Qoz demək olar ki, ölkəmizin hər bölgəsində yetişir. İnsan beyninə bənzəməsi və beyinə faydalı olması ilə diqqət çəkir. Mən sizə qozun bir neçə faydasından bəhs edəcəyəm.
Qozun bir çox faydaları vardır. Zehni qüvvətləndirir, qavramanı artırır. Ən əsası isə tərkibində omeqa-3 maddəsi olduğu üçün ürək damarlarının daralıb tıxanmasının qarşısını alır. Ürək ritmini yaxşılaşdırır. Damarlarda daha az laxtalanma olan qan tipinin yaranmasına və yaxşı xolestrol nisbətinin pis xolestrol nisbətinə görə artmasına kömək edir. Təsdiq edilib ki, xolestrolu aşağı salma qabiliyyətinə də malikdir. Ürək xəstəliklərinə faydalı olması ilə yanaşı, döş xərçəngi başda olmaqla bir çox xərçəng növünə tutulma riskini azaldır.
Öd daşının meydana gəlməsinin qarşısını alır. Qozun tərkibindəki melatonin gecə işləyən zaman yuxu pozğunluğu çəkən şəxslərdə narahatlığı aradan qaldıra bilir. Qoz sinir sisteminə zərər verən parkinson kimi xəstəliklərin inkişafını aradan qaldırır. Orqanizmi manqan və mislə təmin edir.
Qozun meyvəsindən əldə edilən yağla üz ləkələrini masaj etsəniz, ləkələr gedər. Bu yağdan qaralmaq üçün də istifadə edilir. Gözaltı qırışların aradan qaldırılmasına da faydalıdır. Üzü nəmləndirir. Qozun yaşıl və ya qəhvəyi rəngli qabıqlarını qaynadıb içmək qanın təmizlənməsinə səbəb olur. Qabıqların qaynadıldığı suyla saçımızı yaxalasaq, saç tökülməsinin qarşısı alınar. Saçları gücləndirir və parlaqlıq verir. Qozun yarpaqları suda qaynadılıb alınan məhlul ilə qarqara edilərsə, ağız qoxusu aradan qaldırılar. Bu, bir dəfə deyil, vaxtlı-vaxtında edilsə, faydalarını görəcəksiniz.
Qoz yodla zəngindir və zob xəstəliyinə kömək edən çərəzlərdəndir. Hər səhər 3-4 ədəd qoz yemək çox gözəl təsir edir və faydalıdır. Gün ərzində isə qozu 30-50 qramdan artıq yeməməliyik. Qozu çox yediyimiz zaman orqanizm ehtiyacı olan qədərini özündə saxlayır, artıq yediyimiz hissəsini isə yağa çevirir və çəkinin artmasına səbəb olur. Bu da orqanizm üçün zərərlidir. Unutmayaq ki, hər şeyin çoxu ziyandır.