Bu gün də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən baldırğanın, tərxunun və dağ nanəsinin çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyik. Ümid edirik ki, faydalanacaqsınız.
Baldırğan
Baldırğan cinsinin bir çox növü texniki dərman, efir yağlı, ədviyyatlı, qida əhəmiyyətli, yem təbiətli, bəzək xüsusiyyətli bitkilər sayılır.
Hazırda bu baldırğan növlərindən qida məhsullarının hazırlanmasında geniş istifadə edilir. Əhali baldırğandan duza qoyulmuş halda və yaxud qızardılıb bişirilmiş yumurta çalması qatqı kimi istifadə edirlər. Xalq təbabətində baldırğanın bir necə növü müxtəlif xəstəliklərində: ürək keçmələrində, astma xəstəliklərində istifadə edilir. Kök hissəsindən alınan ekstrakt qaraciyər və sarılıq xəstəlikləri zamanı işlədilir. Təzə toplanmış bitkidən hazırlanan çaydan qastrit, həmçinin həzm sisteminin pozulması, qan təzyiqi, ürək-damar xəstəlikləri zamanı istifadə olunur. Yerüstü hissəsindən alınmış şirə isə yaman şişlərin müalicəsində kömək edir. Yarpaqlarından hazırlanmış narın toz dəri qaşınmalarının qarşısını alır.
Şirin baldırğan növündən hazırlanan salat və ədviyyat məhsullarını uzun müddət xörəklərə əlavə etmək məsləhət deyil. Çünki istər xörəklərin tərkibində, istərsə də adi halda uzun müddət ondan istifadə edilməsi cinsiyyət üzvlərini fəaliyyətdən sala bilər. Baldırğandan hazırlanan preparatlardan ödqovucu, büzüşdürücü, soyuqdəymə, antispazmatik, ağrıkəsici və sakitləşdirici vasitə kimi istifadə olunur. Bitkinin müalicə məqsədləri üçün yarpaq, kök və toxumlarından istifadə edilir.
Tərxun
Ağız boşluğunda, bronxlarda, dişdibində əmələ gələn mikrobları zərərsizləşdirir, diş yuvalarını möhkəmləndirir, ağız boşluğundan gələn pis qoxunu aradan qaldırır, iştahanı açır, yedikdən sonra ağızdan xoş iy gəlir. Tərxunun yel, əsəb, ürəksıxılma, ümumi halsızlıq, başgicəllənmə, ağır sancı tutmalarına, qarın boşluğuna su yığılma xəstəliklərinə qarşı müalicəvi əhəmiyyəti vardır.
Dağ nanəsi
Ətirli ədviyyəli bitki kimi 3 növündən istifadə edilir: dağnanəsi, sünbülvarı nanə, bağ nanəsi və yaxud ətirli nanə. Dağnanəsi tam çiçək açan zaman toplanır və kölgədə qurudulur. Dağnanəsinin qurudulmuşu ədviyyə kimi ət, balıq, quş və tərəvəzlərdən hazırlanmış müxtəlif xörəklərə xoş ətir verir və vitaminlərlə zənginləşdirir. Yarpaqlarında 50 mq%-ə qədər C vitamini vardır. Bundan alınan efir yağından
ətriyyat və kosmetika sənayesində geniş istifadə edilir.
Sünbülvarı nanə. Ədviyyəli bitki sayılır. Çınqıllı və karbonatlı sahələrdə yaxşı inkişaf edib bol məhsul verir. Quraqlığa davamlı bitkidir. Tam çiçək açan dövrdə efir yağı ilə zəngin olur. Çox qurudulduqda və saxlandıqda tərkibindəki efir yağının miqdarı kəskin azalır. Çoxillik mədəni bitki sayılır. Sünbülvari nanədən təzə və qurudulmuş halda, xoş ətirli ədviyyə kimi istifadə edilir. Şoraba, ət və balıqdan
hazırlanan xörəklərə, xiyar və pomidor tutmalarına əlavə edilir. Bundan alınan efir yağı sarı rəngdə olub, kəskin, xoş ədviyyəli, acımtıl, zəif yandırıcı xassəyə malikdir. Efir yağının tərkib hissəsinin əsas komponentlərini timol, sinmol, terpinen, az miqdarda metil-karvokrol və karvakrol təşkil edir. Yağı güclü təsiredici antimikrob xüsusiyyətinə malikdir, spirtdə yaxşı həll olur. Bu yağ keyfiyyətinə görə
yüksək qiymətləndirilir və yeyinti, ətriyyat, kosmetika, əczaçılıq, sabun bişirmə sənayesində istifadə edilir. Bunun qurudulmuş tozu müxtəlif xörəklərə və qara, ətirli istiotla qarışdırılması isə kolbasaların tərkibinə daxil edilir.
Bağ nanəsi və yaxud ətirli nanə. Ətirli nanədən hazırlanan cövhərdən mədə ağrılarında, köp, mədə-bağırsaq qurdlarının tökülməsində istifadə olunur. Kəskin tünd ətrə malik olduğundan ondan ədviyyə kimi istifadə etdikdə çox az miqdarda götürülür ki, xörəyə əlavə edilmiş digər ədviyyələrin keyfiyyətinə təsir etməsin. Ümumiyyətlə, yuxarıda qeyd etdiyimiz nanə növləri
xörəklərə xüsusi ətir verir və onların tərkibini vitaminləşdirir. Hazırlanmış çay növləri mədə-bağırsaq, həzm aparatının, ferment ifraz edən vəzlərin fəaliyyətini normallaşdırır. Bir çox müalicəvi əhəmiyyəti konfet növlərinin tərkibinə qatılır. Nanə şərbəti mədəni qüvvətləndirir, ürəkbulanma, islah və hıcqırmaya qarşı faydalıdır. Dağnanəsindən kosmetika sahəsində də geniş istifadə edilir. Belə ki, otundan hazırlanan cövhər, dəmləmə, losyon və şampunlardan dəridə olan çirk, piy, ekzema, qotur və yaraların təmizlənib, müalicəsində istifadə edilir. Ən xoş ətirə və iyə malik olan yağı nanə yarpızdan alırlar. Çəmən nanəsindən alınan yağdan əsas etibarilə mentol almaq məqsədilə istifadə edirlər ki, onun da miqdarı bu növdə 90%-ə çatır.