Çay haqqında nələr bilirik? Çayın Vətəni haradır? Bu içki həyatımıza necə təsir edib?
Çay haqqında bildiklərimiz çox az olsa da ən sevdiyimiz isti içkidir. Çay ağacının vətəni Çin hesab edilir. Məhz çinlilər yarpaqdan hazırlanmış həlimin insan orqanizmi üçün tonlaşdırıcı təsirinə diqqət yetirmiş və bu bitkinin becərilməsinə başlamışlar. Çayla bağlı ilk xatirələrə təxminən 5000 il bundan əvvəl Çin əlyazmalarında rast gəlinir.
Çay dünyada ən çox içilən içkilər siyahısında, sudan sonra ikincidir. Qədimdə Şərq aləmində çayı içki kimi deyil dərman kimi istifadə ediblər, o vaxtdan bəri dünyanın aparıcı tədqiqatçıları bu maraqlı bitki üzərində elmi araşdırmalar aparır.
Çay necə saxlanılmalıdır? Tərkibi və xüsusiyyətləri
Çayın xüsusiyyətinə onun saxlandığı yer də təsir edir. Uzun müddət qalması üçün çayı quru, sərin və havası təmizlənmiş yerdə saxlamaq lazımdır. Dəmlənmiş çayı digər məhsullarla birlikdə saxlamaq doğru deyil. Saxlanma şərtlərinə riayət etdikdə, çay illərlə daha möhkəm, içki isə dadlı və ətirli olur.
Səmərəli istifadə üçün müxtəlif çay növlərinin xüsusiyyətlərini bilmək lazımdır. İriyarpaqlı çay daha tez işlənir, bir kiloqram çaydan 300 fincan çay dəmləmək olur. Bu ən qənaətsiz çaydır, belə ki, bir fincan çay dəmləmək üçün bir qaşıq quru çay tələb olunur.
Əgər qutunun üzərində yarpağın ölçüsü göstərilməyibsə, bu orta yarpaqlı çaydır. Bu növdən olan çayın bir kiloqramından 500 fincan çay dəmləmək mümkündür. Kiçik dənəli çay tez dəmlənir, şəffaf rəng verir, qənaətli istifadə edilir, lakin kiçik bir səhv acı bir içkinin alınmasına səbəb olur.
Kim necə dəmləyir? Əslində necə olmalıdır?
Hər xalq çayı özünə görə müxtəlif üsullarda dəmləyir. Buna təsir edən əsas amil iqlim şəraiti və xalqın sürdüyü həyat tərzidir.
Çinlilər əvvəlcədən qızdırılmış çaynikə çayı atıb, üstünə qaynar suyu tökürlər, 3 dəqiqədən sonra, farfordan hazırlanmış fincanlara süzüb, qaynar-qaynar, özü də qəndsiz içirlər.
Yaponlar çayı, əvvəlcə, xüsusi hazırlanmış həvəngdəstədə əzib, toz halına salırlar. Sonra, əvvəlcədən qızdırılmış çaynikə atıb, üstünə hərarəti 70 selsidən yuxarı olmayan qaynamış su töküb, 2-3 dəqiqədən sonra içirlər. Yaponların dediklərinə görə, bu cürə dəmlənmiş çay, öz müalicəvi əhəmiyyətini saxlamaqla yanaşı, həm də çox ətirli olurlar. Yaponlar əsasən, çayın ətrindən daha çox feyziyab olurlar. Belə ki, onlar da çayı 40-50 qr.-lıq kiçik fincanlarda içirlər.
İsveçrəlilər qaynayan südə qaynaya-qaynaya əvvəlcə qənd atırlar, onun ardınca, quru çayı atıb, odu söndürürlər. Tam soyudub, sonra içirlər.
Kalmıklar bir balaca suyu çaynikdə qızdırıb, həmin çaynikə yaşıl çayı atıb, qoyurlar odun üstünə. Su qaynağa düşəndən sonra, qaynar süd, ərinmiş yağ, duz əlavə edib, qarışdıra-qarışdıra 15 dəqiqə qaynadırlar. Qaynama müddətinin başa çatmasına 7-8 dəqiqə qalmış, çaynikə dəfnə yarpağı və mixək əlavə edib, odu söndürürlər. Və nəhayət, süzgəcdən süzüb içirlər.
Azərbaycanlılar çayı adətən, şüşə və ya saxsı çayniklərdə dəmləyirlər. Əvvəlcə, çayı çaynikə töküb və sonra üstünə qaynamış suyu əlavə edib, asta odda dəmləyirlər. Təxminən 5 dəqiqədən sonra çay hazır olur.