Keratokonus - kornea deyilən və gözün ən önündəki saat şüşəsi kimi şəffaf olan, qırıcı təbəqənin incələrək önə doğru uzanması şəklində təyin olunan xəstəlikdir. Qadınlarda daha çox rast gəlinir. Korneanın qırma gücünü dəyişdirərək orta və ya ağır dərəcədə nizamsız astiqmatizm və bulanıq görməyə səbəb olur. Keratokonus xəstəliyinin son mərhələsində buynuz qişada şişmə və ağarma görülə bilər.
Bu xəstəlik kimlərdə olur və necə bilinir?
Xəstəlik genetik xüsusiyyətə malikdir. Xəstələrdə davamlı artan nizamsız astiqmatizm, miopiya vardır. Xəstələrin ən böyük şikayəti tez-tez eynək dəyişməsi, qısa müddətdən sonra bu eynəklərdə çatışmazlıq və görmə pozğunluğudur. Keratokonus korneanın yaralanması, bəzi xüsusi göz xəstəlikləri və sistemik narahatlıqlarla birlikdə ola bilər. Uyğun olmayan gözlərə Excimer Laser əməliyyatı edilməsindən sonra gözün şəffaf təbəqəsinin zəifləməsi vəziyyətində də ortaya çıxa bilər.
Risk faktoru nədir?
2.000 adamdan birində görülən bu xəstəliyin müalicəsinə erkən başlanmalıdır. Xüsusilə yaxınlığında bu cür narahatlıq olanların daha həssas olması lazımdır. Valideynlərin uşaqlarını göz həkiminə apararaq, diqqətli və ətraflı müayinədən keçməsini təmin etməsi xəstəliyin diaqnozunda böyük əhəmiyyət daşıyır.
Xəstəlik necə müayinə olunur?
Əlamətləri adətən yetkinlik çağında ortaya çıxmağa başlayan xəstəliyin uşaq yaşda diaqnozu çətindir, çox ətraflı müayinələrlə təyin oluna bilər. Xəstəlik 20-40 yaş arasında daha da ağırlaşar. Bu dövrdə eynək nömrələri tez-tez dəyişməyə başlayır və xəstələrə hər getdikləri göz mütəxəssisi dəyişik nömrəli eynək reseptləri verə bilər. Eynəkdən istifadə etməsinə baxmayaraq, xəstə dəqiq görə bilmir.
Erkən diaqnoz çox önəmlidir
Diaqnozu çətin olan bu xəstəlik tez müalicə olunmadığı halda korluqla nəticələnə bilər. İndiki vaxtda xüsusilə eynəkdən istifadə etmək istəməyən xəstələrdə edilən topoqrafik tədqiq əsnasında keratokonus xəstələrinə az hallarda təsadüf edilir.
Müalicə metodu hansılardır?
Xəstəliyin erkən dövrlərində xüsusi sərt kontakt linzalardan istifadə edilir. Ancaq kontakt linzalar xəstəliyin irəliləməsinin qarşısını almır. Xəstəlik irəlilədikcə görmə getdikcə azalır. Bir başqa alternativ müalicə Intra Korneal Ring (INTACS) adlanan, kornea təbəqəsinin içinə halqa yerləşdirmək şəklindədir. Bu, xəstəliyin ağırlaşmasının qarşısını qismən ala bilər. Başqa bir alternativ müalicə kornea nəqli əməliyyatıdır.