Qadin.NET / Jenşen

Jenşen

Xalq təsərrüfatı və tibbi əhəmiyyəti

Dərman məqsədilə bitkinin köklərindən istifadə olunur. Meyvəsi yetişən vaxt kökləri (avqust ayında) toplanır. Çində və Koreyada bitkinin köklərini sümükdən hazırlanmış kürəklər vasitəsilə çıxarır, rütubətli torpaqla bir yerdə qablaşdırıb tədarük məntəqələrinə təhvil verirlər. Jenşenin kökləri hələ tam öyrənilməmişdir. Müəyyən edilmişdir ki, bitkinin köklərində panaksozid adlanan saponinlər qarışığı vardır. Hazırda köklərindən panaksodinol adlı steroid tipli maddə alınmışdır. Bundan başqa tərkibində panaksin qlikozidi, efir yağı, B1 və B2 vitaminləri, kökünün külündə isə 53%-ə qədər fosfat turşusu müəyyən edilmişdir. Avropa təbabətində jenşenin müalicə təsiri hələ tam aydınlaşdırılmamışdır. Jenşen Çin təbabətinin ən qədim dərman bitkilərindən biridir.

Uzaq Şərq təbabətində də bu, geniş miqyasda işlədilir. Uzaq şərq ölkələrində jenşendən bir sıra xəstəliklərin (revmatizm, vərəm və qan damarları sistemi xəstəlikləri, diabet və başqa xəstəlikləri) müalicəsində istifadə edilir. MDB-də jenşen kökündən fiziki və zehni yorğunluqda tonizəedici dərman alınır. Tədqiqatlar göstərir ki, Azərbaycan jenşeni yüksək müalicə əhəmiyyətinə malikdir.

Onun qüvvətverici, cavanlaşdırıcı və bu kimi digər xariqüladə təsirləri haqqında xalq arasında yayılmış rəvayətlərin təsirindən onu sağlam adamlar da işlədir. Jenşen kökünün diabet xəstəliyində müsbət təsiri də müəyyən edilmişdir.

Botaniki təsviri

Jenşen (Panax ginseng. C. A. Mey) Araliaseya (Araliaceae) fəsiləsindəndir. Bitkinin cinsinin adı «panasea» sözündən götürülmüşdür. Bunun mənası “hər dərdə dəva” deməkdir. “Ginzenq” sözü isə Çin sözü “jen-şen” dən alınmışdır. Çin dilində jen – adam, şen – kök deməkdir. Kökünün adama oxşamasına görə bitkiyə bu ad verilmişdir.

Jenşen


Jenşen uzun ömür sürən (50 ildən artıq inkişaf edə bilən) çoxillik və davamlı bitkilərdən biridir. Şirəli kökləri ancaq bir yerüstü gövdə yetişdirir. Onun da hündürlüyü 70 sm-ə çatır. Yerüstü gövdənin yuxarı tərəfində beş yerə ayrılmış barmaqşəkilli hissələrdən ibarət iri yarpağı vardır. Cavan yaşlı jenşenin yarpaqları nisbətən kiçik olur. Yerüstü gövdəsinin yarpaqlara ayrıldığı yerdən bir çiçək oxu uzanır. Bunun da zirvəsində nəzəri o qədər də cəlb etməyən sadə və yaşılımtıl-ağ rəngli çiçəklər toplanır. Yetişəndə parlaq qırmızı rəngə boyanan giləmeyvəsinin içərisində 2 ədəd toxum yerləşir. Jenşen İyul ayında çiçəkləməyə, Avqust ayında isə meyvə verməyə başlayır.

Jenşen

Yayılması

Yabanı halda Mancuriyanın və Koreyanın meşə zonalarında geniş yayılmışdır. Çində və Uzaq şərqdə (Vladivostokda) bu bitkiyə çox təsadüf edilir. Qiymətli olduğu üçün jenşeni Çində və Koreyada, MDB-də isə Uzaq şərqdə sənaye əhəmiyyətli bitki kimi becərirlər. Amerikada jenşenin başqa bir növü becərilir və ondan Çin jenşeninin əvəzedicisi kimi istifadə edilir. Respublikamızın Zaqatala rayonunda da bu bitki əkilib becərilir.

Dərman əhmiyyətli bitkilər

8 noyabr 2015
GO BACK