Qadin.NET / Bitkilər və təbabət (10)

Bitkilər və təbabət (10)

Dərman qulançarı (mərəçüyüdü)

(lat. Asparagus)
Azərbaycanda 7 növü yayılmışdır, 2 növündən tibbdə istifadə olunur.
Dərman qulançarı çoxillik ot bitkisi olub, nazik kökümsov gövdəyə və 1-1,5 metr hündürlükdə yerüstü gövdəyə malikdir. Yarpaqları xırda, nazik və yaşıldır. Çiçəkləri xırda sarı rəngdədir. Meyvəsi qırmızı rəngli, şar formalı giləmeyvədən ibarətdir. Bitki may-iyun aylarında çiçəkləyir, meyvəsi avqust ayında yetişir.
Dərman məqsədilə köklərindən və cavan yaşıl budaqlarından istifadə edilir. Kökləri payızın ilk aylarında toplayıb su ilə yuyurlar və xırda-xırda doğrayıb xüsusi quruducularda 45-50 dərəcə temperaturda qurudurlar. 
Qulançarın köklərində asparagin və steroidsaponinləri aşkar edilmişdir. Meyvələrində 36 %-ə qədər şəkər, karotin, askorbin turşusu və s., toxumlarında isə 16 % piyli yağ vardır.
Xalq təbabətində qulançarın kök və meyvələrindən böyrək xəstəliklərində sidikqovucu, iltihabı aradan qaldırıcı, eləcə də diabet xəstəliyində şəkərsalıcı dərman kimi istifadə edilir.
İstifadə qaydası: xammaldan 2-3 xörək qaşığı 1 stəkan qaynar suda dəmləyərək, gündə 3-4 dəfə içirlər.
Bitkilər və təbabət (10)
Dərman gülümbaharı
(lat. Calendula officinalis)
Azərbaycanda gülümbahar geniş becərilir. Bitkinin qurudulmuş çiçəklərindən sulu dəmləmə hazırlanır, qaraciyər, öd yolları, mədə-bağırsaq xəstəliklərində qəbul edirlər.
İstifadə qaydası: gülümbaharın qurudulmuş və xırdalanmış çiçəklərindən 1 xörək qaşığı 2 stəkan qaynar suda 15-20 dəqiqə dəmləyib gündə 4 dəfə, hər dəfə 1/2 stəkan qəbul edilir.
Gülümbahar çiçəklərinin tinkturası ilə müasir təbabətdə boğaz ağrısında (anginada) güclü antiseptik və dezinfeksiyaedici dərman kimi qarqara edirlər. 
Dərman pişikotu
(lat. Valeriana officinalis)
Pişikotu kökünün dəmləməsi sinir sisteminə sakitləşdirici təsir göstərir. Ondan eyni zamanda yuxusuzluqda, ürək aritmiyasında, ürək nevrozunda, qıcolmada, spazmada və s. xəstəliklərin müalicəsində də istifadə edirlər.
İstifadə qaydaları: qurudulmuş pişikotu kökündən 1:30 nisbətində (1 qram pişikotu kökünü 30 ml suda) dəmləyib süzdükdən sonra gündə 3-4 dəfə, hər dəfə 1 xörək qaşığı qəbul edirlər. Pişikotu tinkturasından eyni məqsədlə gündə 20-25 damcı içirlər. 
Bitkilər və təbabət (10)
Dərman rozmarin
(lat. Rosmarinus officinalis)
Azərbaycanda dekorativ bitki kimi becərilir. Bitkinin çiçəkli baş hissələrini çiçək açan dövrdə toplayaraq kölgəli quru havada qurudurlar və dəmləmə hazırlayıb sinir sisteminin tonusunu artırıcı dərman kimi işlədirlər. 
İstifadə qaydası: qurudulub xırdalanmış yarpaq və çiçəklərindən 2 çay qaşığı 2 stəkan suda 15-20 dəqiqə dəmləyib gündə 3 dəfə, hər dəfə 2 xörək qaşığı içirlər.
Bitkilər və təbabət (10)
Dərman sabınotu
(lat. Saponaria officinalis)
Azərbaycanda 4 növü vardır. Payız aylarında toplanıb təmizlənmiş və xırdalanmış köklərindən və kökümsov gövdəsindən soyuqdəymələrdən baş vermiş xəstəliklərdə (quru öskürəkdə, bronxitdə), mədə-bağırsaq xəstəliklərində (meteorizmdə), qaraciyər və oynaq xəstəliklərində, eləcə də psoriazda istifadə edirlər. 
İstifadə qaydası: bitkinin qurudulmuş və xırdalanmış köklərindən 2 çay qaşığı 2 stəkan qaynanmış soyuq suda 6 saat dəmləyir, sonra gündə 3-4 dəfə, hər dəfə 1/2 stəkan içirlər.
7 iyun 2014
GO BACK