Qadin.NET / Bitkilər və təbabət (6)

Bitkilər və təbabət (6)

Bitkilər və təbabət (6)
Boymadərən
(lat. Achillea)
Azərbaycanda boymadərənin 14 növü yayılıb. Bunlardan ən çox yayılanı adi boymadərəndir. Boymadərən efir yağlı bitki olub, xalq təbabətində qankəsici dərman kimi istifadə olunur. Boymadərən bitkisinin çiçəkli yerüstü hissəsini toplayıb qurudur, sonra dəmləyib daxili qanaxmalarda  (uşaqlıq qanaxmalarında) içirlər. Bundan başqa, boymadərən otu böyrək və sidik yolları, qaraciyər xəstəliklərində və mədə xorasında işlədilir.
İstifadə qaydası: çiçəkləyən dövrdə toplanıb qurudulmuş boymadərən otundan 1-2 xörək qaşığı 1 stəkan qaynar suda dəmləyib yeməkdən əvvəl gündə 3-4 dəfə, 1 xörək qaşığı qəbul edirlər. 
Bitkilər və təbabət (6)
Qarğıdalı saçağı
(lat. Stigmata Maydis)
Azərbaycanda qarğıdalı bitkisi geniş becərilir. Qarğıdalı saçağının sulu dəmləməsindən qaraciyər xəstəliklərində (hepatitdə), öd yollarının iltihabında (xolosistdə), sidik kisəsinin iltihabında (sistitdə), eləcə də ürək mənşəli ödəmlərdə geniş istifadə olunur. Həmçinin qağıdalı saçağının dəmləməsini sidik yollarının daş xəstəliyində sidikqovucu və daşsalıcı dərman kimi işlədirlər. 
Qarğıdalı saçağı K vitamini ilə çox zəngindir. Bununla əlaqədar olaraq hazırda ondan duru spirtli ekstrakt hazırlayaraq mamalıq praktikasında qankəsici məqsədilə istifadə edilir. 
İstifadə qaydası: 10-20 qram qarğıdalı saçağını yarım litr suda dəmləyib gündə 4 dəfə, hər dəfə də 1 stəkan içirlər. Elmi təbabətdə qaraciyər və böyrək xəstəlikləri zamanı qarğıdalı saçağının duru spirtli ekstraktı gündə 3 dəfə, hər dəfə 1 xörək qaşığı qəbul edilir. 
Bitkilər və təbabət (6)
Qarğasoğanı
(lat. Allium victorialis)
Azərbaycanda yabanı halda 5 növü var, 1 növü isə becərilir. Tibbdə ancaq becərilən növündən istifadə olunur. 
Qarğasoğanı yerdən 1 metr hündürlükdə gözəl yaraşıqlı bir bitkidir, qol-budaqsızdır, parlaq yaşıl uzun yarpaqları var. Çiçəkləri qıfa bənzəyir, ikidodaqlıdır, çiçəkyanlığı 6 yarpaqlıdır, müxtəlif rəngdə (ağ, qırmızı, qızılı-sarı və zərif yasəməni) olur.
Qarğasoğanı C vitaminilə çox zəngindir. Belə ki, onun yarpaqlarında 800-dən 1.700 mq %-ə qədər askorbin turşusu var.
Xalq təbabətində bitkinin soğanlarından sulu dəmləmə formasında skorbut və digər avitaminoz xəstəliklərdə istifadə olunur. Eləcə də soğanağını mədə-bağırsaq xəstəliklərində və aterosklezorda yeyirlər.
Bitkilər və təbabət (6)
Qırxbuğum
(lat. Polygonum)
Qırxbuğum otu flavonoid qlikozidli bitkilərdəndir. Tərkibində kversetin, hiperozid, avikuların və s. vardır. Onun yerüstü hissəsindən istifadə olunur. Qırbuğum sidikqovucu təsirədə malikdir. 
İstifadə qaydası: bitkinin qurudulmuş otundan 3 çay qaşığı 2 stəkan qaynar suda 40-50 dəqiqə dəmləyib yeməkdən əvvəl gündə 4 dəfə, hər dəfə 1/2 stəkan içirlər.
Bitkilər və təbabət (6)
Qurdotu
(lat. Linaria)
Azərbaycanda bu bitkinin 17 növü yayılıb. Dərman məqsədilə yerüstü hissəsindən istifadə edilir. Bitkini çiçək açan dövrdə toplayıb açıq quru havada qurudurlar, sonra xırda-xırda doğrayıb kağız torbalarda saxlayırlar. Qurudulmuş bitki materialını dəmləyib sarılıqda, öd yolları xəstəliyində, böyrək sidik yolları iltihabında, eləcə də qəbizlikdə istifadə edirlər. Qurdotunun duru spirtli ekstraktı babasil xəstəliyində tətbiq edilir. 
İstifadə qaydası: bitkinin qurudulmuş və xırdalanmış otundan 1 xörək qaşığı 1 stəkan qaynar suda dəmləyib gündə 3-4 dəfə xörək qaşığı ilə qəbul edirlər. Duru spirtli ekstraktından isə gündə 3 dəfə, hər dəfədə bir çay qaşığı qəbul olunur.
2 iyun 2014
GO BACK