İnkişaf edən nəqliyyat imkanları və təyyarə səfəri hər kəs üçün artıq ehtiyac halına çevrilib. 10 il bundan əvvəllə müqayisədə indiki dövrümüzdə səfərlərə təyyarə ilə getmək daha sıx hal alıb. Səfərə gedərkən bir çoxlarımız həm vaxtın, həm də yolun uzaqlığı ilə əlaqədər olaraq sağlamlıq problemləri ilə qarşılaşırıq. Təyyarə ilə səfərə çıxdıqda ən çox rastlaşdığımız sağlıq problemlərindən biri təbii ki, qulaqla əlaqədardır. Ən əsası da təyyarə enməyə başladıqda qulaqda enməklə bağlı təzyiq yaranaraq sıxılma başlayır. Bu da tam eşitməyə maneçilik yaradaraq bir sıra qulaq xəstəliklərinin yaranmasına səbəb olur. Statistikalara görə, uşaqların 2/3-də, böyüklərin isə demək olar ki, yarı faizində təyyarə ilə səyahətdən sonra qulaq problemi (yüngül agrılar) yaranır.
Təzyiq problemi:
Təyyarə enərkən fiziki qanunlara görə, orta qulaq boşluğundakı təzyiq sürətlə düşməyə başlayır. Orta qulağa açılan daxili qulaq pərdələri də orta qulağa çəkilir, yəni sıxılma baş verir. Bu təzyiqin düşməsi çox pis fəsadlarla nəticələnə bilər, yəni bu zaman orta qulaqda maye-qan yığılaraq qulaq pərdəsinin deşilməsinə, eşitmə itkisinə, baş gicəllənməsinə, qulaq ağrılarının yaranmasına səbəb ola bilər. Orta qulaqdakı təzyiqi tarazlamaq üçün mütləqdir ki, saqqız çeynənilsin, əsnəmə hərəkətləri edilsin. Çünki bu hərəkətlər qulaq borusunu açacaq.
Xroniki burun tıxanıqlığında (xroniki sinüzit və s.), qulaq xəstəliklərində (qulaq kiri, xroniki qulaq təzyiqi balanssızlığı və s.), burun allergiyası, üst tənəffüs yolu infeksiyaları (soyuqdəymə, qrip) hallarında ilk öncə təyyarəylə səfər çıxmazdan əvvəl həkimdən keçmək mütləqdir. Hamilə qadınlarda, boğazında, tənəffüs yolunda ət olan uşaqlarda təyyarə ilə səfər etmək çox risklidir.
Tədbirlər:
Üst tənəffüs yolu infeksiyası varsa, təyyarəyə minməyin. Təyyarəyə minmədən və enişdən 30-45 dəqiqə əvvəl burun-boğaz spreylərindən və ya həblərindən istifadə edin, təbii ki, həkim məsləhəti ilə. Saqqız çeynəyərək, əsnəmə hərəkəti edərək qulağın hərəkət etməsinə kömək olacaqsınız. Bunu nə qədər tez etsəniz və çox təkrarlasanız, vəziyyətinizin pisləşməsinin qarşısını ala bilərsiniz. Burnunuzu əlinizlə tutub ağzınızdan nəfəs alın, daha sonra 5-6 saniyə ağzınızı da tutub nəfəsinizi tənzimləyə bilərsiniz, yəni bu zaman qulaqlarınız açılacaq - bu hərəkətə valvala deyilir. Qulaq əməliyyatı keçirmisinizsə, mütləq həkiminizlə məsləhətləşməlisiniz, əgər icazə versə, o zaman təyyarəyə minə bilərsiniz.