Dərman sürvəsi (adaçayı)
(lat. Salvia officinalis)
(lat. Salvia officinalis)
Azərbaycanda sürvənin bir neçə növü yayılıb. Sürvə efir yağlı bitkidir. Efir yağı ilə yanaşı, sürvə aşı maddələri ilə də çox zəngindir.
Elmi təbabətdə dərman sürvəsinin ancaq yarpaqlarından istifadə edilir. Yarpaqları bitki çiçək açan dövrdə toplanır, sonra xüsusi quruducularda qurudulur və quru havalı yerdə saxlanır. Qurudulmuş yarpaqlarından sulu dəmləmə və bişirmə hazırlayıb anginada, diş ətinin və ağızın selikli qişasının iltihabında dezinfeksiyaedici kimi istifadə olunur. Xalq təbabətində sürvədən çay dəmləyib tərlədici və ödqovucu məqsədlə işlədirlər.
İstifadə qaydası: bitkinin qurudulmuş yarpaqlarından 2 çay qaşığı 2 stəkan qaynar suda yarım saat dəmləyəndən sonra süzür və yeməkdən qabaq gündə 3 dəfə, hər dəfə 1/2 stəkan içirlər. Qurudulmuş yarpaqlarından 20 qram 200 ml suda dəmləyib gündə 5-6 dəfə ağızı və bozğazı qarqara edirlər.
Dərman xəşənbülü
(lat. Melilotus officinalis)
(lat. Melilotus officinalis)
Azərbaycanda dərman xəşənbülü çox geniş yayılıb. O, kumarinlə zəngin bitkilərə aiddir. Dərman xəşənbülünün yerüstü hissəsini çiçəkləyən dövrdə toplayır, açıq quru havada sərib qurudur, sonra xırda-xırda doğrayıb toz şəklinə salırlar. Tozundan çay dəmləyib xroniki bronxitdə, yuxusuzluqda, miqrendə, və tromboflebitlərlərdə içirlər.
İstifadə qaydası: tozundan 2 çay qaşığı götürüb 2 stəkan qaynar suda 30-40 dəqiqə dəmləyir, sonra gündə 3-4 dəfə, hər dəfə 1/2 stəkan qəbul edirlər.
Dərman şüvərəni
(lat. Sisymbrium officinale)
(lat. Sisymbrium officinale)
Şüvərən respublikamızda geniş yayılmış bitkidir. Tərkibində tioqlikozid olan bitkilərdəndir. Onun yerüstü hissəsindən bitki çiçəkləyən vaxt toplayır, açıq quru havada qurudulur, toz halına salıb çay kimi dəmləyirlər. Həmin dəmləmə tənəffüs yolları xəstəliklərində, xüsusilə ağciyər vərəmində, bəlğəmgətirici və ağrıkəsici dərman kimi istifadə edilir.
İstifadə qaydası: bitkinin xırdalanmış və qurudulmuş otundan 1 xörək qaşığı 1 stəkan qaynar suda 1 saat dəmləyərək süzür və gündə 4-5 dəfə, hər dəfə 1 xörək qaşığı içirlər.
Dəfnə ağacı
(lat. Laurus)
(lat. Laurus)
Dəfnə qiymətli efir və piy yağlı bitkidir. O, Azərbaycanda, xüsusilə Abşeronda dekorativ bitki kimi çoxdan becərilir. Dəfnə ağacının yarpaqlarından və meyvələrindən istifadə olunur. Bitkinin yarpaqlarını toplayıb qurudandan sonra xırdalayır və həvəngdəstədə kərə yağı ilə yaxşı qarışdırılır. Ağrıkəsici dərman kimi xaricə sürtmə yolu ilə istifadə olunur. Bitkinin meyvələrindən alınan dəfnə yağı da eyni məqsədlə istifadə olunur.
İstifadə qaydası: 6 hissə qurudulmuş və xırdalanmış dəfnə yarpağı 1 hissə ardıc yarpaqları ilə birlikdə kərə yağında qarışdırılıb məlhəm şəklinə salınır, sonra ondan ağrıkəsici və iltihabı aradan qaldırıcı dərman kimi xaricə sürtmə yolu ilə istifadə olunur.
Əkin yerkökü
(lat. Daucus sativus)
(lat. Daucus sativus)
Yerkökü karotinlə zəngin bir tərəvəz bitkisidir. Onun köklərindən gövdələrindən alınan təzə şirə tənəffüs yolları xəstəliklərində sinə yumşaldıcı dərman kimi çox faydalıdır. Yerkökü orqanizmdə oksidləşmə-reduksiyaolma prosesini yaxşılaşdırır və şəkər mübadiləsini tənzim edir.
İstifadə qaydası: köklərindən təzə alınmış şirə bal ilə qarışdırılaraq gündə 4-5 xörək qaşığı qəbul edilir. Uşaqlara çay qaşığı ilə verilir.