Mütəxəssislər tətildə gediləcək yerlər, nəqliyyat növləri, qalacağınız otel və ya ev seçiminə diqqətlə yanaşmağı tövsiyə edirlər. Onlar astma xəstələrinin tətildə nə etmələri haqda məlumat veriblər.
Tətil üçün bütün məsələlər əvvəlcədən planlanlaşdırılmalıdır. Astma və allergiya xəstələri tətilə çıxmazdan əvvəl bütün riskləri göz önünə almalı, qalacaq yer barəsində diqqətli olmalıdırlar. Havası çirkli olmayan, tozun çox olmadığı və yüksək nəmişliyə mailk olmayan yerlər seçilməlidir. Maşınla gedərkən kondisionerdən istifadə edilməli, təyyarəylə səfər edənlər isə nəfəs açıcı dərmanlarını yanlarından ayırmamalıdırlar. Səfərdə avtomobildən istifadə ediləcəksə, şüşələri açmaq əvəzinə kondisionerdən istifadə edilməsi daha uyğundur. Ancaq avtomobil kondisonerlərinin təmizliyinə fikir verilməlidir. Avtomobilə minməzdən təxminən 10 dəqiqə əvvəl kondisioneri yandırmaq və sonra avtomobilə minmək lazımdır. Bundan başqa, günün çox isti saatlarında avtomobillə səfər etmək məsləhət deyil.
Ev tozuna qarşı allergiyası olanlar üçün otel otağının xalça ilə örtülü olması təhlükəlidir. Mümkündürsə, xalça ilə örtülü olmayan otaqlar seçilməlidir. Bundan başqa, otağın ventilyasiya sistemi yüksək keyfiyyətdə olmalıdır.
Hovuz suyundakı xlor xüsusilə allergik astma xəstələrində nəfəs darlığını qıcıqlandıran amil ola bilər. Həm də xlor dəridə və gözdə də yanma, qızarma, qaşıntı kimi allergik reaksiyalara yol aça bilər. Hovuzdan çıxdıqdan dərhal sonra duş alınması vacibdir.
Günəş allergiyası yay tətilinin başlıca problemlərindən biridir. Günəş dəridə və gözdə reaksiya yarada bilər. Buna görə də saat 10:00-16:00 arasında günəşə çıxmamaq, günəş gözlüyü və papaqdan istifadə etmək, kremlərlə dərini qorumaq əhəmiyyətlidir. Astma xəstələrinə üzmə və yürüş kimi idman növləri ilə günəşin çox qaynar olduğu saatlarda məşğul olmamaq tövsiyə edilir. Astma və allergiya xəstələrinin çoxu yay dövründə xəstəlikləri yüngülləşdiyi üçün dərmanlarına laqeyd yanaşırlar. Ancaq diqqət edilməzsə, allergiya və astma yay tətilində sürətlə inkişaf edə bilər. Rahat bir tətil keçirə bilmək üçün bütün tədbirlər görülməli və lazım olan dərmanların nizamlı istifadə edilməsi böyük əhəmiyyət daşımalıdır. Tətildən əvvəl astma və allergiya xəstələrinin etməsi lazım olan ən əhəmiyyətli hazırlıq təcili vəziyyətdə istifadə ediləcək dərmanların, dəri, burun və göz allergiyaları üçün istifadə edilən krem ​​və damcıların mütləq əvvəlcədən hazırlanaraq çantaya yerləşdirilməsidir.