Qadin.NET / Boğaz ağrısı niyə olur?

Boğaz ağrısı niyə olur?

Boğaz ağrısı niyə olur?
Xalq arasında angina, boğaz ağrısı, boğaz iltihabı kimi adlarla bilinən, biz həkimlərin "kəskin farengit" deyə adlandırdığı xəstəlik tam da bu dəyişən havaların xəstəliyidir.
Farengit nədir?
"Farenks" boğaz deməkdir. Farengit də boğaz iltihabı mənasını verir. Əslində boğazın, burun boşluğunun arxasında qalan və "gəniz" deyə də adlandırdığımız bir qismi və bir də ağız boşluğunun tam arxasında olan qismi (orofarenks) var. Farengit deyəndə boğazın ağzımızı açdığımız zaman görülən qisiminin iltihabı olduğu anlaşılır.
Boğaz iltihablarının ani olaraq başlayan və xəstəni çox narahat edən şəklinə "kəskin farengit", uzun müddətdən bəri davam edən və çox şiddətli olmayan halına isə "xroniki farengit" deyilir.
Xroniki boğaz ağrılarının bir çox səbəbi ola bilər. Allergiyalar, hava çirkliliyi, siqaret tüstüsü, burun tıxanıqlığı, tənəffüs zamanı havanın quruluğu, spirt, çox isti və ya soyuq yemək və içkilər, mmütəmadi olaraq yüksək səslə danışmaq və qışqırmaq kimi.
Kəskin boğaz iltihablarının çoxu isə infeksiyalarla əlaqədardır. Bu infeksiyaların çoxu, yəni 80 %-i viruslarla, 20 %-i isə bakteriyalarla meydana gəlir.
Bu məlumat çox əhəmiyyətlidir, çünki virusların səbəb olduğu boğaz iltihabları antibiotik müalicəsi almadan öz-özünə yaxşılaşarkən, bakteriyaların səbəb olduğu iltihabların mütləq antibiotiklərlə müalicəsi lazımdır.
Boğaz ağrısı niyə olur?
Viral farengit
Virusların səbəb olduğu xəstəliyə viral farengit deyilir. Bu çox vaxt soyuqdəymə, qrip kimi xəstəliklərə boğaz iltihabının da qatılması ilə meydana gəlir. Soyuqdəymə ilə əlaqəli yaranan farengitdə burun axıntısı, asqırma, gözlərdə sulanma, öskürək vardır, amma hərarət və ümumi vəziyyət pozğunluğu yoxdur.
Qripin yol açdığı farengit isə üşümə-titrəmə, yüksək hərarət, tərləmə, halsızlıq, iştahsızlıq, baş və bədən ağrıları ilə birlikdə özünü büruzə verir. Xəstə sanki daşa dönmüş və yatağa düşmüş bir vəziyyətdə olur.
Boğaz ağrısı niyə olur?
Bakterial farengit
Bir çox bakteriyalar kəskin farengitə yol aça bilir. Bunların ən əhəmiyyətlisi A qrupu beta hemolitik streptokoklarıdır, yəni xalqımızın "beta mikrobu" deyə bildiyi bakteriyalardır. Beta mikrobunun səbəb olduğu boğaz iltihabı hər yaşda görülə bilər, amma 5-15 yaşlarda daha çox rast gəlinir. Betalar öskürmə, asqırma əsnasında havaya qarışan dənəciklərlə və xəstə şəxslərin ifrazatları ilə çirklənmiş əlin buruna və ya ağıza təması ilə yayılır.
Xəstəliyin başlıca əlamətləri boğaz ağrısı, udqunmada çətinlik, yüksək hərarət, baş ağrısı, kiçik uşaqlarda qarın ağrısı və qusmadır. Badamcıqlarda şiş və qızarıqlıq olar  və onların üzərində ağ iltihablar görülə bilər. Boyundakı vəzlər şişər və həssaslaşar. Bəzi xəstələrdə dəri səpkiləri də ola bilər.
Bu xəstəlik badamcıq iltihabı, sinuzit, qulaq iltihabı kimi xəstəliklərə və daha nadir olaraq qızdırmalı revmatizm və böyrək iltihabı (nefrit) kimi ciddi fəsadlara yol aça bilər.
Prof. Dr. Ahmet Rasim Küçükusta
9 aprel 2016
GO BACK