Qadin.NET / Bitkilər və təbabət (8)

Bitkilər və təbabət (8)

Bitkilər və təbabət (8)
 Dağ tərxunu
(lat. Tanacetum)
Dağ tərxunu Azərbaycanda geniş yayılmışdır. Bitkinin qurudulmuş çiçəklərindən, dəmləmə hazırlayıb qurdqovucu (girdə qurdlara qarşı) maddə kimi işlədirlər. Bu məqsədlə çiçəklərinin tozundan da istifadə olunur.
İstifadə qaydası: 10 qram qurudulmuş çiçəklərindən 1 stəkan qaynar suda dəmlədikdən sonra soyudub gündə 3 dəfə, hər dəfə 2 xörək qaşığı qəbul edirlər.
Bitkilər və təbabət (8)
Dağ turpu (isitməotu)
(lat. Erusimum)
Azərbaycanda 20 növü yayılıb, onlardan tibbdə ən çox istifadə olunanı boz dağ turpudur (Erisimum canescens).
Dağ turpu bir iki və çoxillik ot bitkisi olub, bütöv, əksər halda bükülü, diş-diş növbə ilə düzülmüş yarpaqlara malikdir. Çiçəkləri sarıdır, nadir halda göy və ya bənövşəyidir. Meyvəsi xətkeş, silindrik və ya dördkünc qından ibarətdir. Toxumları xırdadır, bir cərgədə yerləşir.
Boz dağ  turpu otunda və toxumlarında 0,2-1 % ürək qlikozidi-erizimin vardır.
Boz dağ turpunda eriziminlə yanaşı başqa ürək qlikozidləri də tapılmışdır ki, bunlardan tibbi əhəmiyyətinə görə ən mühümü erizimioziddir. Boz dağ turpu toxumlarında göstərilən aqlikozidlərdən başqa 30-40 % piyli yağda vardır. 
Xalq təbabətində dağ turpunun müxtəlif növlərindən çay kimi dəmləyib, ürək ağrısında, eləcə də tənəffüs yolları xəstəliklərində bəlğəmgətirici maddə kimi istifadə edirlər. 
Dağçətiri
(lat. Peucedanum L.)
Bu bitkinin Azərbaycanda 6 növünə rast gəlinir. Dağçətiri Azərbaycanın dağ yamaclarında və çəmənliklərdə geniş yayılıb. Onun köklərindən bişirmə hazırlayıb, bir sıra xəstəliklərdə (epilepsiyada, quru öskürəkdə, bronxitdə, bronxial astmada, yuxusuzluqda, revmatizmdə) istifadə olunur. Dağçətiri kimyəvi tərkibcə kumarinlərlə zəngin bitkilərə aiddir. 
İstifadə qaydası: bitkinin qurudulmuş və xırdalanmış köklərindən 1 çay qaşığı 2 stəkan qaynar suda 1-2 saatın müddətində dəmləyib süzür, yeməkdən 10-15 dəqiqə qabaq gündə 3-4 dəfə, hər dəfə 2 stəkan qəbul edilir.
Bitkilər və təbabət (8)
Dazıotu
(lat. Hypericum perforatum)
Azərbaycanda bu bitkinin ehtiyatı böyükdür. Dazıotu çiçək açan dövrdə toplanılır, açıq quru havada qurudulur, sonra ondan dəmləmə formasında mədə-bağırsaq, qaraciyər, böyrək və sidik yolları xəstəliklərində, eləcə də yanıqlarda yarasağaldıcı kimi, bağırsaq pozğunluğunda isə ishala və dizenteriyaya qarşı istifadə edirlər.
İstifadə qaydası: bitkinin qurudulmuş və xırdalanmış otundan bir stəkan qaynar suda 30-40 dəqiqə dəmləyir, yeməkdən sonra xörək qaşığı ilə gündə 3-4 dəfə qəbul edilir. 
Dalamaz
(lat. Lamium L.)
Azərbaycanın əksər rayonlarında xüsusilə dağ-meşə zonalarında dalamaz çox geniş yayılıb. Dərman məqsədilə bitkinin yarpaqlarından və çiçəklərindən istifadə edilir. Bitki tam çiçəkləyəndə toplanır quru havalı yerdə qurudulur, sonra kağız torbalarda saxlanılır.
Dalamaz vitaminlərlə zəngin bitkidir. Tərkibində karotin, C, B1, B2, K vitaminləri və üzvi turşular, aşı maddələri və s. vardır.
Xalq təbabətində qurudulmuş çiçəklərindən və otundan çay dəmləyib ümumi zəiflikdə, qan azlığında, böyrək və sidik yolları xəstəliklərində, eləcə də mədə-bağırsaqların iltihabında iltihabı aradanqaldırıcı və ağrıkəsici dərman kimi işlədirlər. 
İstifadə qaydası: bitkinin qurudulmuş çiçəklərindən və ya otundan 2 xörək qaşığı 2 stəkan qaynar suda 20-30 dəqiqə dəmləyib gündə 4 dəfə, hər dəfə 1/2 stəkan qəbul edirlər.
4 iyun 2014
GO BACK