Bu gün də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən yarpızın çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyəm. Ümid edirəm ki, faydalanacaqsınız.
Bu cinsin dünya florasının tərkibində 25 növü yayılmışdır. Bunlara, əsasən Yer kürəsinin mülayim iqlim zonasında rast gəlmək olar. Belə ki, Qafqazda 8, o cümlədən Azərbaycanda 4 növü vardır. Su yarpızı, uzunyarpaq yarpız, istiot yarpızı, pulqar yarpızı. Yarpızın yabanı növlərinə «yarpız nanəsi» də deyilir.
Su yarpızı. Bu, sürünən, uzun zoğlara malik çoxillik ot bitkisidir. Gövdəsinin hündürlüyü 30-40 (80) sm olub, düz və yaxud budaqlanandır. Yarpaqları saplaqlı, uzunsov və yaxud ellipsvarı, uc hissəsi küt, sivri kənarları mişarşəkilli yaşıl rəngdədir. Çiçəkləri çoxsaylı, olub, 2-3 ədəd şar formasında gövdənin qurtaracağında hamaşçiçəkdə toplanır. Çiçək tacı çəhrayı rəngdir. Uzunyarpaq yarpız özünəməxsus xoş iyə, ətirli efir yağına malik bitki sayılır. Çiçək və yarpaqlarının tərkibində 1,43 -3,33%-ə qədər efir yağı vardır. Efir yağından ətriyyat-kosmetika sənayesində müxtəlif diş pastalarının, sabunların, şipr ətir növünün və s. hazırlanmasında istifadə edilir.
Ədviyyə kimi müxtəlif konserv məhsullarına, xörəklərə, qənnadı məmulatlarına qatqı kimi əlavə olunur. Bunun efir yağı şəffaf, açıq sarı rəngli, xoş ətirlidir. Əsas tərkib hissəsini mentol, konuper, puleqon, karvakrol, limonen və s. təşkil edir. Yarpaqlarının tərkibindən 81,2-147,4 mq% C vitamini tapılmışdır. Efir yağından hazırlanmış bir çox preparatlardan ağrıkəsici, qıcolma, qızdırma xəstəliklərində istifadə etməklə yanaşı, sərinləşdirici və təravətgətirici kimi də işlədilir. Xalq təbabətində isə istiot yarpızından sakitləşdirici, ödqovucu, ürək sancısı, revmatizm, vəba və s. xəstəliklərin müalicəsində istifadə edilir. Cövhəri ağızda əmələ gələn iylərin aradan qaldırılmasında işlədilir. Göstərdiklərimizdən başqa, cövhərindən babasil, kəskin başağrıları, təzə yarpaqlarını ağrıyan nahiyəyə düzməklə, ürəkbulanma, qusma, raxit, xənazir, sarılıq və s. xəstəliklərin müalicəsində istifadə edilir. Yarpağından hazırlanan cövhərindən və çaylardan mədə turşuluğunun artırılmasında, öd kisəsi ağrılarının qarşısının alınmasında işlədilir. Efir yağından dezinfeksiyaedici, təravətgətirici, müalicəvi çay, ətirli su, şirə və s. hazırlanır.
Dəmləməsi böyrəklərdə, oynaqlarda, sidik yolunda duz, kirəc, daş olan xəstələrə, mədə-bağırsaq, sinə nahiyəsi ağrılarına yaxşı kömək edir, qan dövranını tənzimləyir. Yuxusuzluq zamanı 10-15 gün (əgər müalicə yaxşı təsir edibsə) yatmazdan əvvəl yarpızı qaynadıb suyunda vanna qəbul etmək məsləhətdir. Özünəməxsus ətri və təravəti ilə məşhur sayılan istiot yarpızının yağından qənnadı fabrikində, ətriyyat, kosmetika sahəsində, diş pastalarının və eləcə də müxtəlif növ ətirli sabunların hazırlanmasında geniş istifadə edilir.
