Belə hesab edilir ki, insanda qazanılmış immun çatışmazlığı sindromunu (QİÇS) yaradan immun çatışmazlığı sindromudur. Bu virus Amerika və Avropaya Mərkəzi Afrikadan gəlib. İlk dəfə onu (virusu) Amerikada identifikasiya ediblər, sonra isə daha 71 ölkədə tapılıb. 1993-cü ilin sonunda QİÇS-ə yoluxanların sayı 14 milyon, 1995-ci ildə isə artıq onların sayı 23 milyona çatıb. Bu zaman ərzində hər il virusa yoluxanların sayı 3,1 milyon, ölənlərin isə 1,5 milyon olur. Sonrakı illər tendensiya artım istiqamətindədir. 2007-ci ilin axırında dünyanın ayrı-ayrı bölgələrində bu xəstəliyin dinamikası aşağıdakı kimi xarakterizə olunur: Şimali Amerikada 1,3 mln., Cənubi Amerikada 1,6 mln, Karib adalarında 230 min, Cənubi Afrikada 22,5 mln, Şimali Afrikada 380 min, Qərbi və Mərkəzi Avropada 760 min, Mərkəzi Avropa və Mərkəzi Asiyada 1,6 mln, Şərqi Asiya və Sakit Okean bölgəsində 800 min, Cənubi və Cənub-Şərqi Asiyada 4,0 mln, Avstraliya və Yeni Zellandiyada 75 min, ümumən Yer üzündə 33,2 milyondur. Təkcə 2007-ci ildə 2,5 milyon yeniyetmə və uşaqlar bu xəstəliyə yoluxub, eyni zamanda 2,1 milyon yeniyetmə uşaq isə bu xəstəlikdən ölmüşdür.
İnsanların immun çatışmazlığı virusu RNT tərkibli virus olub, insanın immun sistemini zədələyir, daha dəqiq desək, T4 limfositlərində və yaxud T-helperlərində çoxalır. Nəticədə həmin limfositlər digər limfositlərin, xüsusilə orqanizmə düşən patogen mikroorqanizmləri məhv edən T-killer limfositlərin yaranmasını tənzimləmək-"kömək etmək" qabiliyyətini itirir. Beləliklə, insanın immun sistemi dağılır və o, hər hansı yoluxucu xəstəliyə qarşı immuniteti olmadığına görə tez bir zamanda xəstəliyə yoluxur. Lakin qeyd etməliyik ki, bu virus həmişə QİÇS-i törətmir. Belə ki, bu virusla yoluxmuş insanlar uzun illər simptomsuz patogen daşıyıcısıdır.
Virus T4 limfositlərin səthindəki reseptorlarla əlaqəyə girərək öz RNT-ni onun daxilinə "üfürür". Matriks rolunu oynayan virusun RNT-si üzərində əks transkriptaza fermentinin iştirakı ilə komplementar DNT sintez olunur. Bu DNT-nin surəti (provirus) limfositin nüvəsinə daxil olur, onun genomuna qoşulur və daimi yoluxmuş hüceyrə olaraq qalır. Virus təbiətli inteqraza fermentinin köməkliyi ilə o (virus), limfositin xromosomunfakı DNT-yə birləşir.
Limfosit bölünən zamanı DNT-si ilə yanaşı, onun provirusu da replikasiya olunur və nəticədə orqanizmdə virusa yoluxmuş T4 hüceyrə populyasiyası kütləvi surətdə artır.
Virusun DNT-si 6 il qeyri-fəal şəkildə qala bilir ki, bu da xəstəliyin latent dövrü adlanır. Ancaq səbəbi aşkar edilməyən müəyyən bir zamanda limfosit immun çatışmazlığı virusu geninin RNT-sinin sürətini sintez edir. Bu mRNT-i nüvədən sitoplazmaya miqrasiya edərək və hüceyrəni "məcbur" edir ki, ona lazım olan istiqamətdə işləsin, başqa sözlə, virus zülalı və RNT-ni sintez etsin. Bunlardan yeni virus hissələri yığılaraq hüceyrəni tərk edir. Onlar sağlam T4 limfositlərini, baş beyin hüceyrələrini, eləcə də digər orqan hüceyrələrini yoluxdurur. Virusla yoluxmuş bütün hüceyrələr son nəticədə məhv olur.
C.Ə.Nəcəfov
Növbəti xəbərdə immun çatışmazlığı virusunun (İÇV və ya QİÇS) yayılma yolları barədə məlumat paylaşacayıq.