Qadin.NET / Herpes virusu

Herpes virusu

Herpes virusu

Dünyada mövcud olan orqanizmlərin böyük əksəriyyəti hüceyrə quruluşuna malikdir və yalnız viruslar bunlardan məhrumdur. Virusları fərqləndirən əsas cəhət yalnız bir növ nuklein turşusunun olmasıdır (DNT və ya RNT), halbuki bütün orqanizmlər, hətta ən sadə bakteriyalar belə həm DNT, həm də RNT tərkiblidirlər. Eyni zamanda viruslar çox az fermentə malikdirlər və özlərində maddələr mübadiləsi getmir. Artıb çoxalmaq üçün yoluxduqları hüceyrənin ferment və enerjisindən istifadə edirlər. Yalnız hüceyrə daxili parazitizmə malikdirlər. Yuxarıda qeyd etdiyimiz nuklein turşusu (DNT və RNT) virusun genetik məlumat daşıyıcısıdır.

Virusların diqqətə layiq xüsusiyyətlərindən biri də odur ki, bütün bakteriyaların çoxalması üçün münbit şərait sayılan ən qidalı mühitdə belə artıb çoxalmırlar. Onların aktivləşməsi və çoxalması üçün mütləq canlı hüceyrə lazımdır.

Viruslar insanlarda bir çox xəstəliklərə səbəb olurlar: paratit, qrip, poliomielit, herpes, sitomeqalovirus (SMV), sarı qızdırma, İİV, bəzi onkoloji və bir çox başqa patologiyalar. Daha sonra bu xəstəliklər haqqında ətraflı məlumat veriləcək. Alimlər müəyyən etmişdir ki, insan orqanizmində bir çox virus var, lakin onların xəstəlik törətməsi üçün immunitetin zəifləməsi lazımdır.

Bəs virusa yoluxma yolları hansıdır?

Dəridən (həşərat dişləməsi), ağız suyu yolları, selikli qişalardan, qandan, cinsi və s. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən, infeksion xəstəliklərin çoxu viruslar tərəfindən törədilir. İnsan populyasiyası müxtəlif törədicilərə yoluxma, onların orqanizmdə törətdiyi fəsadların səviyyəsinə görə immunogenetik xüsusiyyətlər baxımından fərqlənirlər. İmmunogenetikanın “qızıl qanunu” bunu təsdiq edir. Məlumdur ki, insanda xüsusi individual genlər var, o genlər konkret virusun patogenliyinə cavabdehdir. Məhz bu səbəbdən eyni yoluxma insanlarda fərqli klinika ilə təzahür edir. Virus infeksiyalarının bu individual xarakteri məhşur bir qayda formalaşdırıb. Xəstəliyi deyil, xəstəni müalicə etmək lazımdır.

Daha çox yayılan virus infeksiyalarından herpeslərin insan üçün patogenliyini araşdıraq.

Herpes virusu

Herpes 

Bu viruslar ailəsi 90-dan çox insan və heyvan orqanizmi üçün patogen olan növə malikdir. İnsanlar üçün əsasən herpes 1-2 (sadə herpes) Varisela Zoster (su çiçəyi), infeksion mononukleoz, SMV (sitomeqalovirus), herpes-6-7 (daimi yorğunluq sindromu), herpes-8 (Kapoşi sarkoması) və s. olur.

Herpes (yunanca sürünən) hələ bizim eradan əvvəl Heradot tərəfindən təsvir olunub. Fransız həkimi Y.Artur 1731-ci ildə genital herpeslərin klinikasını təsvir etmişdi. Sonrakı tədqiqatlar müxtəlif serotiplərin mövcudluğunu aşkarladı. Herpes ömür boyu xroniki formada orqanizmdə qalan infeksiyadır. Buna səbəb digər infeksion törədicilərdə olduğu kimi virusun orqanizmin müdafiə baryerindən yayınma qabiliyyəti və immun sistemin virusa müqavimət göstərə bilməməsidir. Herpes ən qədim infeksiyadır və ən müasir sivilizasiya xəstəliyidir. Yoluxma adətən digər infeksiyalara uyğundur. 

Herpes infeksiyaları zamanı interferon defisiti

Bu proses xəstəliyin klinik gedişində mühüm rol oynayır. Belə ki, sinir qanqlionlarında latent olan virus provakasiyaedici faktorların təsiri nəticəsində üzə çıxır. Bunlar soyuqdəymə, çox günəşlənmə, fiziki yorğunluq, stress, immun sistemin zəifləməsi, hormonal preparatların qəbulu və s.-dir. Diaqnostikasına gəldikdə virusun aşkarlanması PZR (metodu ilə) və immun İFA (İgM, İgG) metodlarına əsasən aparılır. Müalicəsi də yəqin ki, hamını maraqlandırır. Amma bilməliyik ki, virus əleyhinə preparatlar yalnız artmaqda olan Herpes viruslarına təsir edir, latent formada sinir qanqlionlarında olanlara deyil. Yəni hər hansı pasient herpesləri heç bir klinik təzahür olmadan yoxladıb aşkarlayarsa, virus əleyhinə deyil, immunitetin aktivləşməsinə aid terapiya almalıdır.

9 dekabr 2013
GO BACK