Qadin.NET / Bitkilər və təbabət (14)

Bitkilər və təbabət (14)

Bitkilər və təbabət (14)

Meşə çiyələyi

(lat. Fragaria vesca)

Azərbaycanda çiyələk həm yabanı halda geniş yayılıb, həm də becərilir. Çiyələyin meyvə və yarpaqlarında şəkər, üzvi turşular, pektin və qatranlı maddələr, müxtəlif vitaminlər, flavonoidlər və s. maddələr vardır.
Çiyələyin qurudulmuş meyvələrindən və yarpaqlarından dəmləmə hazırlayıb podaqrada, böyrək xəstəliklərində, xüsusilə sidik yolları daşlarında sidikqovucu və daşsalıcı, eləcə də ümumi zəiflikdə və qanazlığında qüvvətləndirici, hipertonia xəstəliyində isə hipotenziv dərman kimi istifadə edilir.
İstifadə qaydası: bitkinin qurudulmuş meyvəsindən 2-3 xörək qaşığı götürüb, 2 stəkan qaynar suda 30-40 dəqiqə dəmləyib gündə 4 dəfə, hər dəfə 1/2 stəkan, qurudulmuş və xırdalanmış yarpaqlarından isə 1 xörək qaşığı 1 stəkan qaynar suda 40-50 dəqiqə dəmləyib xörək qaşığı ilə gündə 2-3 dəfə qəbul edirlər.

Bitkilər və təbabət (14)

Mərcangilə

(lat. Vaccinium vitis-idaea)

Mərcangilənin qurudulmuş yarpaqlarının dəmləməsi-bişirməsi sidikqovucu və antiseptik təsirə malikdir. Onlardan sidik yollarının daş xəstəliyində, eləcə də ishalda və revmatizmə qarşı istifadə olunur. Bitkinin yarpaqlarını və meyvələrini mədənin turşuluğunu azaldıcı dərman kimi də işlədirlər.
İstifadə qaydası: mərcangilənin qurudulmuş və xırdalanmış yarpaqlarından 1 xörək qaşığı götürüb 1 stəkan qaynar suda 1 saat müddətində dəmləyirlər, süzdükdən sonra xörək qaşığı ilə gündə 3-4 dəfə qəbul edirlər.

Bitkilər və təbabət (14)

Moruq

(lat. Rubus idaeus)

Azərbaycanda moruğun 15 növü yayılıb. Dərman məqsədilə moruğun meyvələrindən istifadə olunur. Meyvələri şəkər, üzvi turşular, pektin, qatranlı maddələr, vitaminlər və flavonoidlərlə çox zəngindir. Ona görə də moruğun meyvələrindən həm yeyinti sənayesində həm də tibbdə geniş istifadə olunur. Qurudulmuş meyvələrinin dəmləməsindən, mürəbbəsindən, şərbətindən həzm prosesini yaxşılaşdırıcı, tərlədici və qızdırmasalıcı, eləcə də qanazlığında və ümumi zəiflikdə qüvvətverici məqsədlə istifadə edilir. Moruğun çiçəklərinin dəmləməsi ilan zəhərinə qarşı tətbiq edilir.
İstifadə qaydası: moruğun qurudulmuş meyvələrindən 1 xörək qaşığı 1 stəkan qaynar suda dəmləyib isti halda içirlər. Moruq meyvəsindən şərbət hazırlayıb bir sıra dərmanların dadını yaxşılaşdırmaq üçün onların tərkibinə əlavə edirlər.

Bitkilər və təbabət (14)

Muskat sürvəsi

(lat. Salvia sclarea)

Muskat sürvəsi Azərbaycanın dağ-meşə rayonlarında geniş yayılıb, ətirli iyə malikdir, tərkibində 1%-ə qədər efir yağı vardır. Xalq təbabətində yarpaqlarından sulu dəmləmə şəklində soyuqdəymələrdə, böyrək-sidik yolları xəstəliklərində istifadə olunur. Bundan əlavə, muskat sürvəsindən məlhəm hazırlayıb onu dəri yaralarının, yanıqların müalicəsində və yarasağaldıcı kimi istifadə edirlər.
İstifadə qaydası: bitkinin qurudulmuş və xırdalanmış yarpaqlarından 2 xörək qaşığı 2 stəkan qaynar suda dəmləyib gündə 4 dəfə, hər dəfə 1/2 stəkan içirlər.

Bitkilər və təbabət (14)

Naringi

(lat. Citrus reticulata)

Naringinin meyvələrinin qabıqlarından tinktura hazırlayıb, xroniki mədə-bağırsaq xəstəliklərində həzm orqanlarının fəaliyyətini yaxşılaşdıran və iştaha artıran dərman kimi istifadə edirlər.  Naringi meyvələrinin qabığında 4-5 % xoş ətirli iyə malik efir yağı vardır.
İstifadə qaydası: meyvələrinin təzə soyulub xırdalanmış qabıqlarından 2-3 xörək qaşığı yarım litr zəif spirtdə (araqda) hərdənbir çalxalamaqla 6-7 gün saxlayandan sonra yeməkdən 1-2 saat qabaq gündə 3 dəfə, hər dəfə 2 xörək qaşığı içirlər.

11 iyun 2014
GO BACK