Qadin.NET / Çaytikanı yağının müalicəvi xüsusiyyətləri

Çaytikanı yağının müalicəvi xüsusiyyətləri

Çaytıkanı "padşah giləmeyvəsi" adlandırırlar və bu səbəbsiz deyil.
Çaytikanı çox zəngin vitamin-mineral tərkibinə malikdir.
Çaytikanı yağı çox effektli müalicəvi vasitə sayılır. Çaytikanı yağı həm xalq, həm də ənənəvi tibbdə müxtəlif xəstəliklər və pozulmalar zamanı çox geniş istifadə olunur.


Çaytikanı yağının tərkibində əvəzsiz doymamış yağlı turşular, aminturşuları (o cümlədən, insan orqanizmi üçün əvəzsiz olan valin, leysin, lizin, fenilalanin), orqanik turşular (salisil, alma, turşəng turşuları), fitonsidlər, pektinlər, vitaminlər (B qrupu, C, E, K, P), dəmir, kalsium, fosfor, sink, kükürd və s. kimi vacib mikroelementlər var.
Çaytikanı yağının spesifik parlaq narıncı rənginin səbəbi yağda çoxlu miqdarda karotinoidlərin olmasıdır. Karotinoidlərdən orqanizmdə A vitamini sintez olunur. Bu vitamin insanın sağlamlığı üçün olduqca vacibdir.

Bundan əlavə çaytikanı yağı C vitamini ilə də zəngindir.

A və C vitaminləri güclü antioksidantlar sayılır. Bu maddələr orqanizmdə gedən qocalma və dağılma prosesləri ləngidir, immun sistemini möhkəmləndirir, orqanizmi şiş xəstəliklərin inkişafından qoruyur.

Çaytikanı yağı avitaminoz (vitaminlərin çatışmazlığı) zamanı müalicəvi vasitə kimi istifadə olunur. Çaytikanı yağını təbii polivitamin kompleks hesab etmək olar.

Çaytikanı yağının tərkbində olan doymamış yağlı turşular, flavonoidlər, kumarin ürək-damar sistemi üçün olduqca xeyirlidir - damarların divarlarını möhkəmləndirir, onları daha elastik edir, aterosklerozun və trombların, ürək-damar sistemində iltihabların əmələgəlməsinin qarşısını alır. Məhz bu səbəbdən çaytikanı yağı müxtəlif ürək-damar xəstəlikləri və pozulmaları zamanı köməkçi müalicəvi vasitə kimi istifadə olunur.

Çaytikanı yağı mədə-bağırsaq sistemi üçün olduqca faydalıdır. Çaytikanı yağı mədə turşusunun turşuluğunu azaldır, mədə-bağırsaq sisteminin selikli qişalarını qoruyur və onların bərpa olunmasına kömək edir. Bu yağ mədə və 12 barmaq bağırsağı xorası xəstəliyi müalicəsində çox effektli köməkçi vasitə kimi istifadə olunur. Çaytikanı yağı xoraların sağalmasına kömək edir. Xora xəstəlikdən əlavə çaytikanı yağı həmçinin qastrit, kolit, enterokolit kimi xəstəliklərin müalicəsində geniş istifadə olunur.

Şamlar şəklində olan çaytikanı yağı proktit (düz bağırsağın iltihabı), babasil zamanı istifadə olunur və çox yaxşı müalicəvi effekt verir.

Çaytikanı yağı gözlər üçün xüssilə faydalıdır. Belə hesab olunur ki, bu yağ müxtəlif göz xəstəliklərinin (katarakta, qlaukoma və s.) inkişafının qarşısını alır. Bundan əlavə çaytikanı yağı gözün buynuz qişası travmaları və yanıqları, keratit, traxoma kimi xəstəliklərin kompleks müalicəsində köməkçi vasitə kimi istifadə olunur.

Stomatoloqlar çaytikanı yağını damaqların iltihablarının müalicəsində istifadə edirlər. Bunun üçün steril pambıq çaytikanı yağında isladılır və damaqlara qoyulur.


Çaytikanı yağı ginekologiyada da geniş istifadə olunur. Bu yağ kolpit, endometrit, vaqinit, servisit kimi xəstəliklərin kompleks müalicəsində istifadə olunur. Xüsusilə çaytikanı yağı uşaqlıq boynu eroziyası və uşaqlıq yolu selikli qişaların travmaları zamanı tez-tez istifadə olunur. Müalicə zamanı çaytikanı yağına batırılmış pambıq tampon uşaqlıq yoluna qoyulur. Adətən 10-15 belə prosedur təyin olunur. Selikli qişalar tez bir zamanda bərpa olunur və müalicənin nəticəsi davamlı olur.

Çaytikanı yağı özünü müxtəlif dəri xəstəliklərin (psoriaz, neyrodermit, dəmrov, ekzema, piodermiya və s.), yanıqların, xoraların müalicəsində çöx yaxşı göstərib. Ənənəvi tibb həmçinin bu yağı müxtəlif yanıqların (gün, termik, kimyəvi), çətin sağaldılan yaraların, yataq xəstələrində əmələ gələn yaraların müalicəsində geniş istifadə edir.

Müxtəlif xəstəliklərin, avitaminozların profilaktikası məqsədi ilə hər gün yatmazdan əvvəl 1 çay qaşığı çaytikanı yağı qəbul etmək lazımdır.

Bəzi xəstəliklər zamanı çaytikanı yağının qəbulu əks-göstərişdir və bu səbəbdən qəbuldan əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Çaytikanı yağı kosmetologiyada müxtəlif kremlərin və kosmetik maskaların tərkibində geniş istifadə olunur. Çaytikanı yağı üz dərisini yumşaldır, qidalandırır, daha elastik edir, xırda qırışları yox edir, ağardır, piqment ləkələri və çilləri daha az görünən edir.

Çaytikanı yağı ilə kosmetik maskanın resepti: 2 xörək qaşığı yulaf yarması az miqdarda qaynar suda isladılır. Yarma şişəndə ora 1 çay qaşığı çaytikanı yağı, 1 çay qaşığı bal əlavə olunur və yaxşı qarışdırılır. Maska təmiz üz dərisinə çəkilir və 20 dəqiqədən sonra ilıq su ilə yuyulur.

Çaytikanı yağı həmçinin saçların vəziyyətinə çox müsbət təsir edir. Həftədə 1 dəfə saçların köklərinə çaytikanı yağı sürtün və 30 dəqiqədən sonra saçlarınızı yuyun. Saçlarınız daha canlı, sağlam və parlaq olacaq.

30 oktyabr 2020
GO BACK