Uzunboylu insanlara həsəd aparırsınız? Amma onlar genetik amillər baxımından o qədər də şanslı olmaya bilərlər. "Cancer Epidemiology, Biomarkers & Prevention" jurnalında dərc edilmiş araşdırmada postmenopauzal qadınlarda uzun boyla xərçəng xəstəliyi arasında əlaqə olduğu irəli sürülür. Qadının boyu uzandıqca bu xəstəliyə tutulma riski artır.
Araşdırmada 50-79 yaşlarda olan 20.900 qadın iştirak edib. Qadınlar boy uzunluqlarına görə 5 qrupa ayırılıb və xərçəngə tutulma riskləri araşdırılıb.
Araşdırmaçılar boyun 10 sm daha uzun olduğu zaman xərçəngə tutulma riskinin 13 % artdığını söyləyiblər. Nəticəyə əsasən, daha uzunboylu qadınlarda döş, yumurtalıq, endometrial və qalın bağırsaq xərçənginə tutulmanın 13-17 % daha çox olduğu aydın olub. Böyrək, rektum və qan xərçənginə tutulma hallarının da 23-29 % çox olduğu söylənib. Bütün xərçəng xəstəliyi növlərinin yaranma riskinin boy uzunluğu ilə düz nisbətdə olduğu aşkar edilib.
Bu bir az qəribə görünsə də, daha öncə aparılan araşdırmalar da eyni nəticəni göstərib. Daha uzunboylu şəxslərin hüceyrə və toxumalarının sayı daha çox olduğundan bu hüceyrələrin anormal şəkildə böyüyüb bədənə zərər verəcək hala gəlməsi ehtimalını artırır.
Mütəxəssislərin sözlərinə görə, boy uzunluğuna təsir edən hormon və ya başqa amillər xərçəngə tutulma riskini artırır. Bu amillərdən bəziləri genetikdir, bəziləri isə ətraf mühit və ya qidalanma ilə əlaqəli ola bilər. Məsələn, daha yaxşı şəraitdə böyümüş qadınlar qidalanmalarına görə daha pis şərtlərdə yaşayan qadınlara nisbətən daha uzun boylu olurlar, ancaq bu da onların xərçəngə tutulma riskini artırır. Boy uzunluğu qidalanma kimi amillərdən təsirlənir, bu amilləri aşkar etmək xəstəliyin qarşısını almaq və ya müalicə etmək üçün faydalı ola bilər.
Mütəxəssislərin sözlərinə görə, bu araşdırma boyu uzun olan hər bir qadının mütləq xərçəngə tutulacağını önə sürmür. Araşdırmada sadəcə bir əlaqə aşkarlandığı qeyd edilir. Və xərçəng kimi kompleks xəstəliklərin böyümə kimi inkişaf müddəti ilə əlaqəli olması çox kiçik bir ehtimaldır.