzmdən fəqli olaraq dözümlülük və səbir tələb edir. Yazar o sözləri yonmalıdır və şəkilə salmalıdlır. Lakin bu anda etiraz edə bilərsiniz ki, Azərbaycanda nəsrlə məşğul olanın da elə nəzmlə məşğul olan qədər cəsarətə ehtiyacı var. Çünki ədəbiyyatın tanrılarından hesab olunan Borxes deyir ki, daha ədəbiyyatda heç bir yenilik etmək mümkün deyil. Hər bir qəlib oturuşub və biz o qəliblərdən kənara çıxa bilmərik. Bunu Azərbaycana tətbiq etsək biz uduzmuş hesab olunuruq. Niyə? Çünki Azərbaycan oxucusu bizi oxumur. Bu nüansı burada yadda saxlayaq və oxucu məsələsini araşdıraq. Daha sonra niyə bizi oxumurlar və hazırda problem nədir? Bu prosses (yəni yeni müstəqil olmuş dövlətin milli ədəbiyyatının formalaşması) digər ölkələrdə necə yaşanıb onu araşdırarıq,

 

Nabokova görə oxucu aşağıdakı kateqoriyalara cavab verməlidir

 

1. Oxucu bir kitab klubuna üzv olmalıdır

 

2. Oxucu diqqətini sosial-iqtisadi aspektlərə yönəltməlidir

 

3. Oxucunun fantaziyası olmalıdır

 

4. Oxucunun bədii zövqü olmalıdır.

 

Artıq yeni nəsil yetişir. İnformasiya bolluğunda yaşadığımız bir zamanda kitabın oxunması da ölkələrə görə dəyişir. Hazırda dünyada kitabxana və oxucu statistikasına görə ilk yerdə gedən Finlandiyadır. (mənbə:CNN) Deməli mütaliə üçün yetişən nəsil də vacibdir. Sovet dövründə mütaliə etməyən adam nadir olardı. Bu gün isə bu sadəcə olaraq müyyən qrupların fəaliyyət dairəsi olub. Bir dəfə klişə də olsa belə söz deyilmişdi: Azərbaycan oxucusu hər an potensial yazıçı olacaq vəziyyətdədir. Niyə azərbaycanlı oxucu yazıçı olmaq fikrinə düşsün ki? Bu o zaman meydana çıxa bilər ki, sən dərzinin yanına gedərək onun işini bəyənmərsən və daha yaxşısını etmək fikrini özünə aşılayarsan. Yaxşı bu gün oxucu niyə orta statistik yazarı bəyənmir? Banu Avar bunu belə izah edir: “3 –cü dünya ölkələrinin insanın özünü kiçik görmək aşılanar. Onlar daim özünə inamsızlıqdan əziyyət çəkər və kənardakı daha gözəldir fikri ilə yaşayarlar. Bu da müstəmləkə psixologiyasından irəli gələr”. Yaxşı qonşu Gürcustan və Ermənistanda niyə belə deyil? Çünki acı da olsa bu həqiqətə boyun əyməliyik assimlasiyyaya meyillik. Bunu bu gün sübut edən sovetdən qalma elitanın rus dilində, yeni formalaşan elitanın isə Türkiyə türkcəsində danışmasıdır. Yeni formalaşan nəsli hec demirəm, artıq göz qabagındadır.

 

Orta statistik məlumatlara əsasən kitab mütaliəsi ilə tənha insanlar daha çox məşğul olurlar. Lyosa isə mütaliədə qadınların daha çoxluq təşkil etdiyini deyir.

 

Onda niyə Azərbaycanda oxucunun olmamasından şikayət var? Belə bir analoji oxşarlıq üçün qonşu ölkələrə boylandım. Elə ilk diqqətimiTürkiyə cəlb etdi. 1923-cü ildə ölkə respublika elan olundu. Əlifba dəyişdi. Artıq köhnə nəsillə yeni nəslin arasında “Atalar və Oğullar” davası qızışdı. O zamanı əks etdirən bir esse əlimə keçdi. Esse 1936-cı ildə yazılıb. Essenin müəllifi Ahmed Hamdi Tanpınardır. Tanpınar türk yazarının niyə oxunmamasını sual edir və buna 3 dəlil göstərir:

 

“1.Türk romançısının cəmiyyətlə və xalqla bağlılığı qopuqdur.

