Günlərin birində Loğman Anadolunun cənubunda yaşayan insanların sağlamlıqla bağlı öyrənmək üçün köməkçilərlə birlik yola çıxır. Tavr dağlarını aşıb Aralıq dənizi sahillərinə yaxınlaşdıqda yolunun sağ və solunda bütün ərazinin keçibuynuzu ağacları ilə dolu olduğunu görür. Həkim ayaq saxlayaraq "bu insanların mənə ehtiyacı olmaz", deyib geri qayıdır. Bu rəvayət keçibuynuzunun hər zaman sağlam qida mənbəyi kimi tanındığını bir daha sübut edir.
Ümumi məlumat
Keçibuynuzu paxlalılar fəsiləsindən olan bitki növüdür. Uzunömürlü sayılan bu ağacın hündürlüyü 6-12 metrədək olub, meyvələri 10-25 sm-dir. Keçibuynuzu ağacı ilk 15 il ərzində meyvə vermir. Yetişdikdən sonra isə bir ağac 1000 kq qədər bar gətirir. Keçibuynuzu əsasən Aralıq dənizi sahillərində, Misir, Türkiyə, Kipr, Yunanıstan, İspaniya, Portuqaliya, Siciliya adası və Maltada, eləcə də ABŞ-ın Kaliforniya ştatı ərazisində bitir. Son illər Azərbaycanda da becərilməyə başlanıb. Bir çoxları bu ağacı "konfet ağacı" kimi tanıyır.
Tarixi əhəmiyyəti
Keçibuynuzu ağacının meyvəsi təqribən 5000 ildir ki, insanlar tərəfindən tanınır və geniş şəkildə istifadə olunur. Latın dilində bu bitki "Ceratonia siliqua" adlanır. İngilis dilində keçibuynuzuna "carob" deyilsə də, daha çox "St.Johns Bread" kimi tanınır. Alman dilində isə ona "johannisbrot" deyilir. Hər iki dildə də "Yaqub Peyğəmbərin çörəyi" mənasına gəlir. Deyilənlərə görə, Yaqub peyğəmbər səhrada çörək yerinə məhz keçibuynuzu ağacının meyvəsindən istifadə edərmiş.
İstifadə qaydaları
Bir neçə yüz il bundan əvvələ kimi şəkər əvəzinə və ya hazırlanan şirniyyatlarda məhz keçibuynuzundan istifadə olunurdu. Sonralar ağ şəkər istehsalının başlaması ilə bu sağlam qida ənənəsi tədricən yox oldu. İnsanlar keçibuynuzunun qidalanmadakı əhəmiyyətini unutdular. Hazırda keçibuynuzu toxumları qida maddələrində E410 indeksi ilə göstərilən həcmartırıcı maddə kimi istifadə olunur. Keçibuynuzu və çəyirdəkləri üyüdülərək tək südlə və bal qatılmış südlə qəhvə kimi bişirmək, yaxud da bəkməz düzəldərək istifadə etmək olar. Tərkibində xolestrol, kafein və teobromin olmadığı üçün qan təzyiqi olan insanlar ondan rahatca istifadə edə bilərlər.
Faydaları
Sağlamlığınız üçün keçibuynuzunun faydaları saya bilməyəcəyimiz qədər çoxdur. Keçibuynuzunun ən vacib xüsusiyyətlərindən biri nəfəs darlanmasına qarşı olan maddə, demək olar ki, başqa heç bir bitkidə yoxdur. Bu maddə, eyni zamanda, bəzi allergik astma xəstəliklərində o qədər güclü təsir edir ki, onun faydasını dərhal görmək və xəstəliklə mübarizədə çox qısa müddət ərzində müsbət nəticə əldə etmək mümkündür.
Keçibuynuzunun tərkibindəki qallium (qanda tromb əmələ gəlməsinin qarşısını alan maddə) turşusu insan sağlamlığına müsbət təsir edən çoxşaxəli xüsusiyyətlərini daha da artırır.
Keçibuynuzu allergiyaya, astmaya, bronxitə, xərçəngə qarşı istifadə oluna bilər. Həmçinin qaraciyəri toksinlərdən təmizləyir, immun sistemini gücləndirir, orqanizmdəki mikrobları məhv edir, ihsal və qəbzliyi aradan qaldırır, bronxları genişləndirir, uşaq iflicinə qarşı, eləcə də antiseptik, antibakterial və ağrıkəsici təsirə malikdir. Ağciyər xərçənginin daha yaxşı müalicə edilməsi üçün keçibuynuzu ilə birlikdə qırmızı turp da istifadə edilərsə, keçibuynuzunun təsir gücü daha da artar.
Maraqlı faktlar
Keçibuynuzunun toxumları hər zaman sabit çəkiyə malikdir. Bir toxumun ağırlığı 0,2 qramdır ki, bu da bir karata bərabərdir. Elə "karat" sözü də yunanca buynuz mənasını verən "keration" sözündəndir. Qədim romalıların keçibuynuzu toxumundan çəki daşı kimi istifadə etdikləri məlumdur. Onlar toxumların köməyi ilə qiymətli daşların çəkisini təyin edirdilər. Sonralar bu ənənə ərəb xilafəti, səlcuqlar və osmanlılar dövründə də davam etdirilib. Bitki fosfor və kalsium baxımından da zəngindir. Bu səbəbdən də keçibuynuzu osteoporoz (sümük əriməsi) xəstəliyi olanlara kalsium ehtiyacının qarşılanmasında böyük kömək göstərir.