Bütün kainatdakı və təbiətdəki qüsursuzluq və möhtəşəm nizam materialist və darvinist fəlsəfələri daima ən çox narahat edən mövzu olmuşdur. Buna görə də, əsrlərdən bəridir içində olduqları “qüsur axtarışı” onları elmi bir kənara qoyub doqmatik inancları üçün dəlil aramağa sövq etmişdir. Bununla da, böyük elmi tərəqqilərə cığır açan Nyuton, Kepler, Qaliley, Linney, Eynşteyn kimi Allaha inanan alimlərin əksinə, materialistlərin bu boş axtarışı elmə vaxt itkisindən başqa bir şey qazandırmamışdır. Məhz bu sözügedən “qüsur axtarışı”nın təbiətə tətbiqi isə latınca adından başqa heç bir elmi dəyəri olmayan “rudiment orqanlar” iddiasıdır.
19-cu əsrin sonlarında ortaya atılan rudiment orqanlar siyahısı appendiks, büzdüm sümüyü, gözdəki ayparaşəkilli çıxıntı kimi sonradan çox mühüm funksiyaları olduğu ortaya çıxacaq olan orqanlardan ibarət idi. Elmin inkişafı ilə bütün bu orqanların bədəndəki vəzifələri ortaya qoyuldu və təkamülçülər də bunu rüsvayçılıq içində izlədilər. Amma nəzəriyyəyə doqmatik bağlılıq ucbatından darvinistlər daima yeni-yeni “rudiment orqan” iddiaları ilə ortaya çıxdılar. Bu iddialardan biri isə bir zamanlar “təkamülə dəlil” hesab edilən qayıdan qırtlaq siniri (recurrent laryngeal nerve) iddiası olmuşdu.
Qayıdan qırtlaq siniri beyindən çıxan 12 sinirdən ən uzunu olan azan sinirin (vagus nerve) şaxələrindən biridir. Qayıdan qırtlaq sinirinin funksiyası qırtlaq əzələlərinə impuls göndərərək danışmağımızı təmin etməkdir. Bu sinir azan sinirdən aorta qövsü yaxınlığında ayrılır və sonra geriyə, yəni qırtlağa doğru qayıdan bir yol izləyir. Buna görə də “qayıdan qırtlaq siniri” adını almışdır.
Bəs “müasir” təkamülçülərin bu sinir haqqındakı iddiaları nədir? Təkamülçülər iddia edirlər ki, bu sinir aorta qövsünün ətrafından dolanıb qırtlağa çatmaq yerinə, elə birbaşa qırtlağa da gedə bilərdi və beləliklə də “lazım olduğundan 7 dəfə daha uzun olmazdı”. Məsələni daha da şişirtmək istəyən təkamülçülər R. Daukinsin də nəzarəti ilə “zürafə yarılması” təcrübəsi keçirirlər və zürafələrdə bu sinirin metrlərlə “boş məsafə” qət etdiyini irəli sürürlər (ən uzun boyunlu məməli olduğuna görə). Qayıdan qırtlaq siniri barədə getdikcə daha da obsessivləşən darvinistlər nəsli kəsilmiş Superzavr(Supersaurus) cinsi kimi boynu daha uzun olan dinozavrlarda bu sinirin zürafənkindən də uzun məsafə qət etmiş olduğunu deyərək canlılar aləmində “böyük bir qüsur” tapıblarmış kimi ortaya çıxdılar. Təkamülçülər sanki bir dizaynerin, yəni Yaradıcının olmadığını sübut edibmişlər kimi, ikinci mərhələ olaraq, bu sinirin əmələ gəlməsini “balıqdan – insana” modeli üzərində araşdırmağa qərar verirlər. Belə ki, azan sinirin balıqlardakı 6 qəlsəmədən son üçünə şaxə verdiyini deyən Daukinsin iddiasına əsasən, “...məməlilərin təkamülü əsnasında, boynun uzanıb qəlsəmələrin itmiş olmasına baxmayaraq, onlardan bəzisi qalxanabənzər, qalxanabənzərətraf vəzilər kimi lazımlı şeylərə çevrildilər və bəzi müxtəlif hissələr və parçalar da qırtlağı formalaşdırmaq üzrə birləşdilər. Qırtlağın bəzi hissələri də daxil olmaqla, bu lazımlı orqanlar öz qan təchizatını və sinir şəbəkəsini bir zamanlar qəlsəmələrə nizamlı ardıcıllıqla xidmət göstərmiş təkamüli qan-damar və sinir əcdadlarından almışlar. Məməlilərin əcdadları balıqlardan uzaqlaşdıqca qan damarları və sinirlər qarmaqarışıq istiqamətlərdə dartılıb uzandılar, hansı ki, bununla da, bədəndə tutduqları yerlər cəhətdən aralarındakı əlaqələr pozuldu. Onurğalıların döş qəfəsi səliqəli, simmetrik və ardıcıllıqla düzülmüş balıq qəlsəmələrindən fərqli olaraq, dağınıq və qatışıq vəziyyətə gəlib çıxdı. Bununla da, qayıdan qırtlaq siniri bu pozuntunun qeyri-adi dərəcədə nəzərə çarpan bir qurbanına çevrildi”.
