Hamımızın depressiv, ümidsiz vaxtlarımızda bizi həyata qaytaran nə isə və ya kimsə olur mütləq, yoxdursa bu vəziyyət getdikcə uzanır, dərinləşir və xroniki hala çevrilir. Özümüzü xoşbəxt hiss etmədiyimiz günlərin sayı artıqca, bu, həyat tərzimizə çevrilir və biz öyrəşirik – vərdiş edirik. İnsan həyatının gedişatını müəyyən edən də elə vərdişlərdir. Hərdən xoşbəxt anlar gəlir, bir neçə saat ya da bir gün çəkir və yenidən əvvəlki vəziyyətə dönürük, bu zaman belə bir fikir formalaşır ki, xoşbəxtlik anidir və “oldu bitdi” normaldır. Düşünürəm ki, eyforiya anidir, xoşbəxtliyi eyforiya kimi qəbul edənlər üçün anidir, mənə görə xoşbəxtlik daxil harmoniyadadır, hansı ki, bunu da gecə yatıb səhər oyanmaq, əl-üz yumaq, yemək yemək və digər etdiyimiz şeylər kimi vərdişə çevirə bilərik. Daxili harmoniyanı qorumağın yollarını öyrənmək olar, lifelong learning – ömür boyu öyrənmə deyilən bir şey var. Bizə verilən ömür daxili harmoniyanın məhz bizim üçün olan uyğun halını tapmaq, öyrənmək və vərdişə çevirmək üçün kifayət qədərdir. Necə ki, ümidsizliyə qapılmağa vərdiş edirik, eləcə də daxili harmoniya ilə yaşamağa öyrəşə bilərik.
Pürrəng