Qadin.NET / Kəndir bitkisi

Kəndir bitkisi

Xalq təsərrüfatı və tibbi əhəmiyyəti

Kəndir bitkilərinin müasir təbabətdə çox mühüm əhəmiyyəti vardır. Onların tərkibində olan K -strofantin və simarin qlikozidləri ürək-damar sistemi xəstəliklərinin müalicəsində ən vacib dərmandır. Azərbaycanda yayılan növlərin kökümsov gövdəsində 0,24- 0,28 %-ə qədər K-strofantin və simarin qlikozidləri müəyyən edilmişdir.

Botaniki təsviri və bioloji xüsusiyyətləri

Kəndir ( Apocynum cannabinum L.) kəndir (Apocynaceae) fəsiləsindəndir. Çoxillik bitki olub, zəngin kökümsov gövdəyə malikdir. Şaxəli kökümsov gövdəsi son dərəcə yoğun, uzunluğu bir metrə çatır. Kökləri isə incə və düyünlüdür. Bitkinin kökümsov gövdəsindən istifadə edərək onu sənaye məqsədilə vegetativ yolla becərirlər. Yaz aylarında bitkinin kökümsov gövdəsindən hündürlüyü 1-1,5 m-ə çatan çiçəkli bir neçə yerüstü gövdə yetişir ki, onun da üzərində qarşı-qarşıya düzülmüş yumurta şəkilli, kənarı bütöv yarpaqları və qalxanvari müxtəlif rəngli (növündən asılı olaraq) çiçəkləri yerləşir. İki hissəli silindrik vərəqdən ibarət olan meyvələri yetişəndə qonur -sarı rəngə boyanır. Toxumları uzunsov, yumurta şəklində olub, gümüşü boz rəngdədir.

 

Kəndir bitkisi

 

Yayılması

Kəndir bitkisinin bir sıra növlərinə təsadüf olunur. Bunlardan müasir təbabətdə ən çox istifadə olunanı əkin kəndiri adlanır. Bu, çox qiymətli dərman bitkisi olduğu üçün son illərdə bir çox ölkələrdə becərilir, o cümlədən onu 1932-ci ildən sənaye əhəmiyyətli bitki kimi Ümumittifaq Dərman Bitkiləri İnstitutu (VİLR) geniş miqyasda becərir. Əkin kəndiri ilə yanaşı son illərdə Azərbaycanda (Füzuli və Laçın rayonlarında) yayılan iki növ kəndir bitkisi Azərbaycan alimləri tərəfindən öyrənilmişdir. Azərbaycan florasında qeyd edilmiş bu bitkilərdə K-strofantin və simarin adlı iki ürək qlikozidi tapılmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, göstərilən hər iki kəndir bitkisinin respublikamızda çoxlu ehtiyatı vardır. Abşeronda (AMEA-nın Botanika İnstitutunun ərazisində) 1964-cü ildən bəri becərilir.

 

Kəndir bitkisi

 

Yığılması

Dərman məqsədilə kəndir bitkilərinin kökləri ilə bir yerdə payızın son aylarında (Oktyabr-Noyabr) toplayır, soyuq su ilə yuyub təmizlədikdən sonra xüsusi binalarda 45-50 dərəcə temperaturda qurudurlar. Qurudulmuş xammalı xüsusi torbalara yığıb kimya-əczaçılıq zavodlarına göndərirlər.

Dərman əhmiyyətli bitkilər

 


19 fevral 2016
GO BACK