Qadin.NET / Görmə sensor sistemi

Görmə sensor sistemi

 

Görmə sensor sistemi

Beyin görmə orqanı vasitəsilə sensor məlumatların 90%-dən çoxunu alır. Gözün torlu qişası elektromaqnit şüalarının dalğa uzunluqları 400-800 nm intervalında olan hissəsini qəbul edir. Görmə orqanının fizioloji rolu, birincisi, bu optik cihaz xarici mühit əşyalarından işığı toplayıb torlu qişada xəyala çevirməkdir, ikincisi isə torlu qişada alınan xəyalları sinir siqnallarına çevirib görmə qabığına nəql etməkdir. Günəşin və qalan kainatın işığı Yer üzündə yaşayan canlı orqanizmlərin həyatında olduqca mühüm rol oynayır. Onların böyük əksəriyyəti günəş şüalarının bilavasitə təsirlərinə məruz qalır. Canlı orqanizmlər cansız cisimlər kimi işıq şüaları əks etdirirlər. Günəş və Kainat işığı, bu əks olunan işıq birlikdə yer üzündə işıqlılıq, işıqlı mühit yaradır.

Görmə sensor sistemi

 

Təbii işığın spektrində nə çox, nə də az fiziki enerji daşıyan dar bir zona var ki, o, görünən işıqdan ibarətdir. Ona ağ işıq deyilir. İnsan və heyvanlarda bu işığı görmək üçün xüsusi görmə üzvləri, gözlərin işığa həssas reseptorları (fotoreseptorlar) və görmə prosesi təmin edən spesifik sinir mexanizmləri meydana gəlmişdir. İnsan xarici aləm haqqında informasiyanın 85-90%-i qədəri məhz gözlərinin görmə qabiliyyəti sayəsində əldə edir.

Canlı orqanizmlərin işığa qarşı ən bəsit həssaslığı səpkin (diffuz) işıqlığın ayrı-ayrı çalarları ayırd etmək qabiliyyəti ilə əlaqədardır. Mürəkkəb heyvan orqanizmlərinin böyük əksəriyyəti işıqlığın surətli dəyişiklikləri və lokal fərqləri hiss etmək və qavramaq qabiliyyətinə malikdir. Bu, görmə sahəsində hərəkətləri, yerdəyişən cansız və canlı obyektləri görmək, təyin etmək, izləmək imkanları yaradır. Bu kimi funksiyalar tələb edir ki, görünən hərəkət və ya obyektlərin obrazları fotoreseptor ekranında mütləq təkrar yaransın və əks olunsun.

 

Görmə sensor sistemi

Bir çox heyvan orqanizmləri görmə obrazları və təsvirləri fotoreseptor ekranında, gözün tor qişasında fokuslaşdırmaq, tanımaq və manipulyasiyalara uğratmaq xassələri kəsb etmişdir. Onlar diffuz işıqlığın parlaqlıq və polyarlıqları fərqləndirmək, hərəkət səmti seçmək və naviqasiyada ondan istifadə etmək iqtidarı qazanmışdır. 

 

İbtidai heyvanlar aləmində ətraf mühitin işıqlıq dərəcələri və işıqlığın mənbələrini hiss edə bilən bəsit görmə orqanlarından tutmuş nisbətən mürəkkəb görmə orqanlarına qədər müxtəlif quruluşlarda təşkil olunmuş çeşidli görmə sensor sistemlərə rast gəlmək olar. Həşəratlarda fəaliyyət göstərən çox gözcüklü görmə orqanları (faset gözlər və gözlərin digər formaları) onurğasızlarda işıqlığın müxtəlif xassələri qavramaq bacarığından xəbər verir.

Bir sıra onurğasızlarda və onurğalıların, demək olar ki, hamısında cüt, bilaterial (binakulyar) görmə orqanı-gözlər formalaşmışdır.

Bu halda iki gözdən gələn görmə siqnalları inteqrasiya olunaraq orqanizmə ətraf mühitin işıqlılığının dərinliyi, genişliyi, yaxın və uzaqlığı duymaq imkanları verir. Bu, işığa həssaslığın, görmənin daha mükəmməl səviyyəsidir. Bir çox heyvan növləri, o cümlədən insan işıq spektrinə məxsus rəngləri duymaq qabiliyyəti nümayiş etdirir, rəngli görmə görmənin ən mürəkkəb və ali forması kimi inkişaf etmişdir.

Ə.H.Əliyev, F.Ə.Əliyeva, V.M.Mədətova

İnsan və heyvan fiziologiyası

I hissə

17 oktyabr 2014
GO BACK