Əvəlik
(lat. Rumex)
Azərbaycanda əvəlik bitkisinin çoxlu növləri var. Bunlardan ən çox istifadə olunanı at əvəliyi və qırmızıyarpaq əvəlikdir. Hər iki əvəlik respublikanın əksər rayonlarında geniş yayılıb. Dərman məqsədilə əvəliyin köklərindən istifadə olunur. Köklərində çoxlu miqdarda antresan törəməli qlikozidlər və aşı maddələri vardır. Əvəliyin qurudulmuş köklərinin tozundan, bişirməsindən və ekstaktından mədə-bağırsaq xəstəliklərində (ishalda, dizenteriyada, kolitlərdə, enterokolitlərdə, babasildə və.s) istifadə edilir.
İstifadə qaydası: Əvəliyin qurudulmuş və xırdalanmış köklərindən 2 xörək qaşığı 2 stəkan qaynar suda 40-50 dəqiqə dəmləyib soyudub və süzürlər. Həmin dəmləmədən gündə 3 dəfə, hər dəfə 1-2 xorək qaşığı içirlər. Əvəliyin köklərini əzib toz halına salır və ondan gündə 3 dəfə, hər dəfə 1 qram qəbul edirlər.
Əkin qırxbuğumu
(lat. Fagopyrum sagittatum Gilib.)
Bitkinin qurudulmuş çiçəklərinin sulu dəmləməsi tənəffüs yolları xəstəliklərində iltihabı aradan qaldırıcı və bəlğəmgətirici dərman kimi qəbul edilir. Əkin qırxbuğumunun çiçəkli hissələrindən eyni zamanda rutin preparatı da hazırlanır. Rutin tablet formasında buraxılır. O, qan damarlarının (kapilyarların) divarlarını möhkəmləndirən, qan damarı zədələnməsinin və qansızmasının qarşısını alan vacib dərman kimi elmi təbabətdə istifadə edilir.
İstifadə qaydası: bitkinin qurudulmuş çiçəklərindən 15 qram 2 litr qaynar suda 40-60 dəqiqə müddətində dəmləyir, süzdükdən sonra gündə 3-4 dəfə, hər dəfə 1/2 stəkan qəbul edilir.
(lat. Coriandrum sativum)
Keşniş efir yağlı bitkilərdən olub, Azərbaycanda tərəvəz bitkisi kimi becərilir. Xalq təbabətində meyvələrindən sulu dəmləmə hazırlayıb həzm prosesini yaxşılaşdıran, mədənin şirə ifrazını çoxaldan, eləcə də ödqovucu, babasil xəstəliyində iltihabı aradan qaldırıcı və ağrıkəsici dərman kimi istifadə edilir.
İstifadə qaydası: qurudulmuş meyvələrindən 3 çay qaşığı 1 stəkan qaynar suda (dəm çaynikində) 10-15 dəqiqə dəmləyir, sonra gündə 3 dəfə, hər dəfə 2 xörək qaşığı, yeməkdən 30 dəqiqə qabaq qəbul edilir.
Əmənkömənci
(lat. Malva)
Azərbaycanda bitkinin 10 növü vardır. Əmənköməncini yay fəslində toplayaraq qurudulmuş köklərindən və çiçəklərindən dəmləmə hazırlayıb soyuqdəymələrdən törənmiş tənəffüs yolları xəstəliklərində bəlğəmgətirici dərman kimi işlədirlər.
İstifadə qaydası: bitkinin qurudulmuş və xırdalanmış köklərindən 10 qram 2 stəkan suda dəmləyib, gündə 4 dəfə, hər dəfə 1/2 stəkan içirlər. Qurudulmuş çiçəklərindən 1-2 xörək qaşığı 2 stəkan qaynar suda dəmləyib, gündə 3-4 dəfə, hər dəfə 1/2 stəkan qəbul edirlər.
Əncir
(lat. Ficus carica)
Tut fəsiləsindəndir. Əncirin əsl vətəni Suriya və Kiçik Asiya ölkələridir. Bununla yanaşı, əncir Aralıq dənizi sahillərində, xüsusilə Yunanıstanda geniş yayılmışdır. Azərbaycanda da bu bitki çoxdan becərilir. Abşeronda becərilən "sarı sabahı" ənciri olduqca məhşurdur, onun xoş ətri və şirin dadı xalqa məlumdur. Əncirin tərkibində şəkərlər (qlükoza, fruktoza, saxaroza, arabinoza), pekin, üzvi turşular, B1, B6, PP, C vitaminləri, karotin, pantoten və folium turşuları kalium, kalsium, maqnezium, dəmir, aliminium, sink, sisilium duzları və az miqdarda D vitamini vardır. Təzə dərilmiş əncir meyvəsi ürək xəstəliklərinin müalicəsi üçün çox faydalıdır. Bundan əlavə, əncir soyuqdəymədən baş verən tənəffüs yolları iltihabını, eləcə də öskürəyi aradan qaldırmağa kömək edir, həm də zərif işlədici və sidikqovucu təsir göstərir. Əncir doşabı qanazlığı zamanı və ümumi zəiflikdə olduqdca yaxşı effekt verir. Əncirin yarpaqlarıda ürək xəstəlikləri üçün səmərəli dərmandır. Onların dəmləməsini qəbul etdikdə ürək ağrıları kəsilir, qan təzyiqi aşağı düşür və ürəyin fəaliyyəti təzim olunur.
İstifadə qaydası: əncirin qurudulmuş meyvələri müntəzəm yeyilir. Onun doşabını gündə 3-4 dəfə 1 xörək qaşığı qəbul edirlər. 20 qram qurudulmuş əncir yarpağını 200 ml suda dəmləyib süzdükdən sonra gündə 3 dəfə, hər dəfə 1-2 xörək qaşığı içirlər.