Qadin.NET / Krem əvəzinə idman edin

Krem əvəzinə idman edin

Krem əvəzinə idman edin

Yeni təəcübləndirici araşdırmaya görə, idman nəinki dərinizi gənc saxlayır, idman yaşlı adamlarda hətta dəri qocalmasını geriyə döndərir, dərini cavanlaşdırır.

Hamının bildiyi kimi, qocaldıqca dəridə qırışlar əmələ gəlir və dəri getdikcə elastikliyini itirir. Təxminən 40 yaşda dərinin ən üst təbəqəsi, ölü hüceyrələrdən ibarət olan stratum korneum, qocaldıqca quruyur və sıxlaşır. Bu arada, dərini alt təbəqəsi olan dermis isə nazikləşir, hüceyrələrini itirir və bu təbəqənin elastikliyi azalır. Bu stratum korneum və dermisdə olan dəyişiklər günəşə məruz qalmaqdan asılı olmayaraq, vaxt keçdikcə baş verən dəyişikliklərdir.

Ontario, MakMaster Universitetindəki alimlərin maraqlandığı sual belə idi: bu yaşlanma ilə əlaqədar olan dəri dəyişikləri qarşısıolunmazdı ya yox?

İlk olaraq, tez yaşlanan sıçanlar üzərində aparılan araşdırmalar göstərdi ki, mütəmadi idman tez qocalmağın qarşısını ala bilərmiş. Əksinə, idmansız və oturaq həyat sürmək sıçanları tez zəiflədir, beyin fəaliyyətlərini azaldır və onların dərisinı ağardır və tüklərin tökülməsinə səbəb olur. Amma qəfəslərində qaçmaq aparatı yerləşdirilmiş sıçanlar isə sağlam beyin, ürək, əzələlər və ağarmayan dəriyə sahib oldular.

Krem əvəzinə idman edin

Bu sıçanlar üzərində aparılan araşdırma nəticələrinin insanlara aidiyyatı olduğunu araşdırmaq üçün 20-84 yaşlar arasında olan qadın və kişi könüllülər toplanmışdır. Bu könüllülər iki qrupa bölünmüşdür: idman edənlər (həftəlik ən azı 3 saat güclü idman edənlər) və oturaq həyat tərzi keçirənlər (həftədə bir saatdan az idman ilə məşğul olanlar).

Araşdırmanın sonunda, laboratoriya analizləri üçün könüllülərin arxa nahiyyələrindən (günəşə məruz qalmayan) dəri örnəkləri alınmışdır. Dəri qatlarındakı dəyişiklərə mikroskop altında nəzər yetirdikdə, yaşlara uyğun dəyişiklər qabarıq şəkildə görülmüşdür. Lakin, bu dəri dəyişiklikləri iki qrup (idman edənlər və oturaq həyat sürənlər) üzrə incələndiyində, idman edən 40 yaşdan yuxarı olan qadın və kişi könüllülərin dərisi daha çox 20- və 30-yaş olanlardakı dəriyə bənzəyirdi. Belə ki, idman edənlərin üst dəri təbəqəsi stratum korneum nazikləşmiş və alt dermis təbəqəsi qalınlaşmışdır. Bu idman ilə nail olunmuş dəridəki müsbət dəyişikliklər hətta 65-yaşdan yuxarı olan könüllülərdə də görülmüşdür.

Krem əvəzinə idman edin

Bu nəticələri daha da möhkəm şəkildə təsdiqləmək üçün, 65-yaşdan yuxarı olan könüllülər üzərində oxşar araşdırma aparılmışdır. Yenə də, idman edən könüllülərin dərisi, 3 ay davam edən intensiv idman rejimindən sonra mikroskop altında incələnmişdir. İdmandan əvvəlki vəziyyətinə nisbətən, yaşlı könüllülərin dəriləri daha da cavanlaşmışdır, və dəriləri 20- və 40-yaşlıların dərisinə oxşamağa başlamışdır.

Bu araşdırmanı aparan alimlərin fikrinə görə, idman zamanı əzələlərdən qana ifraz olunan mayokin adlı faktorlar (məs. mayokin İL15) bədənə yayılaraq, dəri də daxil olmaqla, fərqli orqanların hüceyrələrinə müsbət təsir edirlər. Çox güman ki, idman zamanı əzələlərdən qana ifraz olunan mayokinlər dərinin stratum korneum və dermis təbəqələrində cavanlaşdırıcı effektlərə səbəb olurlar.

Camal Əliyev

28 iyul 2015
GO BACK