Gingivit ən çox yayılan parodont xəstəliyi olub, demək olar ki, bütün yaş dövrlərində, o cümlədən uşaqlar və yeniyetmələrdə də
rast gəlinir.
Gingivitin əmələ gəlməsinə səbəb olan faktorlar yerli və ümumi olmaqla iki qrupa bölünür. Ümumi səbəblər içərisində orqanizmin reaktivliyinin aşağı düşməsi, endokrin, ürək-damar, qanyaradıcı orqanları, mədə-bağırsaq sistemi xəstəlikləri, habelə hipovitaminozlar, allergik reaksiyalar, infeksion xəstəlikləri, hamiləlik toksikozları və s. göstərmək olar.
Orqanizmdə baş verən ümumi xarakterli dəyişikliklər, zərərli yerli faktorlarla birgə prosesi bir qədər də ağırlaşdırır. Zərərli yerli faktorlar bunlardır: ağız boşluğunun gigiyenik vəziyyətinin pis olması, diş ərpi və diş yastıqcığının əmələ gəlməsi, diş-çənə anomaliyası və deformasiyaları, mexaniki, kimyəvi, fiziki zədələnmələr və s. yerli travmatik faktorlar da bilavasitə gingivitlərin yaranmasına səbəb ola bilər.
Diş ətinin iltihabı hiperemiya, ödem, qanaxma, şişkinlik, hiper trofiya, prosesin kəskin və xroniki xarakterli gedişə malik, həmçinin lokal və yayılmış formada olması ilə səciyyələnir. Bundan əlavə, plomblama zamanı buraxılan səhvlər (pre parasiyanın düzgün aparılmaması, matrisadan istifadə olunmaması), diş daşlarının olması, dişlərin retensiyası və distopiyası və s. gingivitlərin yaranmasına gətirib çıxarır.
Gingivitin gedişi orqanizmdəki ümumi dəyişikliklər komplek sindən və selikli qişadakı iltihabın yayılma dərəcəsindən asılıdır. Yüngül dərəcəli gingivit üçün dişlərarası məməciklərin zədələnməsi, orta gedişlidə prosesin marginal hissəyə də yayılması, ağır formada isə alveolyar sahədə də iltihabın aşkar edilməsi xarakterikdir.
Gingivit zamanı dişin bağ aparatının zədələnməsi müşahidə olunmur, ancaq dişlərin hipertrofiyası hesabına (hipertrofik gingivitlərdə rast gəlinir) yalançı parodontal ciblər əmələ gələ bilər.
Kataral gingivit
Bu xəstəlik zamanı pasiyentlər diş ətində xoşagəlməz, qaşınma hissiyyatından, ağızda pis iyin olmasından, qida qəbulu zamanı və dişləri təmizləyərkən, diş ətindən qan gəlməsindən şikayət edirlər. Xəstəliyin kəskin gedişi dövründə qida qəbulu zamanı mexaniki və kimyəvi qıcıqlandırıcıların təsirindən ağrı daha da şiddətlənir.
Xəstənin ümumi vəziyyəti o qədər də dəyişmir, buna baxmayaraq xəstəliyin kəskinləşmiş dövrlərində subfebril temperatur və ümumi halsızlıq müşahidə edilir. Kəskin kataral gingivitin təzahürü dişlərin çıxma və dəyişmə dövrləri üçün xarakterikdir. Bundan başqa, kəskin infeksion və digər ümumi somatik xəstəliklər fonunda da kəskin kataral gingivit əmələ gələ bilər Xroniki kataral gingivit uzunmüddətli gedişə malik olması ilə xarakterizə olunur və xəstəliyin əlamətləri o qədər də aydın təzahür olunmur. İltihab əlamətləri bəzi hallarda yalnız dişlərarası məməciklərdə və diş əti kənarında müşahidə edilir. Xroniki kataral gingivit lokal, generalizə olunmuş və ya yayılmış formalarda rast gəlinir.
Ağrı olması səbəbindən xəstələr dişlərini rahat təmizləyə bilmirlər və buna görə də dişlərin üzərində kifayət qədər yumşaq diş ərpi toplaşmış olur. Bir çox hallarda diş ərpində müxtəlif rənglər aşkar edilir ki, bu da qəbul edilmiş qidanın rəngindən, siqaret tüstüsündən və s. asılı olur. Diş əti mayesinin miqdarı çoxalır, Şiller-Pisarev, Yasinovski, Kulajenko sınaqları müsbət reaksiya verir. Diş ətində oksigenin gərginliyi azalır (polyaroqrafiya metodu), iltihabi prosesin kəskinləşdiyi dövrdə isə artmış olur.
Kataral gingivit zamanı bir qayda olaraq, xəstənin ümumi vəziyyəti pisləşmir, periferik qanda dəyişiklik aşkar edilmir.
Rentgenoqramda alveol sümüyündə dəyişiklik nəzərə çarpmır. Xəstəliyin uzunmüddətli gedişi hallarında osteoparoza və periodontal yarığın genişlənməsinə rast gəlmək olar. Epitelinin buynuzlaşması prosesinin pozulması sayəsində parakeratoz kimi patomorfoloji dəyişikliklər əmələ gəlir. Tez-tez akantoz və vakuol distrofiya meydana çıxır. Ödem və hiperemiya selikli qişanın subepitelial qatında müəyyən edilir. Limfoid hüceyrələrdən, histiosit və seqmentnüvəli leykositlərdən təşkil edilmiş ocaqlı infiltrat, əsasən diş əti yarığında yerləşmiş olur. Kollagen liflərdə distrofik dəyişikliklər müşahidə edilir: onlar qalınlaşır və kobud kələf şəklində bir-birilə birləşir. Bu proseslər epitelinin tikanabənzər qatında qlikogenin miqdarının çoxalması ilə müşayiət olunur, birləşdirici toxumada qlükozaminqlikanların çoxalması baş verir.
Kataral gingivitə görə xəstələr nadir hallarda həkimə müraciət edirlər. Bu xəstəlik ya planlı sanasiyalar zamanı keçirilən müayinələrdə, ya da digər xəstəliklərə görə həkimə müraciət olunan vaxt aşkar edilir. Kataral gingivitin uzunmüddətli gedişə malik olduğu və səmərəli müalicə tədbirlərinin aparılmadığı hallarda, parodontun yerli müdafiə resursları zəifləyir və daha aqressiv patologiyalar, o cümlədən hipertrofik və xoralı gingivitlər əmələ gəlir. Bu cür xəstələrin müayinəsi zamanı yadda saxlamaq lazımdır ki, kataral gingivit, həmçinin bir çox sistem xəstəliklərinin simptomu kimi də meydana çıxa bilər.
R.M.Məmmədov, B.M.Həmzəyev
Paradont xəstəlikləri