 

2.Qərb müəlliflərinin təsiri altındadır

 

3. Səmimi deyil

 

Amma Tanpınar bu 3 dəlilin də yola veriləcəyini qeyd edərək əsas deyilməyənin üstündə fokuslanır. Bəs görünməyən nədir? Görünməyən budur ki, türk romançısı konkret bir həyat tərzinin adamı ola bilmir. O təqlidçidir(hazırda əziyyət çəkdiyimiz nüans) və fikirlərlə yaşayır. Bu da cəmiyyətimizdə nadir hadisələrdən olduğundan elə fikirlərində qalır(Tanpınarın dediklərini indiki Azərbaycana tətbiq etsək: Yazar sosial şəbəkədə status yazmaqla kifayətlənir) Daha sonra isə Tanpınar qeyd edir: “Respublika qurulandan bəri ədəbiyyat ümumi həyatın dalınca düşüb. Halbuki başqa ölkələrdə ümumi həyat ədəbiyyatı güclə izləyir”. Buna bir məsələni bizdən nümunə göstərə bilərəm. Bir dəfə İlqar Fəhmi müsahibələrindən birində Azərbaycanda nəqliyyat ədəbiyyatının formalaşdığını qeyd etmişdi. Yəni bizdə ədəbiyyat ümumi həyatla uzlaşır, ümumi həyata yön vermir. Bu anda etiraz edə bilərsiniz ki, ədəbiyyatın hansIsa insanı xilas edəcəyinə inanmırıq. Bunda etiraz olaraq iki misalı deyə bilərəm.

 

1. Stalin belə özünə mübariz qismində Koba ləqəbini götürmüşdü. Bu onun bütün həyatını dəyişmişdir. Koba bir gürcü romanında çar Rusiyasına qarşı vuruşan qəhrəmanın adıdır.(Stalini xilas olunmuş hesab etməyə də bilərsiniz)

 

2. Tolstoy özündən sonra böyük bir əxlaq məktəbiu qoyub getdi. Hətta repressiya illərində Rusiyada tolstoyçuları ayrıca axtarıb güllələyərdilər.

 

İndi yenə qayıdıram bizim Həmidin məqaləsinə. Həmid deyir ki, yazar kimi önə çəkilməyən Orxan zorxanada Xeyberlə dostluqla kifayətləndi. Mütaliəsi bol adam kimi deyə bilərəm ki, Orxanın yazar olduğunu 2000-ci illərdə öyrəndim. Adamın şou kimliyi yazar kimliyini tamamilə gizləyib. İngilis dilində bir mətn əlimə keçdi. Orada hekayəni oxuyub imzaya diqqət etdim. İnana bilmirdim ki, bizim ədəbiyyatda beə güclü bir yazar var. Bunun da özünməxsus səbəblərini bilirsiniz. Bəzən nəhəng palıdlar kövrək ağacların məhv olmasına səbəb olarlar. Bu qəsdən olmaz, təbiətin və cəmiyyətin öz qanunları var. Yenə Tanpınara müraciət etsək o yeni qurulmuş respiblikada bir yazarın oxunması üçün mütləq kompleks işlərin görülməsini göstərir. Kompleks işlər nədir?

 

Hamınızın sevdiyi bir məşhur əsər var. "Balaca Şahzadə" Çoxunuz əminəm ki, onu oxumusunuz. Orada bir nüans var. Deməli Türk kosmonavtı Balaca Şahzadənin olduğu planeti kəşf edir. Amma onu geyiminə görə qəbul etmirlər. Sonra o yenidən buna cəhd edir. Amma bu dəfə geyimini dəyişərək gəlir. Təsəvvür edin Ekzüperi burada nə böyük bir həqiqəti çatdırır. Təqdimolunma. Biz mətni necə və harada təqdim edirik? Bu gün bestseller olan kitablar həm də ona görə bestseller olur ki, onları satanlar onlarla maraqlıdırlar. Kitabı biznesə çevirə biliblər. Halbuki mən əminliklə deyə bilərəm ki, Tanpınar qat-qat Pamukdan əla yazır.

 

Oxucuların vəziyyətindən bəhs etdik. Yenə həmin məsələyə qayıdıram. Ümumiyyətlə uzun illərin kitabla münasibəti mənə bir xüsusiyyəti aşılayıb. Mütaliə özü böyük bir oyundur. Necə ki, birinci “leveli” aşmasan, ikinci və üçüncü “level” gəlməz. Ona görə hər oxucunun oxuduğu mətni müəyyənləşdirmək lazımdır. Bu yaxınlarda oxuculardan biri şikayətlənərək bildirdi ki, sizin “Buqələmun” romanınız hekayələrinizdən qat-qat yaxşıdır. Mən oxucunu səbirlə dinlədim və fikirlərinə görə ona təşəkkür etdim. Çünki o onu oxuyacaq və sevəcək durumdadır. Bu halda qətiyyən hekayələri bəyənənləri ali səviyyəyə daşımıram. Sadəcə olaraq bu oyunun hansı “level”ində olursunuzsa, olun Mövlanə demiş gəlin. Tolstoyun “İvan İliçin Ölümü”nü asanlıqla mütaliə edən onun 800-dən çox obrazın olduğu “Hərb və Sülh”ü oxumaq istəməz. Bu qətiyyən oxucunun vəziyyətinin pis olmasından xəbər vermir"

9 iyun 2019
GO BACK