Ayran- Susuzluğu aradan qaldırır, bədənin temperaturunu tənzimləyir. Yuxugətirmə qabiliyyətinə malikdir. Təzə ayran ağız, dil, dodaq qurumasının qarşısını alır, qan təzyiqini tənzimləmək qabiliyyətinə də malikdir.
Ağsoğalaq- Tünd sarımsaqlı qatığın üzərinə yağı dağ edib tökməklə hazırlanır. Ən çox köçəri-tərəkəmə və dağ rayonlarında yaşayan əhali içərisində geniş yayılmış xörəkdir. Hazırlanması çox asandır. Ağsoğalaq müalicə əhəmiyyətli xörəkdir. Uzun müddət ac qalan, iştahası olmayan, başağırlarından şikayətlənən, halsız olan adamlara hər səhər ağsoğalaq yemək məsləhətdir.
Ağsoğalaq ağız boşluğunda əmələ gələn yaralar (stomatit), dişdibi ətinin xəstələnməsinə qarşı tətbiq edilir. Ağsoğalaq qanaxmaya, ishala, mədə-bağırsaq iltihabı və xorasına, soyuqdəyməyə, daxili xəstəliklərə, qida borusunda əmələ gələn iltihaba, sinə ağrılarına, şiş xəstəliklərinin müalicəsinə yaxşı təsir edir. Ümumi halsızlığı – zəifliyi, iştahasızlığı aradan qaldırır, insanda şən əhvali-ruhiyyə
yaradır və fizioloji cəhətdən onu aktivləşdirir.
Qatıq- Qatığın müalicəvi əhəmiyyəti loğman babalarımıza çoxdan məlumdur. Qatıq həm iştahanı artırır, həm də rahat yatmaq üçün yuxugətirmə xassəsinə malikdir. Qatıqdan və onun atlamasından ağız boşluğundakı qurumaya qarşı geniş istifadə olunur. O, susuzluğu azaldır, ağızda olan vəziləri tənzimləyir. Bir çox şiş xəstəliklərinə, həşərat sancmalarına, zəhərlənmələrə qarşı xalq təbabətində çox istifadə olunur. Qatıqdan hazırlanmış ağartılar – pendir, süzmə, ayran, dələmə, atlama, süddüsümən, körəməz və s. müalicəvi
əhəmiyyətə malikdir. Qatıq mədə-bağırsaq xəstəliklərinin müalicəsində yaxşı təsir göstərir.
Qatıq saçın gur, təmiz saxlanılması üçün də gərəklidir. Müdrik nənələrimiz saçlarını uzatmaq üçün saç dibində qovağın (kəpək) olmaması üçün qatığı yumurta sarısı ilə qarışdırıb saçlarını yumuşlar. Bu, saçı qurumağa qoymur, saçın dibini bərkidir, saçın vaxtından əvvəl ağarmasının qarşısını alır, saçda sirkə və bitin olmasına imkan vermir. Bədəndə yanıq əmələ gələndə, qatıq yaxması müalicəvi
əhəmiyyətlidir. Xüsusilə uşaqlarda qurd xəstəliklərinin qarşısını almaq üçün 10-15 gün axşam yatmazdan əvvəl və sübh tezdən onlara bir stəkan tünd sarımsaqlı qatıq içirtmək məsləhətdir. Bu, həm də dişdibini bərkidir, diş ətinin şişini, zədələrini müalicə edir. Sarımsaqlı qatıq axşam-səhər içilərsə, mədə-bağırsaq xəstəliklərinin qarşısı alınar. Ümumiyyətlə, qatıq yeyən adam uzunömürlü, gümrah, görmə
qabiliyyəti yaxşı olur. Üzdə və bədəndə şiş və ya səpgilər əmələ gələrsə, qatıq və ya süzmədən övkələmə üsulu ilə təpitmə etmək məsləhətdir. Bunu 2-3 gün, 15-20 dəqiqə müddətində təkrar etmək məsləhətdir.
Qurud- Qatıq süzməsindən hazırlanır, uzun müddət xarab olmur. Ən çox maldar-köçəri tayfalara məxsus qidadır. Qurud diş ətini, ağız boşluğundakı səpgiləri müalicə edir, 84 tüpürcək vəzisinin işini tənzimləyir, iştahanı artırır, susuzluğu aradan qaldırır. Qaraciyər, mədə-bağırsaq xəstəliklərinin müalicəsinə müsbət təsir göstərir. Qurudu sarımsaqla birlikdə əzib qarışdırdıqda, bir çox xəstəliklərə: qanaxma,
şiş (xərçəng), qurd və eyni zamanda qan təzyiqinin tənzimlənməsinə, öd şişinin, sətəlcəm-qancır: soyuqdəymə, bəlğəm, göyöskürək, sinə, oynaq ağrılarına, iştahasızlığa, ümumi halsızlığa müsbət təsir göstərir.
Bal- Bütün dövrlərdə dərmandır. Ulu, müdrik loğmanlarımızın belə bir tövsiyəsi var: "Heç bir azar-bezar, dərd görmək istəmirsənsə, çox yaşamaq istəyirsənsə, bal ye". Balın həzmi ağır olduğundan onu səhər yemək məsləhətdir. Bal qaymaq ilə yeyiləndə iştahanı artırır, uzun müddət adamı tox saxlayır. Ondan üzün təravətləndirilməsində də istifadə olunur. Bir qaşıq balı bir qaşıq su və bir yumurtanın sarısı ilə qarışdırıb həll etmək və alınan məhlulu üzə, ələ, boyun dərisinə çəkmək, 15-20 dəqiqə saxlayıb, sonra ilıq su ilə yumaq lazımdır. Bir qaşıq balı, yarım stəkan bulaqotu şirəsi ilə qarışdırıb üzə çəkmək, 10-15 dəqiqədən sonra onu ilıq su ilə yumaq lazımdır.
10-15 gün müddətində, hər axşam bir qaşıq balı yarım qaşıq döyülmüş bibərlə qarışdırıb saçın dibinə sürtdükdə, saçın tökülməsinin qarşısı alınır, saç dibində olan qovaqlar təmizlənir. Bir qaşıq bala üç damcı sirkə qarışdırıb, bir həftə müddətində içdikdə bəlğəm, öskürək, göyöskürək və qusmanın qarşısını alır.
Nübar Həkimova
(yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru)