Qadin.NET / Malyariya

Malyariya

 Malyariya

Malyariya xəstəliyi bəşəriyyət tarixində ən təhlükəli xəstəliklərdən biri olub, hal-hazırda da belə hesab olunur. Aparılan elmi-tədqiqat işlərinə və profilaktik tədbirlərə baxmayaraq, hələ də bu xəstəlikdən on minlərlə insan ölür. 1970-ci ildən malyariyaya yoluxma halları artım istiqamətində gedir. Dünyada hər il 200 milyonadək insan bu xəstəliyə yoluxur ki, onların da 1,5 milyonu  dünyasını dəyişir. Ölənlərin də 2/3 hissəsi Afrika qitəsinin payına düşür. Bu xəstəlik Saxaradan cənuba doğru ərazidə, həmçinin Asiyada və Latın Amerikasında geniş yayılıb, əvvəllər Avropa və Şimali Amerikada da adi xəstəlik kimi yayılmışdır.
Malyariya xəstəliyi ictimai, iqtisadi və bioloji amillərdən asılı olaraq yayılan xəstəliyə yaxşı bir misaldır. Onun törədicisi ibtidailərin plazmodium cinsindən (Plasmodium) olan parazit növləridir. Dörd patogen növündən ikisinə daha tez-tez rast gəlinir. Bunlardan P.vivax subtropik zonalarda üçgünlük qızdırmanı, P.falciparum daha geniş ərazilərdə çoxsaylı ölümlə nəticələnən tropik malyariyanı törədir. Qeyd etməliyik ki, Afrika qitəsində insanlar arasında yayılmış xəstəliklər içində malyariya xəstəliyi letal təsirinə görə birinci yeri tutur. Malyariyanı Anopheles cinsindən olan parazit ağcaqanadlar yayır. Onların dişi fərdi insanların qanıyla qidalanır və bu zaman onun ağız suyu vəzisində olan plazmodilər insanın qanına düşür. Ağcaqanad malyariyanın məcburi (obliqat) ötürücüsüdür.

Yuxarıda qeyd edildi ki, anopheles maculipennis ağcaqanadı insanı sancdıqda tüpürcək vəzisində daşıdığı sporozoidləri insanın qanına keçirir. Sporozoid 5-8 mkm ölçüsündə, hər iki ucdan sivri olan bir nüvəlidir. Onlar qanla hərəkət edərək insanda bir çox orqan və toxumalara, o cümlədən qlikogenlə zəngin olan qaraciyər hüceyrələrinə daxil olaraq özünün formasını dəyişir və dairəvi forma alır. Qaraciyər hüceyrələrində sporozoidlər inkişaf edərək şizonta çevrilir. Şizontun nüvəsi şizoqoniya yolu ilə bölünərək çoxlu miqdarda qız nüvələri əmələ gətirir. Əmələ gəlmiş qız nüvələrin hər biri ana hüceyrənin (şizontun) sitoplazmasının kiçik bir hissəsi ilə əhatə olunaraq merozitə çevrilir. Merozitlər əmələ gəldikdən sonra qaraciyər hüceyrəsi dağılır və xaric olmuş merozitin hər biri yeni qaraciyər hüceyrəsinə daxil olaraq əvvəlki prosesi təkrar edir. Merozitlərin digər qrupu isə eritrositə daxil olur. Patazitin eritrositə daxil olana qədərki dövrü ekseritrositar dövr adlanır. Bu dövrdə xəstəlik özünü büruzə vermədiyi üçün gizli dövr adlanır. Gizli dövr 3 günlük malyaridaya 10-20 gün (orta hesabla 14 gün), 4 günlük malyariyada isə 3-6 (orta hesabla 4 gün) həftədir. Eritrositlərə daxil olan merozitlər inkişaf edir, 2-3 saatdan sonra onlarda vakoul formalaşır və merozit üzük formasını alır. Bu zaman parazit eritrositin hemoqlobinini əhatə edərək onunla qidalanır. Vakoul tədricən itir və 6 saatdan sonra parazitin bədənində hemoqlobinin maddələr mübadiləsindəki son məhsulu olan qonur piqment görünür. 

