Ağacabənzər əzvay (aloe)
(lat. Aloe arborescens)
(lat. Aloe arborescens)
Həmişəyaşıl bitkidir. 60-70 sm uzunluqda ətli, şirəli yarpaqlara malikdir. Onun yarpaqlarının kənarları tikanlıdır, adətən gövdənin yuxarısında toplaşır, uzunsov qılıncabənzər formadadır. Narıncı və ya qırmızıtəhər çikəkləri uzun, düz və ya bir qədər əyilmiş çiçək saplağı üstündə sıx salxımvari çiçək qrupuna aiddir. Meyvəsi kütuclu, üçkünc silindr formalı qutucuqdan ibarətdir. Toxumları boz qaratəhər, üçküncdür.
Əzvay keçmiş SSRİ-də Qara dəniz ətraflarında və Azərbaycanda çoxdan becərilir. Abşeronda ağacabənzər əzvayın becərilməsi çox yaxşı nəticə verir. Onun yarpaqlarının şirəsindən dərman məqsədilə istifadə olunur. Yarpaqlarının şirəsində bir neçə müalicə əhəmiyyətli maddələr vardır. Bunlardan oksimetilantraxinon törəmələrindən aloye - emodini, alonin, izoemodini və s. göstərmək olar.
Abşeronda becərilən ağacabənzər əzvayın yarpaqlarının tərkibində 2-3 %-ə qədər aloye -emodin, 7-8 % qatranlı maddə, 2 - 2,5 % piyli maddə, 0,16 - 0,22 % üzvi turşular, 200-300 mq % askorbin turşusu müəyyən edilmişdir.
Elmi təbabətdə əzvayın yarpaqlarını press altında sıxmaqla şirəsi çıxarılıb qurudulur. Sonra qurudulmuş şirəni toz halına salıb xroniki mədə-bağırsaq xəstəliklərində, atonik qəbizlikdə zərif işlətmə dərmanı, eləcə də iştah artırıcı maddə kimi işlədirlər.
Akademik Filatovn üsulu ilə əzvay yarpaqlarından duru ekstrakt hazırlanır ki, o da standartlaşdırılmış və sterlizə edilmiş şəkildə ampullarda buraxılır. Həmin ekstraktdan göz xəstəliklərində, eləcə də mədə və onikibarmaq bağırsaq xorasında, qanazlığında, vərəm xəstəliyində, ümumi zəiflikdə geniş istifadə edilir.
Əzvayın təzə şirəsindən gec sağalan yaraların və trofik xoraların müalicəsində yara sağaldıcı dərman kimi istifadə edirlər. Bundan əlavə, təzə şirədən qastritlərdə və kolitlərdə də istifadə olunur.
İstifadə qaydası: əzvayın təzə şirəsi həmçinin vərəm xəstəliyinə qarşı qanazlığında və ümumi zəiflikdə qüvvət verici dərman kimi çoxdan istifadə olunur. Bu məqsədlə 2-3 yaşına çatmış əzvayın yarpaqlarını xırdalayır və alınan kütlədən 2 hissəsini bir hissə balla qarışdırır, bu qarışıqdan gündə 3 dəfə, hər dəfə yeməkdən əvvəl bir xörək qaşığı xəstəyə verirlər. Xalq təbabətində mədə və onikibarmaq xorasının müalicəsi üçün əzvay yarpaqlarının şirəsindən belə istifadə edilir: 1 stəkan əzvay şirəsini 1 stəkan balla qarışdırdıqdan sonra üzərinə 0,5 litr süd əlavə edirlər. Qarışığı şüşə bankada sərin yerdə 1 həftə saxladıqdan sonra gündə 3 dəfə 1 xörək qaşığı xəstəyə içirdirlər.
Ağlarot
(lat. Lythrum)
(lat. Lythrum)
Azərbaycanda 6 növü yayılıb, tibbdə 1 növündən istifadə edilir.
Çoxillik ot bitkisidir, uzunsov lanset formada yarpaqları və qırmızı rəngdə çiçəkləri var. Meyvəsi qutucuqdan ibarətdir, toxumları uzunsov yumurta şəklində və açıq qəhvəyi rəngdədir.
Bitki iyun iyul aylarında çiçəkləyir, meyvəsi avqustda yetişir.
Dərman məqsədilə yer üstü hissəsindən (otundan) istifadə edirlər. Bitki çiçək açan dövrdə toplanır, açıq və quru havada qurudulur.
Otunun tərkibində xolin (0,02 - 0,03 %) , aşı maddələri (2,12 - 2,4 %), qırmızı rəngli boyaq maddəsi, şəkər (0,26 %), pektin maddələri, efir yağı (izi), qatranlı maddələr (2,7 %), fitosterin, üzvi turşular (1,08 %), C vitamini (63,73 %) və s. müəyyən edilmişdir.
İstifadə qaydası: Xalq təbabətində qurudulmuş otundan toz hazırlayıb qankəsici maddə kimi kəsilmiş yaranın üstünə səpirlər. Köklərindən çay kimi dəmləyib qarın ağrısında, mədə sancısında, kolitdə, eləcə də qanlı ishalda və daxili qanaxmalarda içirlər. Kökündən bişirmə hazırlayıb, diş ətinin iltihabında və stomatit zamanı qarqara dərmanı kimi işlədirlər. Köklərinin güclü büzüşdürücü və antiseptik təsiri var. Ona görə də qurudulmuş köklərindən toz şəklində gec sağalan irinli yaraların müalicəsində istifadə edirlər.
Adi qaraqınıqotu
(lat. Origanum vulgare)
(lat. Origanum vulgare)
Azərbaycanda qaraqınıqotu çox geniş yayılıb. Onun böyük ehtiyat mənbələri vardır. Yay fəslində bitki çiçək açan dövrdə yerüstü gövdəsinin yuxarı çiçəkli hissələrini oraqla toplayıb quru, havalı, kölgə yerdə qurudur, sonra xırdalayıb ondan bir neçə dərman forması hazırlayırlar (sulu dəmləmə, tinktura, duru ekstrakt və.s). Onlardan da xroniki mədə-bağırsaq xəstəliklərində həzm prosesini yaxşılaşdırıcı, mədə şirəsinin ifrazını sürətləndirici eləcə də mədə-bağırsaq spazmasından törənən ağrıları, köpməni aradan qaldıran dərman kimi geniş istifadə edirlər.
Qaraqınıq otunun dəmləməsini eyni zamanda göy öskürəkdə sakitləşdirici dərman kimi də işlədirlər. Həmin bitki güclü antiseptik və bakteriosid təsirədə malikdir.
İstifadə qaydası: Bitkinin qurudulmuş otundan 15 qram götürüb 200 ml qaynar suda 30 dəqiqə dəmləyir, sonra süzürlər. Həmin dəmləmədən yeməkdən 15-30 dəqiqə qabaq gündə 3-4 dəfə, hər dəfə 2 xörək qaşığı qəbul edirlər.
Qaraqınıqotunun 1:5-ə nisbətində hazırlanmış tinkturasından yeməkdən 10-15 dəqiqə qabaq, hər dəfə 20-25 damcı qəbul edilər.
Qaraqınıqotunun 1:1 nisbətdə spirtdə hazırlanmış duru ekstraktından elmi təbabətdə gündə 3 dəfə, hər dəfə 1 çay qaşığı içilər.