Astma, nəfəs yollarında daralmalar və xüsusilə tənəffüs yollarında iltihabla müşahidə olunan xəstəlikdir. Bu xəstəlik tənəffüs yollarında olan iltihab nəticəsində əmələ gəlir. Astma tutmaları zamanı tənəffüs yolları əzələləri, selikli qişası şişkin və gərgin olur. Bu, bronxlarla keçən havanın həcmini azaldır və quru xırıltıların əmələ gəlməsinə səbəb olur. Xəstəliyə gənclərdə və hətta uşaqlarda rast gəlinir. Nəzarətsiz astma xəstəliyi onun daşıyıcısının həyat tərzinə xeyli zərər verir.
İdmanla bağlı olan astma fiziki fəaliyyətlər əsasında özünü göstərən astma xəstəliyidir. Xəstələr xüsusilə idman hərəkətləri zamanı astma tutmaları baş verdiyini, bunun xaricində rahat olduqlarını deyirlər. Belə şəxslərin soyuq və quru havada idman zamanı şikayətləri artır. Açıq havada edilən idman hərəkətləri zamanı əgər hava çirklidirsə, ya da o anda havada allergik yük (polenlər və ya kif göbələkləri) çoxdursa, xəstələr astma tutmalarına məruz qalır. Eyni zamanda xəstələr virus infeksiyalarının bol olduğu hava ilə, ya da kondisionerli otağın havası ilə nəfəs alarsa astma tutmaları baş verə bilər.
İdmanla bağlı olan astma əlamətləri bu cür qeyd edilir:
* Xırıltılı tənəffüs
* Öskürək
* Nəfəs darlığı
* Sinədə sıxılma hissi
* Yorğunluq
* İdman fəaliyyətinin azalması
İdmanla bağlı olan astmanı idarəsi etmək üçün xəstə ilə həkim ciddi əməkdaşlıq etməlidirlər. Astmanı qıcıqlandıran səbəblərin dəqiq təyin edilməsi xəstənin müşahidəsi və həkimin təcrübəsindən asılıdır. Vaxtında təyin edilərsə, müalicə daha asan olar. Ən təsirli müalicə qoruyucu müalicədir. Yəni xəstənin astma tutmalarına səbəb olan təsirlərdən zamanında uzaq dayanmasıdır. Bundan əlavə, gələcəkdə rastlana biləcək tutmalardan tez qurtulmaq üsullarını bilməlidir. Bu üsulları həkim xəstəsinə izah etməlidir.
Xəstələrdə tibbi müalicəyə nəzarət etmiş olsaq, əslində astma xəstələrinin digər xəstələrdən heç də fərqli bir müalicə almadıqlarını müşahidə etmiş olarıq.
İdmanla bağlı olan astma üçün ən uyğun müalicə bu xəstələrdə astma dərmanlarının zamanında, nizamlı və dozasında istifadə edilməsidir. Xəstəliyin tam nəzarət altında tutulmasına və lazım gələrsə, idman fəaliyyətindən əvvəl tez təsir edən preparatlardan istifadə edilməsi mümkündür.
Astmalı xəstələrin məşq zamanı sıxılmaları varsa, hər hansı bir dərmandan istifadə etməzdən əvvəl həkimə müraciət etmələri vacibdir.
Astmanı qıcıqlandıran səbəblər hansılardır?
İdmanla bağlı olan astmanı qıcıqlandıran faktorların təyin edilməsi vacibdir. Məsələn: soyuq və quru havada idman edərkən qıcıqlanma baş verə bilər. Belə insanların idman fəaliyyətlərini qapalı məkanlarda etməsi, ya da idman edərkən sadə bir ağız maskasından istifadə etmələri tutmaların qarşısını ala bilər.
Bundan əlavə, havanın çirkliliyinin və ya havadakı toz və dumanın çox olduğu saatlarda çöldə edilən məşqlərdən imtina etmək vacibdir. Toz və dumanlı hava əsasən bahar aylarında - şəfəq vaxtı və axşam saat 16:00-17:00 arası daha çox müşahidə olunur. Bu saatlarda açıq havada idman etməkdən ehtiyat etmək lazımdır. Xəstə əgər ciddi fiziki yorğunluq hiss edirsə, bu vəziyyət düzələnə qədər idman fəaliyyətlərindən uzaq dayanması daha məqsədəuyğundur.
Fiziki cəhətdən sağlam olan insanlarda astma tutmaları daha zəif olur. Ümumiyyətlə, müalicə alan astma xəstələrinin açıq havada idman etmələrinin qorxusu yoxdur. Ancaq xəstələr yenə də bu mövzuda mütləq həkimləri ilə məsləhətləşməlidirlər.
İdman edərkən astma tutmaları olarsa, nə etməli?
Hər cür tədbirə və məşq proqramına baxmayaraq, yenidən astma əlamətləri baş verirsə, aşağıdakıları etməlisiniz:
1. Bütün idman fəaliyyətini dərhal dayandırıb, sakit olmağa çalışın.
2. Astmanı qıcıqlandıracaq şəraitdən (tüstü, toz, soyuq hava və s. kimi) sürətlə uzaqlaşın.
3. Yanınızda qısa, ya da uzun təsirli bronxaçıcı dərmanınız varsa, həkiminizin məslət etdiyi dozada istifadə edin.
4. Eyni zamanda belə xəstələr siqaret tüstüsundən və sənaye tüstülərindən də uzaq olmalıdır.
5. Gördüyünüz bütün tədbirlərə baxmayaraq hələ də sıxılma davam edərsə, ən yaxın sağlamlıq mərkəzinə müraciət edin.
İdmanla bağlı olan astma xəstəsi olmaq əsla sizi idmandan uzaqlaşdırmamalıdır. Belə xəstələr də həyatlarını normal olaraq yaşaya bilərlər. Yetər ki, həkiminizin nəzarəti altında olun.