Malyariya

Bu zaman parazit özündən yalançı ayaqlar buraxaraq hərəkət edir. Məhz bu hərəkətliliyinə görə ona P.vivax adı verilmişdir. Parazit qana daxil olduqdan 36 saat sonra böyümə dövrünü qurtarır və dairəvi forma alaraq hərəkətsizləşir. Bu zaman onun nüvəsi şizoqoniya yolu ilə bölünür və 10-22-yə qədər nüvə əmələ gətirir. Ekseritrositar mərhələdə olduğu kimi, əmələ gəlmiş hər bir nüvə ana hüceyrənin sitoplazması ilə əhatə olunaraq merozitlərə çevrilir. Sporozoitin eritrositə daxil olduğu vaxtdan 48 saat sonra eritrositlər dağılır və merozitlər xaric olur. Eritrosit dağıldıqda ondan 10-20 merozit və toksin təsirli ifrazat məhsulları, o cümlədən melanin piqmenti xaric olur. Toksik melanin piqmenti qanın plazmasına keçərək xəstədə hərarəti 40ºC qədər artıra bilər. Xəstədə taqətsizlik, titrəmə, şiddətli baş ağrıları əmələ gəlir. Xaric olmuş merozitlərin hər biri yeni eritrositə daxil olur. Bu proses qanda bir neçə dəfə, hər 48 saatdan bir təkrar olunduqdan sonra cinsiyyətli çoxalmaya hazırlıq başlanır. Eritrositlərə daxil olmuş merozitlərin bir qrupu şizontlara deyil qamontlara çevrilir. Qamontlar ölçülərinə görə makro və mikro ölçüdə olur. Mikroqamontlar inkişaf edərək cinsi qametin başlanğıcı olan mikroqametasitə, makroqamontlar isə dişi cinsi qametin başlanğıcı olan makroqametositə çevrilir. Buraxa parazitin insandakı inkişafının eritrositar dövrü bitir. Malyariya üçün endemik zonalarda yaşayan insanları ağcaqanad bir neçə dəfə yoluxdurduqdan sonra onlarda bu xəstəliyə qarşı müəyyən dözümlülük (immunitet yox) əmələ gəlir.
İlk dəfə bu xəstəliyə tutulan insanlar xəstəliyi çox ağır keçirirlər, belə ki, 10-35 gün inkubasiya dövründən sonra bədən hərarəti 40,6-41,7ºC-yə qədər qalxır. Yüksək hərarət baş ağrısı, qusma və bütün bədən əzginliyi ilə müşayiət olunur, bir qədər sonra xəstə güclü tərləyir və hərarət aşağı düşür. Palpasiya zamanı qaraciyər ağrılı olur. P.vivax-la yoluxan zaman qızdırma və digər fəsadlar üç gündən bir təkrarlanır. Bu o vaxta təsadüf edir ki, merozitlərin yeni nəsli və onların ifrazat məhsulları eritrositlərdən xaric olaraq kütləvi surətdə qana düşür. P.falciparum-la yoluxmada isə qızdırma daha ağır fəsadlarla nəticələnə bilir. Onlardan geniş yayılanı qıcolma və komadır ki, bu xəstəliklərin yaranma səbəbi baş beyni qidalandıran qan damarlarında parazitin həddindən artıq toplanmasıdır.

 

Bir çox hallarda xəstəliyin yenidən təkrarlanması müşahidə olunur. Buna səbəb qaraciyər hüceyrələrində latent halda ekzoeritrositar şizontların aktivləşməsidir. Bu şizontlar (yatmış) qaraciyəri tərk edərək eritrositlərə daxil olur. Bu proses P.malariae-da 3-5 il təkrarlana bilər, P.falciparum-da isə şizontlar qaraciyərdə saxlanılmır. Xəstəlik isə 18 aya qədər davam edə bilər. Fəsadlardan biri də böyrək çatışmazlığı və sətəlcəmdir (pnevmaniya). P.falciparum-un törətdiyi malyariya iki-üç günə insanı öldürə də bilir. 1955-ci ildən ÜST malyariya xəstəliyinin qarşısını almaq məqsədilə xüsusi çıxış etdi. Aşağıdakı istiqamətlərdə işləri həyata keçirmək və malyariyaya qarşı daha ciddi mübarizə aparmaq üçün irihəcmli kapital qoyuluşu oldu.

1. Durğun suları qurutmaq: Malyariya xəstəliyinin yayıcısı olan ağcaqanadların sürfələri durğun sularda inkişaf edir, ona görə, ilk növbədə, həmin suları qurutmaq-ləğv etmək lazımdır. Ancaq bu əməliyyat həm baha başa gəlir, həm də o qədər də effektli sayılmır. Kənd yerlərində su hövzələri-gölməçələr, suvarma kanalları və s. kimi sututarlar mövcuddur. Kənd təsərrüfatı bitkilərinin suvarılmasında onlardan istifadə olunduğuna görə qurutmaq iqtisadi cəhətdən sərfəli deyil.

2. Ağcaqanadların sürfələri və pupları ilə mübarizə aparmaq: Ağcaqanadın sürfələri və pupları su mühitində yaşayır və oksigeni suyun-səthdə yerləşən sifon və tənəffüs boru ilə alır. Əgər hava bu yollara daxil olmazsa, sürfə məhv olar. Bunu əldə etmək üçün ən yaxşı mübarizə yolu suyun üzərini nazik yağ təbəqəsi və ya neftlə örtməkdir. Bu üsul ötən əsrin 30-cu illərində Braziliyada özünü tam doğrultdu. Belə ki, 1940-cı ildə Anopheles gambiae Braziliyada artıq ləğv olundu.

3. Yetkin ağcaqanadla mübarizə: Yetkin ağcaqanadla mübarizə aparmaq üçün insanların yaşayış sahələrini mövsümü (ağcaqanadların çoxalma dövrü nəzərdə tutulur) olaraq insektisidilərlə çiləmək-dərmanlamaq lazımdır. Əgər üç il ardıcıl və diqqətli olaraq əməliyyat aparılarsa, onda yoluxma minimum səviyyəyə enər.

Malyariyaya qarşı mübarizə aparmaq çoxlu kapital qoyuluşu tələb edir. Ancaq bu proqramın həyata keçirilməsi nəticəsində Çilidə, bir sıra Avropa ölkələrində (Fransa, İtaliya, Kipr, Hollandiya və s.), Asiyada (məsələn, Sinqapur) və ABŞ-da demək olar ki, malyariya yox dərəcəsindədir. Bu sahədə çox mühüm işlər Afrika qitəsində aparılsa da, dünya miqyasında malyariyanı tam ləğv etmək hələlik mümkün olmayıb.

Müəllif: C.Ə.Nəcəfov

12 iyul 2014
GO BACK