Qadin.NET / Bitkilər və təbabət (9)

Bitkilər və təbabət (9)

Bitkilər və təbabət (9)
Dərgül (itburnu)
(lat. Rosa arvensis)
Azərbaycanda dərgülün 54 növü yayılıb. Bunların meyvələrindən qədimdən bu günə qədər xalq təbabətində istifadə edilir. Dərgülün meyvələrindən elmi təbabətdə də geniş istifadə olunur.
Dərgülün meyvələri vitaminlərlə xüsusilə C vitaminilə olduqca zəngin təbii xammaldır. Onun bəzi növlərində (məsələn: darçınabənzər, dahur və.s) C vitaminin miqdarı 5-6 faizə qədərdir. Dərgülün meyvələrində C vitamini ilə yanaşı karotin, B1, B2, P, K vitaminləri, alma və limon turşuları, şəkər və flavonoidli maddələr də vardır. Odurki, dərgül meyvələrindən dəmləmə hazırlayıb avitaminoz xəstəliklərində (skorbut, beri-beri və.s), eləcə də qaraciyər və öd yolları xəstəliklərində, ümumi zəiflikdə, qanazlığında qəbul etmək faydalıdır.
Dərgülün meyvələrinin çayı şəkərli diabetə də xeyirlidir. Müasir təbabətdə dərgül meyvələrindən dəmləmə, konsentrat, mürəbbə, şərbət formasında, eləcə də ödqovucu preparat şəklində geniş istifadə edilir. Meyvələrinin toxumlarından piyli yağ alınır və dəri xəstəliklərində, xüsusilə ekzemada yarasağaldıcı dərman kimi işlədilir.
 İstifadə qaydası: bitkinin qurudulmuş meyvələrindən 60-70 ədəd dəm çaynikinə yerləşdirilir, sonra üzərinə 1/2 litr qaynar su əlavə edib 1-2 saat dəmləyirlər. Bu qayda üzrə hazırlanan dərgül çayından gündə 3-4 dəfə, hər dəfə 1 stəkan içirlər. Uşaqlara hər dəfə yarım stəkan verilir.
Bitkilər və təbabət (9)
Dərman qıjı
(lat.Dryopteris filix-mas)
Azərbaycanda həmin bitkinin bir növü yayılıb. Qıjınin təzə dərilmiş və cavan yarpaqlarından salat kimi istifadə edilir. Təzə yarpaqlarının dəmləməsini və şirəsi qanazlığında, böyrək və sidik yollarıında mövcud olan daşlarda, eləcə də iltihab əleyhinə çox faydalıdır.
İstifadə qaydası: bitkinin yarpaqlarından hazırlanmış təzə şirədən gündə 3 dəfə, hər dəfə 1 çay qaşığı qəbul edirlər və yaxud təzə toplanmış yarpaqlarından 20-30 qram götürüb 1 litr qaynar suda dəmləyir, qankəsici dərman kimi gündə 3-4 dəfə, hər dəfə 1 stəkan içirlər.
Bitkilər və təbabət (9)
Dərman quşüzümü
(lat.Asparagus officinalis)
Azərbaycanda quşüzümünün 7 növü yayılıb. Bitkinin qurudulmuş köklərindən hazırlanan bişirmə və dəmləmədən revmatizmdə, sidik yollarının iltihabında, ürək ağrısında və epilepsiyada istifadə olunur.
İstifadə qaydası: quşüzümünün qurudulmuş və xırdalanmış köklərindən 3 çay qaşığı 1 stəkan suda 1-2 saat dəmləyərək süzdükdən sonra gündə 3 dəfə 1-2 xörək qaşığı içirlər.
Dərman minaçiçəyi
(lat. Verbena officinalis)
Azərbaycanda 2 növü yayılıb. Tibbdə 1 növündən istifadə edilir.
Bir və ya çoxillik ot bitkisidir. Gödək enli saplaqlı yarpaqları və və uzun sünbülvari çiçək qrupuna toplaşmış açıq bənövşəyi xırda çiçəkləri var. Meyvəsi 4 fındıqçadan ibarət olub, qutucuq içərisində yerləşir. Bitki iyun-avqust aylarında çiçəkləyir, meyvəsi avqust-sentyabrda yetişir.
Dərman məqsədilə yerüstü hissəsindən bitki çiçək açanda toplayıb, açıq havada quruduqdan sonra istifadə edilir.
Minaçiçəyin bütün hissələrində zəhərli xassəli verebenalin və verbinin qlikozidləri tapılmışdır. Bundan əlavə, tərkibində kamfora iyi verən efir yağı, saponinlər, acı maddələr və aşı madddələri müəyyən edilmişdir.
Xalq təbabətində qurudulmuş otundan çay kimi dəmləyib, qaraciyər xəstəliklərində, qan azlığında ağrıkəsici dərman kimi qəbul edirlər. Bundan əlavə, otundan kərə yağında məlhəm hazırlayıb, dəri xəstəliklərində (qoturluqda) istifadə edirlər.
Bitkilər və təbabət (9)
Dərman gülxətmi
(lat. Althaea officinalis)
Gülxətminin köklərinin sulu dəmləməsindən (adi temperaturda yarım saat dəmləməklə) quru öskürəkdə, göy öskürəkdə, bronxial astmada, eləcə də mədə-bağırsaq xəstəliklərində, sidik kisəsinin iltihabında istifadə edilir, habelə bəlğəmgətirici dərman kimi işlədilir.
İstifadə qaydası: qurudulmuş və xırdalanmış gülxətmi kökündən 4 çay qaşığı götürüb 2 stəkan qaynadılmış soyuq suda 30-40 dəqiqə (hərdənbir qarışdırmaqla) dəmləyir, sonra tənzifdən süzürlər. Alınmış süzüntüdən (gülxətmi dəmləməsindən) gündə 3-4 dəfə, hər dəfə yarım stəkan qəbul edirlər. Uşaqlara çay qaşığı ilə verirlər.
5 iyun 2014
GO BACK