Pulqar yarpızı. Gövdəsi duz, yatan və yaxud dırmaşan, budaqlanan, 15-30 sm hündürlüyündə, çoxillik, qısa tükcüklərlə örtülən bitkidir. Yarpaqları 1-2 sm uzunluğunda gövdə üzərində düzülmüş ovalvari küt, azca dişvaridır. Çiçək tacı parlaq çəhrayı rəngdədir. Meyvəsi dairəvi, kiçikdir.
Yarpız yarpaqlarında bir sıra bioloji-fəal maddələrin kompleksi olduğu üçün o, farmokoloji cəhətdən geniş spektrə malikdir. Yarpaqlarından reflektor, tac qan damarlarının genişləndirici, sakitləşdirici, ödqovucu, antiseptik və ağrıkəsici xassəyə malik preparatlar hazırlanır. Yarpız preparatları həzmə kömək edən vəzilərin sekresiyasını qüvvətləndirir, iştahanı artırır, ödün ifrazını fəallaşdırır, spazmaları aradan qaldırır, bağırsaq, öd və sidik yollarının saya əzələsinin tonusunu azaldır. Yarpız yağında olan mentol antiseptik xassəyə malikdir. Yuxarı tənəffüs yolları xəstəliklərində (faringit, laringit, traxeit, zökəm və s.) mentol və yarpızın digər preparatlarından selikli qişalara yaxılır, eləcə də damcı formasında buruna damızdırılır. Bundan əlavə, mentol karandaşından başağrısında, mentolun 2 faizli spirtində və ya 10 faizli yağında həll edilmiş məhsulundan isə miqrendə, nevrologiyada və digər nevroloji xəstəliklərdə xaricə sürtmə dərmanı kimi işlədilir. Ondan «inqafen» inqalyatorunun tərkibində də istifadə olunur. Yarpızın yarpağı və yağı fitonsid, antiseptik xassəyə malikdir. Mentol və yarpız yağı validol, valokardin, «yaşıl damcı» yevgenol, pektusin, menovazin, efkamon, olimetiri və s. kimi preparatların tərkibinə daxildir. Mentolun pişikotu, xanımotu və s. otlarla birlikdə hazırlanan cövhərindən sakitləşdirici, qəbizliyə və hemoroidə qarşı istifadə olunur.
İstiot yarpızı. İstiot və ya əkilən yarpızdan süfrədə və xörəklərdə ətirli ədviyyat kimi çox işlədilir. İstiot nanəsinin tərkibində bir sıra müalicə əhəmiyyətli üzvi maddələr – mentol spirti, mentol, asetat efiri və s. vardır. Onlar orqanizmdə gedən maddələr mübadiləsini normallaşdırır, mədə-bağırsaqda əmələ gəlmiş spazmanı, köpü aradan qaldırır, həzm prosesini sürətləndirir, böyrək və sidik yollarını dezinfeksiya edir, qusma, ürəkbulanmanı aradan qaldırır, qan-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Müasir təbabətdə istiot nanəsindən hazırlanan bir sıra qiymətli preparatlardan ürək-damar sistemi, xroniki mədə-bağırsaq xəstəlikləri, böyrək və sidik yollarının iltihabının müalicəsində istifadə edilir. İstiot nanəsinin yağı isə «Zelenin damcısı», «Validol», «Valokordin» kimi ürək dərmanlarının tərkibinə daxildir. Onun cövhəri (tink-turası) mədə ağrılarını sakitləşdirən ən yaxşı dərmandır. Südü uzun müddət saxlamaq üçün onun içərisinə 2-3 ədəd nanəli yarpız atırlar. Özünəməxsus ətri və təravəti ilə məşhur olan istiot nanəsinin yağından qənnadı fabriklərində, ətriyyat sənayesində, kolbasa istehsalı və s . də geniş istifadə olunur.