Göründüyü kimi Daukins sanki gerçəkləşdiyi isbat olunmuş bir hadisə imiş kimi qayıdan qırtlaq sinirinin keçdiyi “keşməkeşli yolları” uşaq nağılı tərzində nəql edir. Lakin bütün bunların hansı mexanizm nəticəsində həyata keçdiyini, yəni “faydalı mutasiya varmı?” sualını verdikdə isə saniyələrlə havaya baxıb sonda kamera çəkilişinin dayandırılmasını tələb edir. Darvinistlərin quraşdırdığı bu kreativ ssenariləri bir kənara qoyub məsələni əsil anatomik dəlillərlə incələdiyimiz zaman isə qarşımıza səthi təkamülçü yanaşmalardan tamamilə fərqli və olduqca detallandırılmış bir dizayn çıxır.
“Lazımsız dolayı yol”-un dizaynı
Qeyd edək ki, “zürafə yarılması” təcrübəsi Riçard Daukinsin “kəşfi” deyildi. Hələ 1838-ci ildə məşhur ingilis yaradılışçı “dinozavr” terminini elmə gətirən və dövrünün ən yaxşı paleontologiya və anatomiya mütəxəssisi Ser Riçard Ouen bu təcrübəni həyata keçirmişdi. (3,4) Bu zaman Ouen qayıdan qırtlaq sinirinin bədəndəki mövqeyini tam müəyyən etmiş, lakin təkamülçülərin əksinə bunun təkamülü sübut etdiyi kimi mənasız bir şərh gətirməmişdi. Bunun səbəbi isə çox açıq idi: qayıdan qırtlaq sinirinin bədəndəki trayektoriyası məqsədsiz deyildi.
İnsan anatomiyası barədə hələ də ən çox müraciət edilən kitablardan olan məşhur “Qrey Anatomiyası” dərsliyində bu sözlər yazılır:
“Qayıdan qırtlaq siniri körpücükaltı arteriyanın və ya aortanın ətrafından dolanarkən ürək kələfinin (ürək sinir şəbəkəsi - cardiac plexus) aşağı şöbəsinə bir sıra şaxələr verir. Boğaza doğru qalxarkən, sol tərəfdə sağdakından daha çoxsaylı olmaqla, qida borusunun əzələ qatına və selikli qişasına; nəfəs borusunun əzələ liflərinə və selikli qişasına və aşağı udlaq konstriktoruna udlaq şaxələri verir”.
Elə bu sözlər də qayıdan qırtlaq siniri haqqındakı bütün iddiaları iflasa uğradan məlumatı bizə çatdırır. Məsələyə olduqca çox səthi yanaşmış olan və yaxud da qəsdən öz nəzəriyyələrini müdafiə etmək üçün elmi dəlillərin üzərini örtmüş darvinistlər qayıdan qırtlaq sinirini sanki birbaşa, heç bir orqanla əlaqə saxlamadan qırtlağa gedirmiş kimi göstəriblər. Halbuki, qayıdan qırtlaq siniri aortanın altından dolandığı yerdə ürəyə, yuxarı çıxarkən isə hər pillədə qida və nəfəs borularına şaxələr verərəkhəm hərəki, həm də hissi sinirlərlə təkcə qırtlağa deyil, bir çox daha da mühüm orqana xidmət etmiş olur. Neyroanatomistlər qırtlaq sinir sistemini “kompleks” olaraq qəbul edirlər və hələ də bu sinirin bəzi spesifik hədəfləri olan şaxələri üzərində tədqiqatlar aparırlar. Faktiki olaraq, qayıdan qırtlaq siniri ürək kələfinə və yuxarı doğru gedərkən qida və nəfəs borularına da şaxələr verir və bu da onun ürəklə qırtlaq arasındakı məsafəsinin olduqca məqsədyönlü olduğundan xəbər verir.
Təkamülçülərin yol verdikləri digər bir yalnışlıq isə yuxarıdan aortaya doğru gələn siniri qayıdan qırtlaq sinirinin bir hissəsi zənn etmələridir. Halbuki, bu, azan sinirdir və qayıdan qırtlaq siniri azan sinirdən aortanın altında ayrılır. Azan sinir isə aortadan sonra aşağıya doğru qarın istiqamətindəki yoluna davam edir.
