Sonsuzluq diaqnozu ilə üzləşən bütün insanlar oxşar reaksiyalar verirlər: keçirdikləri şokla yanaşı, depressiya, kədər, özgüvən əksikliyi, özünü dəyərsiz hiss etmə, qəzəb, xəyal qırıqlığı, və s. Ancaq həmin anlarda yaşanan duyğusal ağrı hərkəsdə fərqlidir. Hiss edilən bu dərin ağrı cütlüyün özü ilə yanaşı, yaxınlarına da güclü təsir edir. Yaşanan bu stress nəinki müalicə prosesinə, həmçinin cütlüyün bir-birinə olan münasibətində də ciddi rol oynamağa başlayır.
Stressin sonsuzluğa səbəb olduğuna dair araşdırmalar hələ də davam etməkdədir, lakin stressin sonsuzluğun müalicəsinə ciddi mənfi təsirlərinin olduğu təsdiqlənmişdir.
Stress:
insan fiziologiyasında mənfi dəyişikliklərə səbəb olur,
əzələ sistemində: gərginlik, spazmlar, yorğunluq halları yaradır,
ürək-damar sistemində: çırpıntı, ağırlıq, təzyiq hiss edilir,
duyğu sistemində: gərginlik, bədbinlik, sıxıntı və s. yaranır.
Və nəticədə şəxsin funksionallığı (məhsuldarlığı) azalır və yox olur. Cəmiyyətdən uzaqlaşır, durğunlaşır, içinə qapanır. Həyatdan tamamilə zövq almaz hala gəlir. Ailəsindən, dostlardan, işdən uzaqlaşmağa başlayır. Qərar verməkdə çətinliklər yaşayır. Panika, qorxu halları artır. Dəyərsizlik, uğursuzluq düşüncələri möhkəmlənir.
Müalicəsi uğursuz olan və yaxud müalicə metodları birdən çox sayda təkrarlanan cütlüklərdə stress səviyyəsinin daha yüksək olduğu müşahidə edilmişdir. Bu vəziyyət bir çox başqa problemlərin yaranmağına da səbəb olur. Araşdırmalar göstərir ki, stress hormonal müvazinəti poza bilir, kişilərdə sperma sayında və hərəkətliliyində azalma yaradır. Yəni, sperma keyfiyyətini azaldaraq törəmə funksiyalarına neqativ təsir edir, qadınlarda da ovulyasiyaya (yumurtlamaya) təsir edir və proqesteron əksikliyinə səbəb olaraq hamiləliyin davam etməyini əngəlləyə bilir.
Sonsuzluq müalicəsinə başlarkən professional dəstəkdən yararlanaraq stress yaradan qaynaqların fərqinə varıb, effektiv şəkildə aradan qaldırma yollarını öyrənmək, müalicənin faydalarına yönəlmək, baş vermiş vəya verə biləcək bütün neqativ hallarda stressdən uzaq qalaraq, müalicəyə tam hazır vəziyyətdə davam etmək, həyat keyfiyyətinin yüksəldilməsində maraqlı olmaq, müalicədə fiziki və duyğusal dəyişimlərlə mübarizə aparmağı öyrənmək, ümumi vəziyyəti anlamaq və yeni addımlar atmaq üçün hazır olmaq lazımdır.
Araşdırmalar göstərir ki, sonsuzluq müalicəsinə başlamazdan öncə və proses ərəfəsində psixoterapiya dəstəyi alaraq depressiya, anksiyete (təşviş halı) və stressdən qurtulan cütlüklər valideyn olma şanslarını artıra bilirlər.
Müəllif: Şəbnəm Sadıqova