Qadin.NET / Çayımızın da duzu var

Çayımızın da duzu var

 

Çayımızın da duzu var


Çoxumuz duzlu yeməklərin insanı susatdığını bilirik və gündəlik həyatımızda demək olar ki hər birimiz bunu yaşamışıq. Duzlu nəsə yeyəndə ” çox yemə səni yandıracaq” kimi sözləri də çox eşitmişik. Amma səbəbdən daha çox nəticəyə baxdığımızdan , heç bəlkə də duzun insanda niyə susuzluq yaratdığını bilmirik.

 

Qida yoluyla qəbul olunmuş duz nazik bağırsaqlardan sorulduqdan sonra qanla bədənimizi dövr etməyə başlayır . Bədənimizin ən ucqar nöqtəsində olan hüceyrələrə belə gedib çatır asanlıqla. Təbii olaraq qanda olan duz miqdarı hüceyrə daxilində olan miqdardan artıq olduğu üçün , daxildəki maye xaricə doğru meyillənir ki, bu da hüceyrələrimizdə bir susuzluq halı yaradır.

Amma bu yerdə işə beynimiz qarışır. Beyində hər hissiyyatın bir mərkəzi olduğu kimi, susuzluq hissinə də cavabdeh bir mərkəz var. Bu mərkəz qanda artmış duz miqdarını təyin edən kimi, insanda susuzluq hissi yaranır. Yetərincə maye qəbul edib duzun qandakı % miqdarını aşağı saldıqda isə , susuzluq mərkəzi yenidən passiv vəziyyətə keçir. Beləliklə beynimiz bədənimizdəki bütün hüceyrələri susuzlaşmadan qoruyur, bizsə bunu ancaq susuzluq hissi kimi yaşayırıq.

Yəqin bilməyən yoxdur ki, bir çox çayçı müştərilərin çayına qida sodası qatır. Yuxarıda yazılan mexanizmi bilməsələr də sodanın susuzluq hissi yaradacağını yaxşı bilirlər. Bunun da səbəbi odur ki, bildiyimiz qida sodası ( Natriubikarbonat) mədə şirəsi ilə kimyəvi reaksiyaya girərək xörək duzuna çevrilir. Bir sözlə təkcə çörəyimizin yox çayımızın da duzu var.

Kobud yolla hesablasaq 1 çay qaşığı soda ekstradan 1,5 litr maye qəbulu tələb edir. Özünüz hesablayın artıq.

Aqil Hüseynzadə

6 yanvar 2017
GO BACK