Qadin.NET / Görmənin gigiyenası

Görmənin gigiyenası

Görmənin gigiyenası

İnsan ətraf mühitdən aldığı informasiyanın çox böyük bir qismini görmə vasitəsilə alır. Gözümüzlə görür, oxuyur və nəticədə öyrənirik. Görmə funksiyası bir insanın sahib olduğu ən böyük nemətlərdəndir desəm yanılmaram.

 

Andan olduğumuz vaxtdan bu günə kimi gözlərimizi daima istifadə etmişik. Amma hər şeyin bir qaydası olduğu kimi görmənin də riayət olunarsa funksiyanı qoruya biləcək bir çox qaydaları var. Göz xəstəliklərinin, xüsusilə refraksiya pozuqluqlarının böyük sürətlə artığı bu zamanlarda  bəzi normaları gözləməmiz  uzun müddət normal görməni qoruyub saxlamağa yardım etmiş olar.

  1. Oxuma zamanı mətnin gözdən ən optimal məsafəsi 30 sm . Monitordan istifadə etdiyiniz zaman isə 50-55 sm-dir. Bu məsafələrin qorunmaması sonralar refraksiya pozulmalarının yaranmasına səbəb ola bilər.
  2. Oxuma üçün optimal işıqlandırma şəraiti yaradın. Nə çox zəif, nə də çox gur işıqlarda oxumayın. Hər iki halda göz üçün əlavə yüklənmə formalaşır. İşıqlandırmanın arxa tərəfdən olması daha yaxşı olar. Yazma zamanı isə sağ əllə yazanlar üçün soldan, sol əllə yazanlar üçün isə sağdan olması daha məqsədə uyğundur.
  3. Nəmləndirmə gözlər üçün çox vacibdir. Mütəmadi olaraq göz yaşı ilə nəmlənməyən gözün ön təbəqəsi quruyur bu isə nəticədə həm normal görmə üçün problemlər yaradır , həm də gözdə infeksion proseslərin getməsi üçün şərait yaradır. Ona görə də gərgin zehni iş zamanı , gözlərin mütəmadi olaraq qırpılmasına fikir vermək lazımdır. Çünki ən çox oxuma və komputerlə işləmə zamanı insan diqqətini tamamilə işinə yönlədirdiyindən gözlərini gec-gec qırparaq gözlərdə quruluq yaradır.  Bunu özünüz də gözlərdə yanma hissi gözlərin yaşarması şəklində hiss edə bilərsiniz.
  4. Çalışın avtobus kimi nəqliyyat vasitələrində kitab oxumayasınız. Ani tərpənişlər zamanı məsafənin bir neçə mm belə dəyişməsinin siz çox fərqinə varmasanız da, gözləriniz bu dəyişməni korreksiya etmək üçün gərgin iş görür və nəticədə bu göz əzələlərinin gərginlik altında qalmasına, görmənin pisləşməsinə gətirib çıxarır.
  5. Bir başa parlaq işıq mənbəyinə , günəşə baxmayın . Çimərliklərdə, hündür dağ yerlərində günəş eynəyindən istifadəyə üstünlük verin. Bu kimi faktorlar göz dibində, torlu qişada yanıq tipli dəyişiklər əmələ gətirərək görmənin geri dönməz şəkildə itiriməsinə səbəb ola bilər.
  6. Oxuma zamanı hər 30-40 dəqiqədən bir fasilə verin. Çalışın fasilə zamanı uzaq məsafələrə baxasınız.

Bu bir neçə qaydaya riaəyət edərək  normal görmə funksiyasını uzun müddət qoruya bilərsiniz. Gözlərimizin və görmənin bizim üçün nə dərəcədə vacib olduğunu unutmayaq və onlara lazımlı qayğını vaxtında göstərək.

 

Aqil Hüseynzadə

4 yanvar 2017
GO BACK