Soyuqdəymə zamanı sağalmanı tezləşdirmək və öz vəziyyətini yaxşılaşdırmaq üçün insan mümkün qədər çox maye qəbul etməlidir.
Maye orqanizmdən xəstəlik nəticəsində əmələ gəlmiş toksinləri yuyub aparır, yüksək hərarəti salmağa kömək edir. Aşağıda biz sizə soyuqdəymə zamanı ən faydalı sayılan içkiləri təqdim edirik.
1. İtburnu dəmləməsi C vitamini ilə zəngindir. Həmçinin dəmləmə sidikqovucu təsirə malikdir, yüksək hərarəti salmağa kömək edir.
Dəmləməni hazırlamaq üçün 3 xörək qaşığı itburnu qurusu əzilir, termosa tökülür və üzərinə 1/2 l qaynar su əlavə olunur. Dəmləməni axşamdan hazırlayın və növbəti gün için. İtburnu meyvəsinin içərisində olan kiçik tükcüklər mədə-bağırsaq sisteminə qıcıqlandırıcı təsir edir. Bu səbəbdən içməzdən əvvəl dəmləməni tənzifdən bir neçə dəfə yaxşı süzün.
2. Yaşıl və ya qara çay balla və limonla. Çay sidikqovucu təsir edir, bal ümumi möhkəmləndirici və iltihabəleyhinə təsirə malikdir. Limon isə sağalmanı tezləşdirən C vitamini ilə zəngindir. Bal və limon ilıq çaya əlavə olunur. İsti çaya əlavə olunduqda onlar öz faydalı xüsusiyyətlərini qismən itirir.
3. Zəncəfilli çay balla və limonla. Zəncəfil güclü iltihab, mikrob və virusəleyhinə təsirə malikdir. 1 çay qaşığı sürtgəcdən keçirilmiş təzə zəncəfil 1 fincan qaynar suda dəmlənilir. Çay ilıq olanda 1 çay qaşığı bal və limon əlavə olunur.
4. Çobanyastığı və cökə yarpaqları ilə çay. Çobanyastığı və сökə iltihabəleyhinə təsirə malikdir. 1 çay qaşığı çobanyastığı və 1 çay qaşığı cökə 1 stəkan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir və süzülür. İçəndə dəmləməyə bal əlavə edin.
5. İsti süd Borjom suyu ilə. Bu vasitə öskürək zamanı xüsusilə yaxşı kömək edir. Qaynanmış isti süd yarıbayarı Borjomla qarışdırılır və içilir.
6. Süd sarımsaqla. Sarımsaq sınanmış iltihabəleyhinə vasitədir. İlıq südə 10 damcı sarımsaq şirəsi əlavə olunur, qarışdırılır və yatmazdan əvvəl içilir.