Ləpəli meyvələr orta əsr təbabətində qüvvətli qida maddəsi kimi tanınmışdır. Onların əsas oxşar cəhəti yeyildikdən sonra bədənə istilik və quruluq verməsi, orqanizmi möhkəmlətməsi, mədə üçün münasib olmalarıdır.
Şabalıd-yeyilərkən istilik verir, qəbizlik yaradır, bədəni kökəldir və möhkəmləndirir. Qovrulmuş şabalıd zəifliyin qarşısını alır, cinsi fəaliyyəti qüvvətləndirir. Çox işlətmək sidik kisəsinə və boğaz ağrısına ziyandır.
Qoz-bədənə istilik və quruluq verir, orqanizmi yumşaldır, cinsi fəaliyyəti artırır. 2-misqal qozu, 10-misqal əncirə qatıb yemək orqanizmi yumşaltmaq baxımından təsirlidir. Köhnə qoz ləpəsini acqarına yemək, əzələ gərginliyini, qıc olmanı aradan qaldırır .Onu uşaqların dəmrov və qotur düşən yerinə sürtmək faydalıdır, qızıl yel və tük tökülməsi üçün faydalıdır. Yetişməmiş qozun suyunu bal və üzüm suyundan hazırlanmış qatı şirə ilə qatıb qarqara difteriya və ağızdakı yaralar, diş dibi ətinin qanını kəsmək üçün faydalıdır. Qoz ağacının kökünün qabığını qaynadaraq onun suyundan 20-30 qr içmək mədəni təmizləyir.
Püstə-təmiz qan yaradır, bədənə qüvvə verir, mədə ağzını möhkəmləndirir. Mədə üçün onun tumunu nazik qabığı ilə yemək xeyirlidir. Qaraciyər ağrısı, xronik öskürək, ürək döyüntüsü, böyrək zəifliyi, sarılıq və dalaq xəstəlikləri üçün faydalıdır, ürəyi və hafizəni möhkəmləndirir.
Şirin badam-boğazı və daxili orqanları yumşaldır ,sinə üçün münasibdir, sidik yanğısını sakitləşdirir, şəkər ilə orqanizm tərəfindən çox məsrəf olunur, beyin üçün çox faydalıdır. Qovrulmuş badam qəbizlik yaradır, iştahanı kəsir. Badam yağı içmək,onu imalə və.s vasitələrlə bədənin müvafiq orqanlarına yeritmək böyrək , sidik kisəsi ağrısı hallarında xeyirlidir. Quduz it dişləməsi zamanı badam yağı içmək faydalıdır.
Acı badam-bədənə istilik və quruluq verir, təngnəfəslik, sinə şişi, ağciyər üçün faydalıdır. Yağı istilik verir, quruducu xususiyyəti vardır. Dəriyə sürtdükdə üzdəki ləkələri aparır, qırış və dəri çatlaqları üçün faydalıdır. Qulağa damcılatmaq qulaq ağrısı və uğultu üçün faydalıdır.