“Ehtiyat hissə” dizaynı
Qırtlağa gedən bəzi sinirlər, hissi daxili qırtlaq siniri və hərəki xarici qırtlaq siniri də daxil olmaqla, birbaşa qırtlağa istiqamətlənir. Digər sinirlər isə sol və sağ yuxarı qırtlaq sinirləri bilavasitə qırtlağa getmək üzrə azan sinirdən ayrılırlar. Qalan sinirlərin, yəni sağ və sol qayıdan qırtlaq sinirlərin isə döş qəfəsindən dolanaraq dolayı yolla qırtlağa çatdığını da bilirik. Bu yaradılışa diqqət yetirdikdə isə başqa bir dizaynla rastlaşırıq. Belə ki, qırtlaq sinirlərinin bəzilərinin qırtlağın üstündə, bəzilərinin də aşağı tərəfində yer alması daha səmərəlidir. Çünki bu dizayn sinirlərdən birinin zədələnməsi halında digərinin qırtlaq funksiyalarını qoruyub saxlamasını təmin edir. Yəni bu sinirlər bir-birləri üçün eynilə bir “ehtiyat hissə” rolunu oynayırlar. Bundan başqa, bir sıra araşdırmalar da göstərmişdir ki, qayıdan qırtlaq sinirinin hazırkı pozisiyası onu zədələnmələrə qarşı daha az meyilli hala gətirir.
Qayıdan qırtlaq siniri dizaynı
Qırtlaq sinir sistemi haqqındakı məlumatlar qismən daha uzun trayektoriyanın əhəmiyyətini anlamağımıza kömək edəcək. Belə ki, qırtlağa yuxarıdan və aşağıdan gələn sinirlər fərqli-fərqli səs cavab reaksiyalarını tənzimləyirlər. Bir mənbəyə görə, qayıdan qırtlaq sinirinin iflici çox zəif səs tonunun əmələ gəlməsi ilə nəticələnir ki, bununla da, insanın səsi “Mikki Mausun səsinə bənzəyir”. Bir maşın qəzasında xəstənin aorta qövsündə əmələ gələn travmatik yırtıq aortada cərrahiyyə əməliyyatına səbəb olmuş, bu da xəstənin zədələnmiş qırtlaq siniri ilə yaşamasına səbəb olmuşdur. Sözləri düzgün tələffüz edə bilməsinə baxmayaraq, pasientin səsi zəif idi və səsini tənzimləyə bilmirdi. Bu da qırtlaq əzələlərinin sinir şəbəkəsinin olduqca kompleks olduğunu və bir-birilə vəhdət halında fəaliyyət göstərdiyini bizə bir daha sübut edir.
Nəticə
Təkamülçülərin yazdıqları “elmi” məqalələr isə bütün bu məlumatlardan “məhrum”-dur. Beləliklə də, darvinistlər bu sahədə ixtisası olmayan cəmiyyətin məlumat əksikliyindən sui-istifadə edərək onları saxtakarlıqları ilə aldatmağa çalışırlar. Əslində isə təkamülçülər qayıdan qırtlaq sinirinin qüsur olduğunu iddia edərkən bu sinirin tək hüceyrəsinin belə necə ortaya çıxdığını açıqlamaqdan acizdirlər. Təkamülçülər əgər sinir sistemində qüsur tapdıqlarını iddia edəcəklərsə, əvvəlcə sinir sisteminin necə ortaya çıxdığını izah etsələr, daha məntiqə uyğun olar. Lakin bu da açıq bir həqiqətdir ki, materialistlər əsrlərdən bəridir təbiətdə axtardıqları qüsurları heç bir zaman tapmayacaqlar. Çünki yer üzərindəki bütün canlıları və kainatı yoxdan var edən üstün ağıl sahibi Yaradıcı hər bir şeyi nöqsansızca və incə bir əyarla yaratmışdır. Allah inkar sisteminin nə qədər çalışsalar da, təbiətdə və kainatda heç bir qüsur tapa bilməyəcəklərini bir ayəsində belə ifadə edir:
“…Rəhmanın yaratmasında heç bir uyğunsuzluq görə bilməzsən. Gözünü gəzdirib bir bax. Heç bir çatlaqlıq (qüsur və nizamsızlıq) görürsənmi? Sonra gözünü iki dəfə də gəzdirib bax. O göz (qüsur tapmaqdan) ümidini kəsmiş bir halda yorğun düşərək sənə tərəf qayıdacaqdır”. (Quran, 67:3-4)
Rafet Alizade