Mütəxəssislərin fikrincə, hər gün acqarına səhər tezdən bir xörək qaşığı zeytun yağı içilərsə, yaxud bir neçə ədəd zeytun yeyilərsə, orqanizmdə heç bir xəstəliyə rast gəlinməz, bədən sağlam və gümrah olar. Lakin etiraf edək ki, çoxumuz bu qaydaya əməl etməyə bir qədər tənbəllik edirik, sağlamlığımıza laqeyd yanaşırıq, yatağa düşəndə, başımız yastığa çatanda isə gec olur, çox gec...
Zeytunun sağlamlığımızın qorunması üçün çoxsaylı əhəmiyyətini nəzərə alıb qəzetimizin “Ailə” səhifəsində bu səpkidə yazılara həmişə üstünlük verməyə çalışıram. Çünki qida dəyəri olduqca yüksək olan zeytunun və yağının faydaları bitib-tükənməzdir. Xüsusilə, indiki zamanda - ürək-damar xəstəliklərinin daha çox yayıldığı bir dövrdə zeytun yağı tərkibindəki antioksidanlar sayəsində xəstəliklərin qarşısının alınmasında, eləcə də orqanizmin xərçəng xəstəliyindən qorunmasında müsbət rol oynayır.
Zeytun yağından təkcə salat və xörəklərdə deyil, təbabətdə də geniş istifadə olunur. Bu yağ ateresklerozun inkişafını ləngidərək, maddələr mübadiləsini sürətləndirir.
Zeytunun yarpaq və gövdəsinin 300 qramını 15 dəqiqə qaynadıb süzdükdən sonra şəkər əlavə etməklə 2 həftə fasiləsiz olaraq səhər-axşam isti halda içmək çox faydalıdır.
1 həftə ərzində hər gün təxminən 2 yemək qaşığı zeytun yağı qəbul etməklə xolesterolun düşməsində son dərəcə müsbət nəticə əldə etmək mümkündür. Bədəni zeytun yağı ilə masaj etdikdə qan dövranı sürətlənir və toxumalara oksigenin daşınması asanlaşır.
Zeytun yağının bir üstünlüyü də ondadır ki, digər yağlarla müqayisədə nəinki tez həzm olunur, həm də qanda xolesterolun səviyyəsini tənzimləyir, qızartma işlərində də əvəzsizdir. Bu baxımdan mütəxəssislər xörəklərdə daha çox zeytun yağından istifadə etməyi məsləhət görürlər. Zeytunun yarpağı da təzyiqin aşağı düşməsində mükəmməl vasitədir.
Ardı var..
Məlahət Tağıyeva