İdman sağlamlığımızı möhkəmləndirir, həmçinin xarakterimizi nizamlayır. Bu faydalı xüsusiyyətlərinə görə hələ məktəb vaxtlarımızdan valideynlərimiz və nənələrimiz bizə enerjimizi yenidən bərpa etmək və hər şeyə yenidən başlamaqdan ötrü idmanı məsləhət görürdü. Klivlend universiteti mütəxəssislərinin araşdırmasına görə, idman stresin qarşısını aldığı üçün daim idmanla məşğul olan adamlar özlərindən asılı olmayaraq çox gülümsəyir və əhvalı daima yüksək olur. Bu da ona iş görmək stimulu verir və daha çox pul qazanmaq istəyini artırır. Onların dediyinə görə, özlərinə rəngli idman geyimi və rahat idman ketləri alan insan həftə boyu axşamlar və şənbə-bazar günlərində səhərlər özünə həm də yeni məşğuliyyət tapmış olur. Bununla da o özünə yeni dostlar qazanır, bədənini və zehnini məşq etdirir, daha yaxşı yeyir, daha uzun müddət müsbət harmoniyanı saxlamış olurlar.
Sizi idmanla məşğul olmağa həvəsləndirmək üçün 7 səbəb təqdim edirəm, dəyərləndirəcəyinizə ümid edirəm.
İdman - tanış olmaq üçün ən yaxşı vasitədir
İdman insanları bir-birinə yaxınlaşdırır, belə ki, əksər idman növləri qrup halında olur və bu da yeni çevrə qurmağı, yeni insanlarla ünsiyyətdə olmağa zəmin yaradır. İdmanla məşğul olan insanların əhatəsində siz də sərbəstləşirsiniz, öz fikirlərinizi bölüşürsünüz, sağlamlıq haqqında informasiyalar əldə edirsiniz. Bir də düşünün, siz bəlkə sevginizi elə burdaca tapdınız?! Həm də bu sağlam biri olacaq. Yaxşı olmazdımı?
İdman - səyahət etməyə bəhanə ola bilər
Qeyd etmək lazımdır ki, əgər siz fitneslə məşğul olursunuzsa, bu, bir az çətin olacaq, əgər daha aktiv növü seçsəniz, xarici ölkələrə səyahətiniz reallığa çevrilə bilər. Başqa bir hal da ola bilər. Xizək sürməyi az-çox öyrəndikdən sonra digər qış turizmi olan kurort ölkələrə getmək və öz təcrübənizi artırmaq istəyiniz yaranacaq. Bu, təkcə xizək sürməyə deyil, sörfinqə də aiddir.
İdman yaşlanma əleyhinə vasitədir
Bunu inkar edə bilmərik ki, çox zaman idmanla təkcə gözəl formaya sahib olmaq və başqalarının xoşuna gəlməkdən ötrü məşğul oluruq. Amma bunu da bilməyiniz vacibdir ki, düzgün olunan hər bir fiziki hərəkət orqanizmə yaşlanma əleyhinə təsir göstərir. Belə ki, hüceyrə membranlarının təzələnməsinə stimul verir, maddələr mübadiləsini normallaşdırır ki, bu da ümumilikdə orqanizmin immun sistemini daima saz vəziyyətdə saxlanması deməkdir. İdman təkcə fiziki inkişafa səbəb olmur, o, həm də beyin fəaliyyətini nizamlayır. Kopenhagen universitetinin mütəxəssislərinin araşdırmasına görə əzələlərin daimi məşq etdirilməsi beynin işinin yaxşılaşmasına zəmin yaradır, xüsusilə yaddaşa nəzarət edən hissənin fəaliyyəti aktivləşir. Belə ki, əgər daimi idmanla məşğul olsanız qocalıq və yaddaşsızlıq kimi problemləriniz də qalmayacaq.
İdman - yeni həyat tərziniz ola bilər
İdmanla məşğul olmağa qərar verdiyiniz andan etibarən sizin tərziniz dəyişəcək: ən azı siz özünüzə yeni idman forması və ayaqqabıları alacaqsınız, tez-tez rahat geyinəcəksiniz, məşqçinin dediyi kimi qidalanacaqsınız, sağlam qidalanmaq və sağlam yaşamaq haqqında informasiyalar daha çox almış olacaqsınız və bunu başqaları ilə də bölüşməyə başlayacaqsınız. Bunun nəyi pisdir ki?
İdman öz üzərində çalışmaqdır
Siz artıq idman zalına üzv olmusunuz, ya da sadəcə evdə özünüz üçün idmanla məşğul olmaqdan ötrü hər bir vasitəniz var (yeni idman kostyumu, xüsusi şarlar, qantellər, iplər və s.), amma yenə də başlamağa ərinirsiniz... Bu zaman psixoloji olaraq öz üzərinizdə işləyib bütün mənfi fikirləri bir kənara qoyun, fikrinizi "Məndə hər şey yaxşı alınacaq!" düşüncəsinə cəmləyn. İdmandan sonra özünüz-özünüzü mükafatlandıra bilərsiniz, sevimli bir içkini (çay, kofe, süd və s.) içmək, rəfiqələrlə görüşüb idmanın təsiri barədə fikirlərinizi bölüşmək, ya da öz olimpiyadanızı hazırlamaq kimi ideyalar haqqında düşünə bilərsiniz, sanki həqiqətən idmançısınız və olimpiyada oyunlarına hazırlaşırmış kimi məşq etmək üçün özünüzə stimul verə bilərsiniz.
İdmanla fikirlərinizi cəmləşdirin
Həm idmanın bir çox növlərində, həm də yoqada ümumi bir fikir var, bədənə və ağıla nəzarət etmək. Siz nə edəcəyinizə diqqət etməlisiniz: mən indi hardayam və nə etməliyəm?! Bu zaman siz hərəkətlərinizi və ağlınızı vahid bir prinsipdən ötrü cəmləməlisiniz. Bunun anoloqunu idmandan başqa heç nədə duya bilməzsiniz.
İdman - sağlam qidalanmaya gedən yoldur
Əldə etdiyiniz nəticələr sizin üçün çox vacib olduğundan tədricən qazlı içkilər, şokolad, hamburger kimi qidalar sizin yemək rasionunuzdan çixacaq. Narahat olmayın, ideal sağlam yaşamaq fikri sizdə formalaşıbsa təbii meyvə şirələri və tərəvəz yeməkləri sizin sevimli qidalarınız olacaq!
P.S. Sizi razı sala bildikmi? Bəs siz özünüzü idman etməyə necə həvəsləndirirsiniz? Öz sirrlərinizi şərhlərinizdə bölüşün.